''Fənərbaxça'' sabah Avropa Liqasının qrup mərhələsində Belçika təmsilçisi ''Yunion''u qəbul edəcək.
Baş məşqçi Joze Mourinyo bu oyuna həsr olunmuş mətbuat konfransında açıqlamalar verib. Ona ilk öncə ''Qalatasaray''a məğlub olduqları derbinin ardından mətbuat konfransına qatılmaması barədə sual ünvanlandı. Ünlü portuqaliyalı mütəxəssis həm bu məqama aydınlıq gətirdi, həm də derbidəki məğlubiyyətin komandaya mümkün psixoloji təsirindən danışdı:
''Mətbuat konfransına qatılmamağımla bağlı sual verməyiniz çox yaxşı oldu. 24 illik məşqçi karyeramda heç vaxt mətbuat konfranslarından qaçmamışam. Xüsusilə də məğlub olduğumuz oyundan sonra. Jurnalistlərin suallarından heç vaxt qorxmamışam. Bu, ilk dəfə deyil ki, baş verir. İlk turdakı oyundan sonra da bunu dilə gətirdim. Mətbuat konfransı üçün 75 dəqiqə gözləməyin heç bir mənası yoxdu. Oyun bitən kimi rəqib məşqçini təbrik etdim və miks zonaya yollandım. Sonra mətbuat konfransı üçün 70 dəqiqə gözlədim. İçəri girməyə çalışsam da, buraxmadılar. Bir qədər qapıda gözləməli oldum. Bu qaydaları anlamıram. Başa düşürəm ki, mətbuat konfransına birinci rəqib məşqçi girməlidi. Amma ikimiz də eyni şəhərin komandasıyıq. Mən də rəqib komandanın məşqçisi statusunda olanda mətbuat konfransına birinci daxil oluram. İzmirdə də, Rizədə də belə oldu. Hətta bir dəfə zarafat etmişdim ki, oyun şənbə günü başladı, mətbuat konfransı bazar günü bitdi. Çünki mətbuat konfransı 23.55-də başlamışdı. Yəni bu dəfə mətbuat konfransına girməməyimin nəticə ilə heç bir əlaqəsi yoxdu. Oyun bitən kimi zatən miks zonaya yollanıb açıqlama verdim. Oyun bitdikdən sonra 70 dəqiqə gözlətdirmək mənasızdı. Mətbuat konfransları oyun bitdikdən dərhal sonra keçirilməlidi. Məğlubiyyət hər zaman komandaya acı çəkdirir. Önəmli oyunda uduzduqda ikiqat acı çəkirsən. Derbidə uduzduqda isə hətta üçqat acı çəkirsən. Təbii ki, bu dəqiqə İstanbulun ən xoşbəxt insanları olmadığımızı bilirik. Amma indi bu məğlubiyyətə reaksiya vermək zamanıdı. Mən həmişə demişəm ki, böyük qələbə məni aya qaldırmır. Eyni şəkildə böyük məğlubiyyət məni cəhənnəmə göndərmir. Bunun ortasını yaxalamalıyıq. Bəzən məğlubiyyətdən də lazımi dərslər çıxarmaq lazımdı. Dediyim kimi acı çəksək də, oyunçular motivasiyalıdı. Bu durumdan çıxmağın yeganə yolu qarşıdakı oyunda qalib gəlməkdi. Oyunçuları məşqdə istəkli gördüm. Oyundan oyuna bəzi oyunçuları dəyişdirəcəm. Qarşıdakı oyunda da belə etmək fikrim var. Söhbət sadə rotasiyadan getmir. Bəzi başqa məqamları da dəyişəcəm. Mən heç vaxt kimsə qol epizodunu qaçırdı deyə həmin futbolçunu cəzalandırmıram. Oynamayan və ya az oynayan, amma məşqlərdə yaxşı çalışanlar bunun qarşılığını alacaq. Əlimizdəki ən yaxşı komandanı meydana buraxacağıq''.
ƏLİ