"Kəpəz" Misli premyer-liqasının 10-cu turunda "Qarabağ"a uduzdu - 0:5.
"Football-plus az" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "sarı-göylər"in baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavabladı.
Bizi gərgin oyunun gözlədiyini bilirdik. İstəyirdim ki, komandam rəqibdən çəkinməsin. Sona qədər mübarizə aparsın. Birinci hissədə buna müəyyən mənada nail ola bildik. Çatışmayan cəhətlərimizin üzərində işləyəcəyik. "Qarabağ"a Avropa Liqasında uğurlar arzulayıram.
- "Neftçi" ilə oyundan sonra komandada inam yaranmışdı. Böyükhesablı məğlubiyyət görülən işlərin üzərindən xətt çəkə bilər?- Məncə, yox. Komandamın birinci hissədə göstərdiyi oyun çox xoşuma gəldi. İkinci yarının əvvəlində qol vurmaq şansımız var idi. Bacarsaydıq, hər şey başqa cür ola bilərdi. Oyundan-oyuna daha yaxşı çıxış edirik. Bu gün "Qarabağ" hamıdan güclüdü. Ölkə sərhədlərindən kənarda uğurlar qazanır. İşə hakimlərin simpatiyası da qarışanda hər şey başqa cür olur. Bizə də simpatiya olsun da... Yəqin düşünürlər ki, "Qarabağ" Avropa Liqasında oynayır, çox üstünə getməyək. Məsələn, Pananın başla vurduğu epizodda futbolçu qapının içində idi. Top da bilmirəm harda... Yox, hakimlərdən şikayət etməyəcəm. Biz də bir az böyüməliyik.
- "Kəpəz"də legionerlərin sayı çoxdu. Yay fasiləsində hamı deyirdi ki, klubun pulu yoxdusa, necə bu qədər legioner alır. 3-4 yaxşı legionerə və yerli futbolçulara şans vermək olmazdı?- Meydanda həmişə azərbaycanlıların olmasının tərəfdarıyam. Mən gələndən sonra 4 legioner almışıq. Hamısı bizə kömək edir. Sizin fikirlərinizə gəlincə, razıyam. Yerli futbolçularımızın inkişaf etməsinə şərait yaratmaq lazımdı.
KƏNAN BAHADIR