“Bu addımı 3-4 il əvvəl də atmaq olardı” – Mahirin sabiq meneceri “Nürnberq”ə keçidini qiymətləndirdi

9.08.2024 16:53 957
Aktual / Dünya futbolu
Zaqreb “Dinamo”sundan ayrılan Mahir Emreli “Nernberq”lə anlaşıb.

“Football-plus.az” xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını Almaniyanın 2-ci bundesliqasında davam etdirəcək. Sonuncu klubu “Dinamo” ilə Xorvatiya çempionluğunu yaşayan Mahirin 2-ci bundesliqa təmsilçisinə keçidi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Ancaq karyerasını Avropada davam etdirməsi sarıdan onun bu seçiminə müsbət yanaşanlar da oldu. Mahirin Polşa “Legiya”sına keçməsində, Avropaya ayaq açmasında sabiq meneceri Tural Əsgərovun böyük rolu olmuşdu.

Təcrübəli menecerdən Emrelinin 2-ci bundesliqaya keçidini necə qiymətləndirdiyini soruşduq:

“Nəinki Mahir, ümumiyyətlə, uzun müddət meydandan kənarda qalan heç bir futbolçu bundesliqaya gedə bilməz. 2-ci bundesliqaya gediş isə məncə, yaxşı addımdı. Bir başqa məsələ ki, bu addımı 3-4 il əvvəl də atmaq olardı. Gecikmiş addım olsa da, fikrimcə, düzgün seçimdi. Mən Almaniya çempionatında oynamağı istənilən futbolçu üçün çox yaxşı qiymətləndirirəm”.

KAMAL SƏFƏR