"Səbail" Misli premyer-liqasının 6-cı turunda səfərdə "Qarabağ"a uduzub - 1:2.
"Football-plus.az" xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Azarkeşlər üçün yaxşı oyun oldu. Qarşılıqlı hücumlar şəraitində keçən matç idi. “Qarabağ” səviyyəcə liqadakı komandalardan bir baş üstündü. Komandamızın “Qarabağ”a qarşı belə dayanması məni sevindirdi. Pis təsir bağışlamadıq. Fərdi səhvlərimiz oldu. “Qarabağ”ı təbrik edirəm, öz komandama təşəkkür edirəm.
- Transferlər gözlənilir?
- Yox. Bir hücumçumuz var idi, onu da itirmişik. Transfer məsələsi bizim üçün bağlanıb. Çalışacağıq ki, bu heyətlə uğur qazanaq.
- Mütəxəssislər deyir ki, “Qarabağ” başqa komandalardan bir baş üstündü. Siz də deyirsiz ki, “Qarabağ” kimi komanda olmaq üçün zaman lazımdı. Özünüz də, iki ildi ki, “Səbail”dəsiz...
- Bir klubda 8 il işləyə bilərsən, icraçılar olmasa, istəklərinizi həyata keçirə bilməzsiz. Yüksək səviyyəli futbolçuların alınması üçün yaxşı pullar lazımdı. 10 il bir komandada ola bilərsən, amma futbolçu önəmlidi. Bu mövsüm 10 hissə yaxşı futbol oynamışıq. Məsələyə qlobal baxaq. Futbolçum olmasa, kimlə düzəldəcəm? Bir futbolçu 90 dəqiqə dayanar, qol vurar, vəssalam.
- Gəncəli futbol veteranları sosial şəbəkələrdə sizə də müraciət ediblər...
- Orada xəstəlik tapmışam e. İlk dəfədi gəncəlilərdən yaxşı söz eşitdim. Maliyyəyə dayanan məsələlərdi. “Kəpəz”də iki dəfə oynamışam, iki dəfə məşqçi olmuşam. Gəncəlilər uşaq-muşaq deyillər, futbolu bilirlər. Sponsorun tapılması çox vacibdi. Tək federasiya köməyi ilə komandanı yüksəltmək çətin olacaq.
- Son pillədən sizi 4 xal ayırır. Bunun da gərginliyi var?
- Gərginlik həmişə var. Nəticə bizi sıxır. İnamım çox böyükdür. Uduzursan, oyun yoxdusa, çətindi. Sevindirici haldı ki, oyun var. Nəticə gec-tez gələcək. Komanda yenidən qurulur. Çoxu 22-23 yaşlı futbolçulardı. Komanda futbol oynamağı bacarır. Qorxum da yoxdu. Buradan da çıxacağıq. "Neftçi", "Zirə", "Qarabağ”la oynamışıq. Düzgün yoldayıq. Görsəm ki, işlər düz getmir, etiraf edərəm. Nəticələr çox yaxındadı.
- Əsas milli və U-21 yığmalarımızın durumları haqda nə deyəcəksiz? Samir Əliyev deyir ki, premyer-liqa məşqçiləri gənc futbolçuları oynatmır...
- Düz deyir. Premyer-liqa komandası oyunçu yetişdirmir. Hər məşqçidən nəticə istəyirlər. 3 nəfər yığma üzvü var. Nə edə bilərik? Bacardığım qədər oynadıram. Samir Əliyevlə razıyam. Əsas milliyə gəldikdə, öz fikrimdən çəkinmirəm. Baş məşqçi bütün futbolçuları görməli idi. İki gün məşq edib, iki oyuna çıxdılar. Gördü ki, bu yolu kiminlə gedə bilər. İsveç və Slovakiya ilə pis oynamadıq. İsveç və Slovakiyanı niyə udmalıyıq? İsveçdən çempionatımız, infrastukturumuz üstündü?