Qonşularımızın inamlı qələbələri fonunda yığmamızın ardıcıl 2-ci dəfə məğlubiyyətlə barışması heç də xoş mənzərə deyil. Təəssüf ki, Türkiyə yığması da yeni tsiklə qələbə ilə başlaya bilmədi. Ümumilikdə son oyunlarla bağlı bir çox maraqlı məqam var ki, bunlarla qəzetimizin səhifələrində tanış ola bilərsiz.
Əlbəttə, Şotlandiya yığmasının Portuqaliyadan xalla dönmək şansı var idi. Və hər kəs qonaqların nəyin hesabına nəyicə qazana biləcəyini dərk edirdi. Şotlandlar ən yaxşı cəhətindən – standart vəziyyətlərdən növbəti dəfə yararlandı. Bəs Portuqaliya belə vəziyyətlərə niyə hazırlaşmamışdı – bu artıq Roberto Martinesə ünvanlanası sualdı. Qonaqlar Maktomineyin 7-ci dəqiqədəki qolu ilə önə çıxandan sonra Portuqaliyanın hesabı bərabərləşdirmək üçün yetərincə imkanı var idi. Hələ ilk yarıda meydan sahibləri hesabı 2:1, 3:1 edə bilərdilər. Ancaq bitirici zərbə baxımından problem var idi. Nəhayət, 2-ci hissənin əvvəlində Fernandeş uzaqdan zərbə ilə bərabərliyi bərpa etdi. Bundan sonra Şotlandiya yığması canlandı. Qonaqlar yenidən rəqib müdafiəsini gərginlik altında saxlamağa başladı. Ancaq Portuqaliya yığmasında Allah bilir neçənci dəfə Ronaldo amili işə düşdü. Sona yaxın cinah asmasına özünü yetirən Kriştiano yığmadakı qollarının sayını 901-ə çatdırmaqla yanaşı, bu komanda üçün nə qədər vacib fiqur olduğunu bir daha ortaya qoydu.
Oyundan əvvəl Domaqoy Vidanın Xorvatiya yığmasından getməsi münasibətlə ona üzərində 104 yazılan milli forma verildi. Müdafiəçi ölkənin əsas komandasında məhz bu qədər oyun keçirib. Amma Modriç hələ də yığmadan getməyə hazırlaşmır. 39 yaşını tamamlamaq ərəfəsində olan veteran yarımmüdafiəçi oyundakı yeganə qolun müəllifi oldu.
Yığmada 180-ci oyununa keçirən Luka 2-ci hissədə “9-luğ”a elə möhtəşəm zərbə vurdu ki, sanki əli ilə topu qapının küncünə qoydu. “Damalılar”ın qalan oyunçuları isə veteran qədər effektli deyildi. Topu tirə vuran Levandovski az qala hesabı bərabərləşdirəcəkdi. Ancaq 1:1 hesabı oyunun axarına uyğun olmazdı. Ona gprə ki, Xorvatiya srağagün Polşadan açıq-aşkar üstün idi.
Qrup mərhələsi, 1-2-ci turlar
A liqası, 1-ci qrup
2-ci tur
Portuqaliya – Şotlandiya 2:1 (0:1)
Portuqaliya: Koşta, Semedo (Dalot, 76), Diaş, A.Silva, Mendeş, Palyinya (R.Neveş, 46), B.Silva (J.Neveş, 68), Fernandeş, Neto (K.Ronaldo, 46), Jota, Leao (Feliş, 68).
Şotlandiya: Qann, Ralston, Robertson, Henli, Makkenna, Maktominey, Makqinn (Doak, 90+1), Gilmor, Kristi (Morqan, 87), Maklin (Qold, 74), Dayks (Konuey, 74).
Qollar: Maktominey, 7 (0:1). Fernandeş, 54 (1:1). K.Ronaldo, 88 (1:2).
Vərəqələr: Kristi, 39. Robertson, 51. Semedo, 66. R.Neveş, 67. Fernandeş, 80 – sarı.
Hakim: Mauritsio Mariani (İtaliya).
8 sentyabr. Lissabon. 59894 tamaşaçı.
Xorvatiya – Polşa 1:0 (0:0)
Xorvatiya: Livakoviç, Qvardiol, Çaleta-Sar, Şutalo, Sosa (Perişiç, 90+2), Kovaçiç (Paşaliç, 79), Modriç, P.Suçiç (L.Suçiç, 46), Petkoviç (Kramariç, 69), Pyatsa, Matanoviç (Budimir, 69).
Polşa: Skorupski, Valyukeviç, Bednarek, Davidoviç, Urbanski (Moder, 62), Zyelinski (Sliş, 62), Kaminski (Frankovski, 82), Boquş (Sviderski, 62), Şimaski (Petrovski, 86), Zalevski, Levandovski.
Qol: Modriç, 52.
Vərəqələr: Kovaçiç, 2. Pyatsa, 14. P.Suçiç, 40. Bednarek, 44. Budimir, 90+1. L.Suçiç, 90+4 – sarı.
Hakim: Fransua Letesye (Fransa).
8 sentyabr. Osiek. 12612 tamaşaçı.
1. Portuqaliya 2 2 0 0 4-2 6
2. Xorvatiya 2 1 0 1 2-2 3
3. Polşa 2 1 0 1 3-3 3
4. Şotlandiya 2 0 0 2 3-5 0
Növbəti turun oyunları oktyabrın 12-də keçiriləcək: Xorvatiya – Şotlandiya, Polşa - Portuqaliya.
Fakt
Kriştiano Ronaldo karyerasında ilk dəfə Şotlandiya yığmasının qapısından qol keçirdi. Bu, 39 yaşlı portuqaliyalının qapısına yol tapdığı 48-ci yığma oldu. Heç bir başqa futbolçu belə nəticə ilə öyünə bilməz. Ronaldo Lüksemburq yığması ilə oyunlarda daha çox – 11 qol vurub. İsveç və Litva yığmaları ilə oyunlarda isə 7 dəfə fərqlənib.
Oyundan sonra
Stiv Klark, Şotlandiya yığmasının baş məşqçisi:
“Mənə elə gəlir ki, hesaba baxmasaq, bu oyunda yığmamız üçün çoxlu pozitiv məqam var idi. Biz peşəkarıq, bu üzdən meydandan xalsız ayrılmaq adamı ağrıdır. Hesab edirəm ki, bu gün heç də pis oynamadıq. Futbolçularım çox məyusdu. Amma eyni zamanda necə böyük iş gördüyümüzü anlamalıyıq”.
Con Makqinn, Şotlandiya yığmasının yarımmüdafiəçisi:
“Məğlubiyyət ağır olsa da, bu gün yüksək səviyyədə oynadıq. Heyəyində dünya səviyyəli futbolçuların olduğu komanda ilə qarşılaşdıq. Onların vəzifəsini çətinləşdirməyə çalışdıq. Ancaq sonda bacarmadıq”.
Roberto Martines, Portuqaliya yığmasının baş məşqçisi:
“Kriştiano indi yaxşı formadadı. Sentyabrdı, üç oyun keçirib, klubda da fərqlənib. Ancaq biz oyunçularımızı qorumalıyıq. Kriştiano ardıcıl iki oyunda 90 dəqiqə meydanda ola bilməz. O, oyunun əvvəlində yox, sonunda meydanda olmalıdı. Kriştiano möhtəşəm futbolçudu, ancaq Portuqaliya ondan asılı deyil. Ronaldo dəyərli aktivdi, rəqib qapısı önündə çox vacib rol oynayır, ağıllı şəkildə toplara açılır”.
Bruno Fernandeş, Portuqaliya yığmasının yarımmüdafiəçisi:
“Bizim üçün xüsusi gün idi. Mən bu gün ən çox xoşladığım işi gördüm – Portuqaliya yığmasının şərəfini qorudum. Ümid edirəm ki, gələcəkdə oyunların taleyini daha erkən həll etməliyik. Belədə sonda əziyyət çəkmərik”.
Nunu Mendeş, Portuqaliya yığmasının müdafiəçisi:
“Çox çətin qələbə idi. Rəqibdən belə müqavimət gözləyirdik, ancaq oyunun axarına istədiyimiz kimi nəzarət edə bilmədik. Nə top istədiyimiz qədər bizdə oldu, nə də oyunun axarına nəzarət. Şotlandiyanın fiziki cəhətdən güclü, əks-hücumlarda oynamaq istəyən komanda olduğunu bilirdik. Sonda haqq etdiyimiz qələbəni qazandıq. Ən vacib olan da budu”.
Bruno Fernandeş, Portuqaliya yığmasının yarımmüdafiəçisi:
“Onların erkən qolunun cavabını mümkün qədər tez verməyə çalışdıq. İlk yarıda hesabı bərabərləşdirə bilməməyimiz bizi məyus etdiş Fasilədən sonra daha sakit oynadıq, topu ələ keçirdik, dözüm göstərdik. Bu bizə ilk qolu vurmağa imkan verdi, ardından Ronaldonun sayəsində ikinci qol da gəldi”.
Zlatko Daliç, Xorvatiya yığmasının baş məşqçisi:
“Çox vacib oyunda qələbə qazandıq. Əla oyun göstərik, dominantlıq etdik. Heyf ki, hesab o qədər inamlı olmadı. Bu gün möhtəşəm, güclü komanda kimi göründük. Qalan oyunçuların da bərpa olunmasını gözləyirik. Onda daha güclü olacağıq”.
Luka Modriç, Xorvatiya yığmasının yarımmüdafiəçisi:
“Birmənalı şəkildə vacib 3 xal qazandıq. Özünəinam qazanmaq üçün bizə qələbə lazım idi. Buna qədər keçirdiyimiz son 4 oyunda qələbəmiz yox idi. Cərimə zərbəsindən qol vurduğuma görə sevinirəm, çoxdan belə şey olmamışdı. Əlbəttə, qola görə razıyam, ancaq qələbəyə görə daha çox”.




