Valdauskasla yanaşı, “Sabah”ın daha bir üzvü diqqətləri üzərinə çəkməyi bacarıb. Polşalı Timoteuş Puxaçın hər kəs sevincini çılğınlıqla qeyd edərkən sakit bir küncə çəkilməsi, orda telefonla danışa-danışa göz yaşı axıtması hamını təsirləndirib. Həmin o möhtəşəm futbol gecəsində Puxaçla bağlı təsirli məqam təkcə bu epizod deyildi. Tellur Mütəllimovun qol vurduğu epizodda künc zərbəsindən topu havalandıran polşalı qolu bayram edəndən sonra üzüqoylu yerdə qalır, qolun qeyd edilməsi üçün yaranan fasilədən nəfəsini dərmək üçün yararlanır. Cinahboyu irəli-geri qaçan, komandasının uğuru üçün sözün həqiqi mənasında meydanda can qoyan Puxaçın xeyli güc sərf etdiyi bu məqamda çox aydın görünür. Amma o dayanmır, son gücünü toplayır, əsl qəhrəmanlar kimi davranır.
Sonradan biləcəyik ki, möhtəşəm qələbədən sonra Puxaçın kövlərlməsi, göz yaşlarına hakim ola bilməməsi heç də səbəbsiz deyilmiş. Bu barədə danışan müdafiəçi bildirib ki, bir il əvvəl “Sabah”a keçərkən onun ünvanına səsləndirilən tənqidlər də həmin anda keçirdiyi hisslərə təsir edib:
“Bunu təsvir etmək çətindi. Həmin an nə hiss etdiyimi bilmirəm. Bu, arzunun gerçəkləşməsi idi, amma eyni zamanda bir il əvvəl başverənlərə də cavab idi. “Sabah”a keçidimdən, demək olar ki, düz bir il ötüb. İnternetdə haqqımda xoşagəlməz fikirlər görürdüm. Yazırdılar ki, artıq peşəkar futbolçu deyiləm, məni ciddi qəbul etmək olmaz”.
Çox istərdim ki, Puxaçın həyat hekayəsini azərbaycanlı idmançılar, xüsusən də voleybol yığmamızın kapitanı Ayşən Abduləzimova da oxusun. Bizimkilər də görsünlər ki, əsl peşəkar idmançı necə olmalıdı. Ayşən xanım yetərincə bacarıqlı və təcrübəli idmançıdı. Mənim ona ağıl vermək, yol göstərmək fikrim yoxdu. Amma öyrənmək heç vaxt gec deyil. Puxaç bir il bundan əvvəl onu “futboldan silənlərə” mikrofon önündə cavab verib, həvəsdən düşsəydi, indi “Sabah”la Çempionlar Liqasında tarix yaza bilməyəcəkdi. Başını aşağı salıb, işini gördü və hər şeyi meydanda sübut etməyi bacardı. Təəssüf ki, Ayşən xanım Puxaç qədər əzmkar və peşəkar deyil, onu tənqid edənlərin cavabını voleybol meydanında yox, mikrofonlar önündə verməyə çalışır.
Bakıda keçirilən voleybol üzrə Avropa çempionatı başlayandan Abduləzimova barədə danışılır. Hər qələbədən sonra mikrofonlar önünə keçib, onu tənqid edənlərə söz atmağa başladı. Gah azarkeşlərə, gah da mətbuat nümayəndələrinə mesaj göndərdi, xalqımızın voleyboldan baş çıxarmadığını dedi. İş o yerə gəlib çatdı ki, Belçikaya məğlubiyyətdən sonra miks zonadan jurnalist qovdurmağa çalışdı. Sözün düzü, heç yaraşdırmadım. Bunun adı qaşınmayan yerdən qan çıxarmaqdı. Kimsə Ayşən Abduləzimovadan və onun komanda yoldaşlarından Avropa çempionu olmağı tələb etmir. Çətinlikləri, problemləri, səviyyə fərqini biz də bilirik. Azərbaycanı bacardığınız səviyyədə, gücünüzün yetdiyi qədər təmsil edin, Ayşən xanım. Məğlub olanda da başınızı dik tutub, gələcəkdə daha yaxşı olacağını deyin. Bu boyda həngaməyə, jurnalistləri və azarkeşləri hədəfə alıb, hamını özünüzə qarşı çevirməyə nə gərək vardı, Ayşən xanım?!
AMAL






