“Məncə, bu il liqada səviyyə ötən mövsümlə müqayisədə daha yüksəkdi” - Ərən Aydın

24.08.2026 15:31 3
Aktual / Müsahibə
Premyer-liqanın 2-ci turunda “Zirə” evdə “İmişli”ni məğlub etdi - 3:1.

Matçdan sonra “qartallar”ın türkiyəli oyunçusu Ərən Aydın jurnalistlərin suallarını cavabladı.

- Əvvəlcə oyunla bağlı düşüncələrini öyrənmək istərdik…
- Çox yaxşı mübarizə apardığımızı düşünürəm. Konfrans Liqasına da yaxşı başlamışdıq. “Payde”yə qarşı çox yaxşı oynasaq da, təəssüf ki, mübarizəni dayandırdıq. Bu gün də yaxşı oynadığımızı düşünürəm. “Şəfa” ilə oyunda da yaxşı çıxış etmişdik. Çox yaxşı başladıq. Rəqib komandanın nələri yaxşı etdiyini və hansı çatışmazlıqlarının olduğunu bilirdik. Topa zərbələrdə yaxşı olduqlarını bilirdik. Məşqçimiz bizi bütün həftə ərzində çox yaxşı hazırlamışdı. Əlimizdən gələn qədər mübarizə apardıq. Mən öz adıma danışsam, oyunda qol vurmaqdan əlavə, digər epizodlarda da fərqlənməliydim. Bunun üzərində çalışıb, özümü inkişaf etdirmək istəyirəm.

- Qolundan danışdın. Bəs həmin qolu vura biləcəyini düşünürdün, yoxsa ötürmə vermək istəyirdin?
- Bir az fərqli epizod idi. Daha çox asma etmək fikrindəydim, amma top qapıya getdi. Düşünürəm ki, yaxşı qol alındı.

- “Şəfa”, yoxsa “İmişli” daha çətin rəqib idi?
- Məncə, bu il liqada səviyyə ötən mövsümlə müqayisədə daha yüksəkdi. Çox yaxşı rəqiblər var. Bu mövsümün asan keçəcəyini düşünmürəm. Hər oyun çətin keçir. İndi rəqib seçmək olmaz. Gələn həftə “Neftçi” ilə oyunumuz var. Qarşıda daha dörd çətin matçımız var. Əlimizdən gələn ən yaxşı mübarizəni göstərib, ən yaxşı şəkildə oynamaq istəyirik.

- Həm avrokuboklarda, həm də liqada Rəşad Sadıqov sənə start heyətində şans verir. Mövqeyini necə qoruyacaqsan?
- Mən bunun üçün burdayam. Əlimdən gələn qədər qol və məhsuldar ötürmə etmək, komandaya töhfə vermək istəyirəm. Rəşad müəllimin mənə olan etimadını doğrultmaq istəyirəm. Əlbəttə, belə davam etmək istəyirəm. Allahın izni ilə belə də davam edəcəyəm.

- Liqada şəxsi hədəflərin nələrdi?
- Bacardığım qədər çox qol vurub, komandaya töhfə vermək istəyirəm. Konkret müəyyən etdiyim qol sayı yoxdu.

- Təklif gəlsə, Azərbaycan millisində oynamaq istəyərdin?
- Əlbəttə. Azərbaycan mənim üçün Türkiyə kimidi. Çünki burda özümü çox rahat hiss edirəm. Bakıda özümü İstanbuldakı kimi hiss edirəm. Hamı türkcə danışır və hər kəslə yaxşı ünsiyyət qura bilirəm. Bizi - türkləri burda çox yaxşı qarşılayırlar. Ona görə də belə bir təklif olsa, məmnuniyyətlə qarşılayaram.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul