Geridə qoymaq üzrə olduğumuz həftə qardaş Türkiyə təmsilçiləri üçün o qədər də uğurlu alınmadı. “Fənərbaxça” çox dramatik, “Trabzonspor” isə tam layiqli şəkildə iştirak etdiyi turnirdə mübarizəni dayandırmalı oldu.
Zədəli Fredsiz oynamaq məcburiyyətində qalan “Fənər” oyun günü Fərdi Kadıoğludan gələn xəbərlə də sarsıldı. İstedadlı futbolçunun adı zədə üzündən iştirak ərizəsinə salınmadı. İstanbul nəhəngi oyuna çox yaxşı başladı. Cekonun artıq 24-cü saniyədə təhlükəli baş zərbəsi “çərçivə”yə düşmədisə, ilk yarının ortalarında “Lill”in qapıçısı Şevalye iki mükəmməl seyvlə yadda qaldı. Sent-Maksiminin zərbəsində isə azca dəqiqlik çatmadı. Möhtəşəm azarkeş dəstəyinə və yaxşı oyuna rəğmən, qolun gəlmədiyini görən Mourinyo 62-ci dəqiqədə Ən-Nəsirini də döyüşə ataraq 2 hücumçulu taktikaya keçdi.
82-ci dəqiqədə Osayi-Samuelin zərbəsindən sonra qonaqları yalnız dirək xilas etdi. Mourinyo əlinin altındakı son hücumçunu - Cenk Tosunu da meydana buraxdı. “Fənər”liləri ayağa qaldıran qol əsas vaxta artırılan 1-ci dəqiqəyə təsadüf etdi. Oostervoldenin autdan göndərdiyi top Diakiteyə dəyərək qapıya daxil oldu. Qoldan ruhlanan “Fənər” əlavə vaxtda da rəqibdən üstün təsir bağışladı. 109-cu dəqiqədə Mandi kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq fransızları azlıqda qoydu. Amma İstanbul nəhəngi qalan vaxt ərzində qələbə qolunu vura bilməmək bir yana, heç oyunu penalti seriyasına da daşıya bilmədi! Osotervolde Davidin zərbəsinin qarşısını kəsərkən topa azacıq əllə toxundu. İspaniyalı hakim Xose Mariya Sançes VAR-ın dəvəti ilə epizodu izlədikdən sonra “nöqtə”ni göstərdi. David 118-ci dəqiqədə topu tora göndərməklə “Fənər”lilərin ümidlərini “dəfn etdi”.
Maraqlıdı ki, qalan qısa müddət ərzində də meydan sahibləri qola çox yaxın oldular. Cenk Tosunun baş zərbəsindən sonra bütün stadion ayağa qalxsa da, top tirdən döndü. Beləliklə, Mourinyonun sehri də “Fənərbaxça”ya yardım etmədi və komanda ardıcıl 16-cı il ÇL-də qrup mərhələsindən kənar qaldı. “Sarı-lacivərdlilər” yola AL-in qrup mərhələsində davam etməli olacaqlar.
“Trabzonspor” evdəki ilk görüşdə məğlub olduğundan komandadan Vyanada daha cəsur və fəal oyun gözləmək olardı. Amma Abdulla Avcının komandası zəif təsir bağışlayaraq “çərçivə”yə ilk zərbəni yalnız 69-cu dəqiqədə endirdi. Daha istəkli görünən “Rapid” son 15 dəqiqədə vurduğu qollarla Trabzon təmsilçisinə heç bir şans vermədi. Qaradənizlilər KL-in pley-offunda İsveçrə təmsilçisi “Sankt Qallen” ilə qarşılaşacaq. Ümumiyyətlə, gələn həftə pley-offlarda belə desək, Türkiyə - İsveçrə mübarizəsinin şahidi olacağıq. Çünki “Qalatasaray” ÇL-in pley-offunda “Yanq Boyz”, “Beşiktaş” da “Luqano” ilə qarşılaşacaq. Bu həftə qalib gələn yeganə Türkiyə təmsilçisi “İstanbul BŞ” oldu.
Başakşəhərlilər səfərdə olduğu kimi, evdə də “İberiya”dan üstün oldular. Çağdaş Atanın komandasının KL-in pley-offunda “Sabah”ın rəqibi olacağı gözlənilirdi. Amma məlum olduğu kimi, təmsilçimiz ümidləri doğrultmadığından “İstanbul BŞ” “Sent Patriks”lə qarşılaşacaq.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu
Fənərbaxça – Lill 1:1, əlavə vaxtda (ilk oyun – 1:2)
Diakite, 90+1-öz qapısına – David, 118-p.
Fənərbaxça: Livakoviç, Mərt Müldür (Osayi-Samuel, 63), Ciku, Çağlar Söyüncü, Oostervolde (Oğuz Aydın, 119), İsmayıl Yüksək, Mərt Hakan Yandaş (Ən-Nəsiri, 62), Tadiç (Cenk Tosun, 85), Şimanski, Sent-Maksimin (İrfan Can Kahveci, 75), Ceko (Bartuğ Elmaz, 91).
Lill (Fransa): Şevalye, Menye (Ture, 106), Diakite, Ribeyro, Qudmundsson (İsmaili, 106), Qomes (Mukau, 82), Santuş (Mandi, 82), Andre, Kabella (Jeqrova, 69), Haraldsson (Sahraui, 98), David.
Avropa Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu
Rapid (Avstriya) – Trabzonspor 2:0 (1:0)
Zaydl, 77. Lanq, 87.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Mendi, Densvil, Ərən Elmalı (Barışiç, 67), Lundstram (Bardi, 82), Okay Yokuşlu, Cihan Çanak (Enis Destan, 67), Ozan Tufan (Nvakaeme, 60), Trezeqe, Draquş.
Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu
İstanbul BŞ – İberiya (Gürcüstan) 2:0 (1:0)
Pyontek, 50. Pelkas, 61.
İstanbul BŞ: Muhammed Şengezər, Duarte (Həmzə Gürələr, 83), Ba, Opoku, Ömər Əli Şahinər, Kemen (Berkay Özcan, 53), Onur Ərgün, Pelkas, Dəniz Türüc (Lima, 74), Davidson (Fiqeyredo, 73), Pyontek (Keni, 83).
Faktlar
* “Fənərbaxça”nın avrokuboklarda 274-cü oyununda 56-cı bərabərlik qeydə alındı (109 qələbə, 109 məğlubiyyət, top fərqi – 374:391).
* “Fənərbaxça” ÇL-in təsnifat mərhələsində 38-ci oyundan 12-ci bərabərliklə ayrıldı (14 qələbə, 12 məğlubiyyət, top fərqi – 56:46).
* Mourinyonun çalışdırdığı komanda ilk dəfə avrokubokların təsnifatında mərhələ adlaya bilmədi! Buna qədər onun komandaları 5 dəfə avrokubokların təsnifatında oynamış və hamısında da mərhələni adlamışdılar. Bu siyahıya əvvəlki mərhələdə “Luqano”nu mübarizədən kənarlaşdıran “Fənərbaxça” da aiddi.
* “Fənərbaxça” Fransa klublarına qarşı keçirdiyi 23-cü oyunda 18-ci dəfə qələbəyə həsrət qaldı (6 heç-heçə, 12 məğlubiyyət).
* “Fənərbaxça”nın ÇL-də qrup mərhələsi həsrəti 16 ilə yüksəldi. Komanda bu turnirin qrupunda sonuncu dəfə 2008/09-da iştirak edib. Qeyd edək ki, 2011/12 və 2014/15-də “Fənər” ölkə çempionu kimi, birbaşa qrup mərhələsində iştirak etməyə haqq qazanmışdı. Amma hər iki halda cəza üzündən bu hüquqdan məhrum edilmişdi.
* “Fənərbaxça” tarixində 9-cu dəfə ÇL-də təsnifat mərhələsində iştirak etdiyi mövsümdə qrupa düşə bilmədi (2002/03, 2006/07, 2010/11, 2012/13, 2013/14, 2015/16, 2018/19, 2022/23, 2024/25).
* “Fənərbaxça” indiyə qədər avrokubokların pley-offunda 34 dəfə ilk oyunda məğlubiyyətlə üzləşib və bunların yalnız 1-də (!) mərhələni adlamağı bacarıb. Bu hadisə 1998/99-da UEFA kubokunun 2-ci təsnifat mərhələsində İsveç təmsilçisi “Höteborq”la dueldə baş verib (səfərdə 1:2, evdə 1:0).
* “Fənərbaxça” öz meydanında keçirdiyi son 16 avrokubok oyununun yalnız 3-də qələbəyə həsrət qalıb (2 heç-heçə, 1 məğlubiyyət). Maraqlıdı ki, bu 3 oyunun 2-də rəqib Bruno Jenezionun çalışdırdığı kollektiv olub. 2022/23-də AL-in qrupunda Jenezio bu dəfə “Renn”in baş məşqçisi kimi Kadıköydə uduzmamışdı (3:3).
* “Lill” Türkiyə klublarına qarşı keçirdiyi 6-cı oyunda da uduzmadı (2 qələbə, 4 heç-heçə)!
* “Lill” avrokubokların pley-offunda ilk oyunda qalib gəldiyi 7 duelin hamısında yoluna davam edib.
* “Trabzonspor” avrokuboklarda 153-cü oyununu keçirdi və 60-cı məğlubiyyətlə üzləşdi (56 qələbə, 37 heç-heçə, top fərqi – 193:208).
* “İstanbul BŞ” avrokuboklarda 54-cü oyununa çıxdı və 21-ci qələbəsini qazandı (12 heç-heçə, 21 məğlubiyyət, top fərqi – 80:76).
Oyundan sonra
Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi: