"Ben Qurion"da çalışanların tətili “Hapoel”in planlarını pozdu - Bakıya 1900 yəhudi azarkeş gələcək

22.08.2026 10:39 16
Manşet / Avrokuboklar
Etiraf edək ki, "Hapoel" - "Sabah" matçının favoriti Beer-Şeva təmsilçisi idi. Axı rəqib xüsusən də avrokubok təcrübəsi baxımından "bayquşlar"dan bir addım öndədi. Sadəcə, Masazır təmsilçisinin təsnifat mərhələlərində qazandığı uğurlar Buxarest səfərindən də ən azı heç-heçə ilə dönə biləcəyi yönündə fikirlər formalaşdırmışdı. Alınmadı və təbii ki, nəticəyə görə hər birimiz məyus olduq. Səbəblər haqda danışmışıq və danışacağıq.

Bəs, İsrail mətbuatında matçın nəticəsinə necə yanaşır? Bu sual cavab tapmaq üçün bu ölkənin aparıcı idman mətbuatında yer alan yazılara nəzər salaq.

"Hapoel" üçün sehrli gecə
"One": "Hapoel" böyük və tarixi oyunlardan birini geridə qoydu. Söhbətin nədən getdiyini anlamağınız üçün bu gecəni necə adlandıraq? Sehrli? Bəli, gecə "Hapoel" üçün uğursuz başladı. Daha doğrusu, "Sabah" artıq 6-cı dəqiqədə hesabı açmağa müvəffəq oldu. Xoşbəxtlikdən "qırmızılar" ruhdan düşmədi və tədricən oyuna nəzarəti ələ ala bildi. İlk qol 43-cü dəqiqədə vuruldu. İkinci hissəyə daha istəkli, cəsarətli başlayan komandamız qələbə qoluna da imza ata bildi. İndi "Hapoel"i tarix yazmaqdan cəmi 90 dəqiqə ayırır. Çünki ilk matç komanda üçün yetərincə uğurlu keçdi. 2:1 hesablı qələbə Bakıya dəyərli üstünlüklə yollanmaq üçün qaneedicidi. İndi heç-heçə belə çox əhəmiyyətli uğur qazanmaq üçün kifayət edəcək. Xatırladaq ki, "Hapoel" əvvəllər də Çempionlar Liqasının əsas mərhələsinin biraddımlığına qədər gəlib. Ancaq "qırmızılar"  2016-cı ildə "Seltik"lə, bundan cəmi bir il sonra isə "Maribor"la bacarmadığı üçün pley-off mərhələsində mübarizəni dayandırıb".

"Hapoel" Rumıniyada bir gün itirdi!
"Sport5.co.il": "Dünən gecə qazandığı mühüm qələbə sayəsində Çempionlar Liqasının liqa mərhələsinə bir addım da yaxınlaşan “Hapoel" Rumıniyada çıxılmaz vəziyyətdə qalıb. Oyundan sonra İsrailə qayıtmaq üçün təyyarəyə minən komanda qısa müddətdə nəqliyyat vasitəsini tərk etməli olub. Buna təyyarənin eniş etməli olduğu "Ben Qurion" hava limanının işçilərinin ağır iş rejimi üzündən tətil elan etməsi səbəb olub. Belədə futbolçular təyyarədən endirilib. Bir neçə saat sonra vəziyyətin sabitləşdiyi haqda xəbər gəldi və futbolçular yenidən nəqliyyat vasitəsinə əyləşərək İsrailə yola düşdü".

"Hapoel" dişi-dırnağı ilə qələbə qazandı
Avişay Sela (idman jurnalisti): "Hapoel" cazibədar, parlaq, amma möhtəşəm olmayan qələbə qazandı. Təsəvvür edin, komandada Beer-Şevadan olan heç kim yoxdu. Ancaq bu cür performansı məhz Beer-Şevadan olan futbolçular sərgiləyə bilərdi. Bəs, kollektiv niyə möhtəşəm oynamadı? Əksər epizodlarda hücumlarda çox qeyri-dəqiq çıxış etdilər, müdafiə xəttində dəfələrlə diqqətsiz oldular. Məncə, "Hapoel" meydana futbol oynamaq yox, qələbə qazanmaq üçün çıxmışdı. Axı hamı yaxşı bilir ki, bu iki məsələ heç də həmişə üst-üstə düşmür. Cavab matçı daha çətin olacaq. Buna zərrə qədər şübhə etmirəm. Ancaq cütün taleyini xırda məqamlar həll edəcək. Biz isə "qırmızılar"a güvənməliyik. Yayın əvvəlində kim deyə bilərdi ki, "Hapoel" Çempionlar Liqasının liqa mərhələsinə bu qədər yaxın olacaq? Hər şey boz idi. Heyətdə ulduz futbolçular yoxdu, matçların hamısı səfərdə keçirilir. "Hapoel" dişi-dırnağı ilə qələbə qazandı. Lakin belədə "Sabah"ı keçdiyimizi düşünə bilmərik. Rəqib çox "çətin qozdu". Klubun 9 yaşı var. Gəncdi. Avrokuboklarda adını çox eşitməmişik. Ən əsası, top-futbol ölkəsini komandası deyil. Amma arxayınlaşmaq olmaz. Axı Bakıdakı matçın final fiti çalınanda sevinmək, xoşbəxt olmaq istəyirik!"

Maraq üçün qeyd edək ki, "Sport 5" nəşri Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçında israilli azarkeşlər üçün ayrılan bilet sayı haqda bilgi də əldə edib. Həmkarlarımız "Hapoel" tərəfindən qonaq tərəfdarlar üçün 1900 bilet sifariş edildiyini yazıb. Həmçinin rəqib komanda ölkəmizə bu gün gələcək.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul