''Beşiktaş'' tarixində belə qırmızı vərəqə olmamışdı!

8.04.2025 13:53 11
Dünya futbolu
Türkiyə çempionatının 30-cu turunda ''Beşiktaş'' ''Kasımpaşa''nın qonağı oldu. İstanbul nəhəngi son 3 superliqa matçında bu rəqibə uduzmuşdu. ''Ağ-qaralar'' qalib gələ bilməsələr də, ən azı bu uğursuz seriyaya son qoydular.

''Kasımpaşa''nın 14-cü dəqiqədə vurduğu qola 90-cı dəqiqədə Jedson Fernandeş penaltidən cavab verdi və oyun 1:1-lik bərabərliklə yekunlaşdı. Qeyd edək ki, ''Qartal'' oyunun böyük hissəsini azlıqda keçirməli oldu. Tayyip Talha Sanuç fasilə ərəfəsində yol verdiyi kobudluğa görə əvvəlcə sarı vərəqə alsa da, VAR-ın işə qarışmasından sonra hakim sarı vərəqəni qırmızı vərəqə ilə əvəzlədi. 25 yaşlı futbolçu 4 gün öncə ölkə kubokunun 1/4 finalında ''Göztəpə'' ilə oyunda da ilk yarı tamam olmadan qırmızı vərəqə almışdı.

Beləcə Tayyip Talha ardıcıl iki rəsmi oyunda meydandan qovulmaqla unikal bir göstəriciyə nail oldu. Amma onun sonuncu qırmızı vərəqəsini xüsusi edən daha bir amil var. Bu futbolçu ''Kasımpaşa'' ilə qarşılaşmada əsas heyətdə deyildi. O, meydana 17-ci dəqiqədə zədələnən Əmirhan Topçunun əvəzinə daxil oldu. Tayyip Talha Sanuç bununla da ''Beşiktaş'' tarixində sonradan meydana çıxdığı superliqa matçının ilk hissəsində qırmızı vərəqə alan ilk futbolçu oldu! Maraqlıdı ki, bu müdafiəçi cari mövsümə qədər peşəkar karyerasında cəmi 1 dəfə meydandan qovulmuşdusa, son 4 ayda artıq 3 dəfə qırmızı vərəqə alıb. Tayyip Talha dekabrda 16-cı tur çərçivəsində ''Adana Dəmirspor''la səfər oyununda (1:2) da ''qızarmışdı''.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul