İspaniya azlıqda da darmadağın edir - İCMAL

14.09.2024 11:54 132
Dünya futbolu
İsveçrə yığması hələ ki Millətlər Liqasında özünü göstərə bilmir. İlk oyunda “saatsazlar” iki qırmızı vərəqə üzündən Danimarkaya uduzmuşdu. Bu dəfə isə Yakının komandası evdə darmadağın oldu. Özü də İspaniyanın artıq 20-ci dəqiqədə azlıqda qalmasına baxmayaraq.

Düzdü, buna qədər qonaqlar iki qol vurmuşdu. İspaniya 4-cü dəqiqədə hesabı açdı – Yamalın künc zərbəsinin ardından Xoselu başla fərqləndi. Kobel top xətti keçəndən sonra topu tuta bildi ki, VAR da bunu təsdiqlədi. İsveçrəlilərin dərhal vurduğu cavab qolu isə Froylerin hücumun əvvəlində əllə oynamasına görə sayılmadı. Hissənin üçdəbiri tamamlanmaqdaykən qonaqlar 2-ci qolu da vurdu – Kobel Uilyamsla təkbətək mübarizədən qalib ayrılsa da, Ruisin təkrar zərbəsinin qarşısını ala bilmədi. Hissənin ortalarında topu tirə vuran Amduni fasilə ərəfəsində hesab arasındakı fərqi azaltdı. 2-ci hissənin əvvəlində meydan sahibləri hesabı bərabərləşdirə bilərdi. Ancaq Varqasın kornerdən ötürməsindən sonra Amduni topu qapıya göndərsə də, hakim ötürmə zamanı topun meydanı tərk etdiyini bildirdi. Bir sözlə, bəzi həlledici məqamlarda meydan sahiblərinin əleyhinə qərar verildi. Görünür, İspaniya yığmasının statusu hakimlər briqadasını təzyiq altına almışdı. Avropa çempionları sonda əks-hücumlarla fərqi darmadağın həddinə çatdırdı. Əvvəlcə Ruis Torresin ötürməsi ilə qalibin kimliyinə aydınlıq gətirdi, bir neçə dəqiqə sonra isə Ferran özü təkbətəkdən yararlandı.

Danimarka yığmasının baş məşqçisiz olduğunu nəzərə alsaq, nəticələri heyranlıq doğuru. Düzdü, hazırda baş məşqçinin səlahiyyətlərini yerinə yetirən Lars Knudsen əvvəllər Kasper Yulmannın məşqçi korpusunun üzvü olub, bu mənada varislik ənənəsi qorunur. Yığmadakı yeniliklərə gəlincə, Qrenbekin uğurlu debütünü mütləq qeyd etmək lazımdı. Bu futbolçu “Bude-Qlimt”dəki çıxışı ilə şan-şöhrət qazanıb, “Renn”ə transfer olunandan sonra isə yığma komandaya cəlb olunmağa başlayıb. Bu oyunda məhz Poulsenlə “divar pası”nın ardından Qrenbek açdı. Veteranı isə bu oyunun qəhrəmanı adlandırmaq olar. O, məhsuldar ötürmə ilə yanaşı, hesabına “qayçı” zərbəsi ilə vurduğu möhtəşəm qol da yazdı. Beləliklə, Danimarka yığması sensasiyalı şəkildə qrupun turnir cədvəlinə başçılıq edir.

A liqası, 4-cü qrup
2-ci tur
İsveçrə - İspaniya 1:4 (1:2)

İsveçrə: Kobel, Omeraqiç, Vyutrix, Akanci, Rodriges (Rider, 61), Ebişer (Dua, 76), Froyler, Zakariya (Syerro, 62), Amduni, Embolo (Monteyro, 76), Varqas (Şteffen, 85).
İspaniya: Rayya, Karvaxal, Le Norman, Lyaport, Qrimaldo, Rodri (Subimendi, 58), Ruis (A.Qarsiya, 81), Yamal (F.Torres, 46), Pedri (Vivian, 27), N.Uilyams (Pino, 58), Xoselu.
Qollar: Xoselu, 4 (0:1). Ruis, 13 (0:2). Amduni, 41 (1:2). Ruis, 77 (1:3). F.Torres, 80 (1:4).
Vərəqələr: Varqas, 18. Froyler, 52. Vyutrix, 53. F.Torres, 69. Karvaxal, 69 – sarı. Le Norman, 20 – qırmızı.
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
8 sentyabr. Cenevrə. 26265 tamaşaçı.

Danimarka – Serbiya 2:0 (1:0)
Danimarka: Şmeyhel, Andersen, Vesterqor, Kristensen, Kristansen (Frendrup, 82), Ba, Qrenbek (Yulmann, 60), Eriksen (Dorqu, 68), Nerqor (İsaksen, 60), Heybyerq, Poulsen (Vinn, 69).
Serbiya: Raykoviç, Nedelkoviç (Raktov, 64), Erakoviç, Milenkoviç, Pavloviç, Lukiç (Beliç, 72), Samarciç (S.Mitroviç, 64), İliç, Qruiç (Jivkoviç, 46), Birmançeviç (Yovanoviç, 80), Yoviç.
Qollar: Qrenbek, 36 (1:0). Poulsen, 61 (2:0).
Vərəqələr: Andersen, 51. Kristansen, 59. Lukiç, 62. S.Mitroviç, 71. Pavloviç, 72 – sarı.
Hakim: Kris Kavana (İngiltərə).
8 sentyabr. Kopenhegen. 34902 tamaşaçı.

1. Danimarka 2 2 0 0 4-0 6
2. İspaniya 2 1 1 0 4-1 4
3. Serbiya 2 0 1 1 0-2 1
4. İsveçrə 2 0 0 2 1-6 0


12 oktyabr: İspaniya – Danimarka, Serbiya - İsveçrə.

Oyundan sonra
Luis de la Fuente, İspaniya yığmasının baş məşqçisi:
“Belə görünür ki, ölkəmiz üçün hansısa vacib iş görürük. Məni təəccübləndirməyə davam edən yığma ilə qürur duyuram. Bizim Lamin Yamal kimi çox oyun keçirməyə qadir futbolçumuz var”.

Xoselu, İspaniya yığmasının hücumçusu:
“Serbiya ilə oyun çox çətin alınmışdı. AÇ-2024-dən sonrakı ilk oyunumuza çox inamlı çıxmışdıq, ancaq nəticə istədiyimiz kimi olmadı. Bu gün mentallığı dəyişdik. Qalib gəlməyin, 3 xal qazanmağın vacib olduğunu anlayırdıq. Nəticə üçün çox çalışdıq. Bu komanda möhtəşəmdi”.

Fabian Ruis, İspaniya yığmasının yarımmüdafiəçisi:
“Komanda əla çalışdı. Azlıqda qalmağımıza baxmayaraq, müdafiədə vəzifələrimizin öhdəsindən gəldik. Bu qələbə bizə növbəti oyunlar üçün güc verəcək. Baş məşqçi mənə azadlıq verir ki, rəqibin cərimə meydançasına daxil ola bilim. Belə oynamaq mənim üçün rahatdı. İmkanlarımdan maksimum yararlanıram. Ümid edirəm ki, bundan sonra da qollar vura biləcəm”.

Murat Yakın, İsveçrə yığmasının baş məşqçisi:
“Yaxşı başladıq, cəsus oynadıq. Qollardan birinin əvəzini çıxdıq. Başqa şanslarımız da var idi, düşünürəm ki, uğur bizdən uzaq düşdü. Son 20 dəqiqədə çox risk etdik, bu üzdən iki qol da buraxdıq. Rəqibimiz Avropa çempionudu”.

Fakt
Ferran Torres İsveçrə ilə oyunda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qaldı. O, İspaniya yığmasının heyətində sonradan meydana çıxaraq bunu bacaran ilk futbolçu oldu.