''Qalatasaray''ın və Osimhenin seriyası davam etdi - uduzmayan komanda qalmadı

10.10.2026 16:53 36
Dünya futbolu
Türkiyə çempionatında 7-ci tura start verildi. Açılış oyununda ''Qalatasaray'' tura yeganə məğlubiyyətsiz komanda statusunda daxil olan ''Kasımpaşa''nı qəbul etdi.

Proqnozlaşdırıldığı kimi bu matçdan sonra Əmrə Belözoğlunun komandası bu statusu itirdi və superliqada uduzmayan komanda qalmadı. Amma oyun son çempion üçün heç də asan keçmədi. Meydan sahibləri Əbdülkərim Bardakcının qolu ilə fasiləyə üstün yollandılar. Təcrübəli müdafiəçi superliqa karyerasında ilk dəfə ardıcıl iki ev oyununda qol vurdu.

İkinci hissədə vəziyyət dəyişdi. 65-ci dəqiqədə komandasını azlıqda qoyan Lukas Torreyra Türkiyə karyerasında ilk dəfə qırmızı vərəqə aldı. Bu azmış kimi çox keçmədən Jesuran Rak-Saki ''Kasımpaşa''nın bərabərlik qolunu vurdu. Amma azlıqda oynamasına baxmayaraq rəqibini böyük təzyiq altında saxlayan və Viktor Osimhenin meydana çıxması ilə hücumda bir qədər də fəallaşan ''Qalatasaray'' oyunun sonlarında rəqibi ''ağ bayraq'' qaldırmağa vadar etdi. 90-cı dəqiqədə Barış Alpər Yılmaz qələbə qolunun müəllifi oldusa yekun nəticəni əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə Osimhenin ötürməsi ilə Mario Lemina müəyyənləşdirdi.

Tura 2-ci pillədə daxil olan və ən azı bir günlük liderliyə yüksələn ''Cim-Bom''un Türkiyə çempionatı çərçivəsində evdə təxminən 2,5 ildi, davam edən məğlubiyyətsiz seriyası 39 oyuna çatdı (31 qələbə, 8 heç-heçə). Eləcə də zədədən qayıdan kimi komandasına fayda verən Osimhenin də inanılmaz seriyası davam etdi. Belə ki, nigeriyalı ulduz superliqada iştirak etdiyi ardıcıl 17-ci qarşılaşmada aktivinə məhsuldar hərəkət yazaraq özünə məxsus rekordu bir qədər də yaxşılaşdırdı.