Azərbaycan futbolundan söz düşəndə, dərhal yada düşən komandalaran biri də “Neftçi”di. Sonuncu dəfə 5 il əvvəl çempion olan “ağ-qaralar” indiyə qədər “Qarabağ”ın hegemonluğuna dözməliydisə, artıq “Sabah” da var. Litvadan bir mütəxəssis gəldi və yerli, əcnəbi – bütün mütəxəssislərə “əlcək atdı”. Elə “Neftçi”nin “sükanı arxasında” da əcnəbi dayanıb. Ukraynalı Yuri Vernidub Sloveniya toplanışı zamanı keçirilən hər yoxlama oyunundan sonra işlərin qaydasında olduğunu, komandanın gücləndiyini deyir.
4 oyunun yalnız birində qələbə qazanan, tezliklə Konfrans Liqasında oynayacaq “ağ-qaralar” doğrudanmı güclənib. Ən azı şübhə etməyə haqqımız var!
Komandanı avrokuboklara daşıyan 6 oyunçu ilə yollar ayrılıb. Düzdü, bu uğurda onların hər biri eyni dərəcədə rol oynamayıb. Amma gedənləri yalnız 4 futbolçu əvəzləyib - Rüfət Abbasov, Qustavo Klisman, Endryu Qravilyon, Lyubomir Tupta. Freddi Varqasla bağlı problem hələ həllini tapmayıb. Lap tapsa da belə, onun heç bir yoxlama oyununda iştirak etməməsi, yenilərlə oyun əlaqələrinin formalaşmaması yaxşı heç nə vəd etmir. 90 illiyində çempionluğu hədəf götürən klub bu gün üçün yetərincə ləng davranır. Lənglikdən söz düşmüşkən... “Neftçi” Konfrans Liqasında iştirak ərizəsini iyulun 17-si, saat 23.59-a qədər tədqim etməlidi. Heç olmasa, Varqası ərizəyə sala bilsəydilər... Varqas, ver qaz!
İSRAYIL XEYRULLAYEV