Aleksander Çeferin, UEFA-nın prezidenti: “Çempionlar Liqasının yeni formatı başqa aləmdi. Biz turnirə sirli görkəm vermişik. Maraqlı oyunlar nə qədər çox olarsa, hamı bundan yalnız faydalanacaq”.
Kriştiano Ronaldo, Portuqaliya yığmasının hücumçusu: “Avropa çempionatında komandamıza ümid bəsləyənlərin sayı çox idi. Amma yekunda ümidlər doğrulmadı. Fikrimcə, nəticəmiz bərbad deyildi (Portuqaliya yığması bu yay Almaniyada keçirilən qitə çempionatında mübarizəni 1/4 finalda oyundan sonrakı penalti seriyasında Fransaya 3:5 hesabı ilə uduzmaqla dayandırıb – R.Y.). Komanda inkişaf üçün bu yoldan keçməli idi. Bizim vaxta ehtiyacımız var. Həm də baş məşqçimiz öz düşüncəsini komandaya aşılamalıdı. Heç kim uduzmağı sevmir. Bununla belə, düşünürəm ki, builki çıxışımız fiasko deyil. Portuqaliya yığmasının 2016-cı ildə keçirilən Avropa çempionatındakı qələbəsi dünya çempionluğuna bərabərdi. Bu, mənim üçün kifayətdi. Məni həvəsləndirən odu ki, futboldan həzz alıram və rekordlar öz-özünə gəlir. Mən rekordlar arxasınca getmirəm, onlar məni təqib edirlər”.
Xuan Laporta, “Barselona”nın prezidenti: “Levandovskiyə xüsusi münasibətim var. Robert kluba bağlı oyunçudu. Eşidəndə ki, “feyr-pley” qaydalarına görə oyunçunu qeydiyyata salmaqda çətinlik çəkirik, o, kluba kömək etmək üçün öz maaşını azaltmağı təklif etdi. İlkay Gündoğanın gedişinə gəlincə, bu qərar yalnız idman səbəbləri ilə bağlı idi. Dani Olmo ilə müqavilə imzaladıqdan sonra Gündoğanın rolu aydın deyildi. Çünki onlar çox oxşar mövqədə oynayırlar. İlkay möhtəşəm insan və futbolçudu”.
Anxel Di Mariya, Argentina yığmasının yarımmüdafiəçisi (“işlədiyin ən yaxşı məşqçi kimdi” sualına cavabı): “Çox məşqçi ilə işləmişəm. Birini seçmək çətindi. Şübhəsiz deyə bilərəm ki, ən pis məşqçi Lui van Qaldı. Bunu dəqiq deyə bilərəm. Ən yaxşılardan isə Lionel Skaloninin adını çəkə bilərəm. Onun oyunçularla, işçilərlə münasibəti, oyunu idarə etməsi mükəmməldi. Alexandro Sabelya da mənə çox təsir edən məşqçi olub. Ondan çox şey öyrənmişəm. Sonra isə Joze Mourinyo var, Karlo Ançelotti. Karyeramda çox yaxşı məşqçilərlə işləmişəm, ona görə birini seçmək mənim üçün çətindi. Dieqo Maradona? Mən ona, sadəcə, məşqçi yox, dost kimi baxırdım. O bizə məşqçidən çox dost, qardaş, ata olub. Məni nə qədər tənqid edirdilərsə, Maradona mənə bir o qədər də dəstək olurdu”.
Xoselu, “Əl-Qarafa”nın hücumçusu: “Mbappenin “Real”dakı ilk matçları haqqında yazılan rəylərə əhəmiyyət vermirəm. Mən “Real”ın necə bir klub olduğunu bilirəm. Mbappenin də hansı formada olduğunu bilirəm. Mən onun yeni komandasında çox qol vuracağına şübhə etmirəm. Kilian ketçup qabına bənzəyir. Əvvəlcə üzərinə basırsınız və heç nə çıxmır. Lakin sonra bütün ketçup bir anda boşqabınıza tökülür. Mbappe “Real”ın tarixinə düşəcək”.
Xose Luis Martines Almeyda, Madrid şəhərinin meri (“Real”ın oyunçusu Vinisius Juniorun İspaniyada irqçiliklə bağlı tənqidi açıqlamasına reaksiyası): “Biz hamımız qəbul edirik ki, cəmiyyətimizdə irqçi məqamlar olur və çalışmalıyıq ki, bu cür halları yox edək. Amma İspaniya və Madridi irqçi cəmiyyət adlandırmaq haqsızlıqdı. Xahiş edərdim ki, öz sözlərinə bir daha diqqət yetirsin və üzrxahlığını bildirsin. Mükəmməl futbolçu olmaq o demək deyil ki, səhv buraxmaq olmaz və bu dəfə o, səhv etdi. Biz, İspaniya cəmiyyətinin böyük hissəsi, irqçiliklə mübarizəsində Vinisiusun yanındayıq. Amma bizi irqçi adlandıranda, onunla birgə deyilik”.
Ronald Kuman, Niderland yığmasının baş məşqçisi (Stiven Berqveynin “Ayaks”dan “Əl-İttihad”a keçməsinə reaksiyası): “26 yaşında Səudiyyə Ərəbistanına gedən futbolçunun artıq idmana həvəsi yoxdu. Berqveynin milli komanda dəftəri bağlandı”.
Stiven Berqveyn, “Əl-İttihad”ın yarımmüdafiəçisi: “Onsuz da Ronald Kumanın rəhbərliyi altında oynamaq istəmirəm. Media qarşısında mənim haqqımda belə danışan adam üçün oynamayacağam”.
Kevin De Bruyne, Belçika yığmasının yarımmüdafiəçisi: “Klubların və milli komandaların iştirak etdiyi matçların sayı həddən artıqdı. Mövsümlər getdikcə uzanır. Ola bilsin ki, bu mövsüm yaxşı keçəcək, amma 2026-cı ilə təyin olunan dünya çempionatı ilə təqvim daha da çətinləşəcək. Futbolçuların Həmkarlar İtiifaqı həll yolları tapmağa çalışsalar da, heç nə dəyişmir. Bu problem UEFA və FİFA-nın vecinə deyil: onları yalnız pul maraqlandırır”.
Lamin Yamal, “Barselona”nın hücumçusu: “Atam dişləmədiklərini dedi və məni itlərlə birgə qaçmağa məcbur etdi. Ona görə də onlarla tez-tez futbol oynayırdım. İtlə futbol oynamaq sənin edə biləcəyin ən çətin işdi”.
Conatan Ta, “Bayer-04”ün müdafiəçisi: “Bayer”lə yeni müqavilə imzalamayacam. Artıq qərarımı vermişəm. Müqaviləmin sonuna qədər burda tam gücümü qoyacam, gələcək klubum isə sonra bilinəcək. Amma mənim qərarım getmək və özüm üçün yeni bir şey sınamaqdı”.
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Futbolda daha nə qədər fəaliyyət göstərəcəyəm? Hələ də matçlar ərəfəsində həyəcan keçirirəm və bu, yaxşı əlamətdi. Daha bir neçə il məşqçilik edə biləcəyimi düşünürəm. Bu iş xoşuma gəlir. Kriştiano Ronaldo? O, peşəkardı. Ronaldo futbol tarixinin ən yaxşılarından biridi. Əfsanə, əsl peşəkar və nümunə... O, “Real”da oynayarkən digər oyunçular tərəfindən yüksək qiymətləndirilən fantastik komanda yoldaşı idi”.
Lotar Matteus, Almaniya yığmasının sabiq müdafiəçisi: “2026-cı ilə təyin olunan dünya çempionatına adət etdiyi şəraitdə hazırlaşması Virts üçün ən yaxşı variant olacaq. Doğrudu, həmin vaxt “Liverpul”, “Mançester Yunayted”, “Mançester Siti” və ya “Barselona”da olarsa, “Bayer”dəki indiki rolunu oynaya bilib-bilməyəcəyi sual doğurur. Ona hər halda 2026-cı ilə qədər hazırkı komandasında qalmağı məsləhət görürəm. İki ildən sonra 23 yaşında olacaq, başqa sözlə, Florian ölkə xaricində 10 uğurlu il keçirə bilər. Çempionlar Liqasının yeni formatı onun üçün yeni təcrübə olacaq. Fikrimcə, Florian daha güclü oyunçuya çevriləcək. Təki ciddi zədələrdən uzaq olsun”.
Bruno Fernandeş, Portuqaliya yığmasının yarımmüdafiəçisi: “Kriştiano Ronaldo 2026-cı ilə təyin olunan dünya çempionatında oynaya bilər? Buna özü qərar verməlidi. Hər şey onun iki ildən sonra özünü necə hiss edəcəyindən və yüksək səviyyədə çıxış edib-etməyəcəyindən asılı olacaq. Biz Kriştianonun özünə qarşı tələbkar olmasına görə daha bir müddət oynamağa qadir olduğunu bilirik. Amma yenə deyirəm, qərarı özü verəcək. Qərarının həm Ronaldo, həm də milli komanda üçün faydalı olacağına əminəm”.
Fabio Kapello, italiyalı sabiq məşçqi: “Kontenin Lukakuya böyük ümid bəsləməsi yaxşı haldı. O, öz “Napoli”sini belçikalı hücumçu ilə birgə quracaq. Konte komandasında güclü mərkəz hücumçusu görmək istəyirdi. Yeni gələnlərdən Neres də komanda üçün faydalı olacaq”.
Vitor Roke, “Barselona”nın icarə əsasında “Betis”də çıxış edən hücumçusu: “Ötən mövsüm “Barselona”da çıxış etmək mənə çətin oldu. Böyük klubda düşündüyüm qədər imkan qazana bilmədim. İndi isə yalnız “Betis”dəki çıxışıma köklənmişəm və yenidən Braziliya yığmasının sıralarında olduğum üçün Tanrıya minnətdaram. “Barselona”da fərqli vəziyyətdə olacağımı düşünürdüm: həm mənə münasibətin, həm öz oyunumun və həm də rəhbərliyin mənimlə davranışının fərqli olacağını gözləyirdim. Lakin... İndi çətin dövrüm arxada qalıb və “Betis”də oynamaq imkanı qazandığım və yenidən milli komandaya dəvət aldığım üçün sevinirəm”.
Kevin De Bruyne, Belçika yığmasının yarımmüdafiəçisi: “Bu problem UEFA və FİFA-nın vecinə deyil: onları yalnız pul maraqlandırır”