Avram tarixə düşdü

16.12.2024 14:53 310
Ölkə futbolu
“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram ölkə çempionatları tarixinə düşüb.

"Football-plus.az" xəbər verir ki, o, Bəynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına düşmək üçün zəruri olan 660 quru dəqiqə səddini geridə qoyub. Onun Misli premyer-liqasındakı quru seriyası 17-ci turda qırılıb. Moldovalı legioner qapısını ümumilikdə 677 dəqiqə toxunulmaz saxlayıb.

Oktyabrın 26-da 11-ci turun “Zirə” ilə səfər oyununun 30-cu dəqiqəsində Giorgi Papunaşvilinin vurduğu qoldan sonra Avram ardıcıl 6 görüşü quru keçirib. O, “Neftçi”, “Zirə”, “Sumqayıt” (hər üçü 1:0), “Kəpəz” (2:0), “Turan Tovuz” (1:0) və “Səbail”lə (1:0) qarşılaşmalarda qol buraxmayıb.

17-ci turun “Sabah”la görüşünün 78-ci dəqiqəsində fərqlənən Coy-Lens Mikels komandasına 1:0 hesablı qələbə qazandırmaqla Avramın seriyasını qırıb.

Bu, ölkə çempionatları tarixində ən azı 660 dəqiqə davam edən 21-ci quru seriyadı. Avram 677 dəqiqəlik seriya ilə siyahıda 20-ci göstəriciyə malikdi.