Bu həftə yerli azarkeşlər üçün futbol bayramı idi. Ona görə ki, “Qarabağ”, “Sabah” və “Zirə” avrokubokların 3-cü təsnifat mərhələsinin ilk oyununda meydana çıxdı. “Bayquşlar” və “qartallar” səfərdə meydana çıxdısa, “köhlən atlar”ı “Tofiq Bəhramov”da izlədik. Lakin bu yazıda ot örtüyünün üzərində yox, ətrafında yaşananlara nəzər salacağıq.
Stadionda anşlaq olacağı əvvəldən bəlliydi. Bilindiyi kimi, tərəfdarların çoxluğu rəngarəng hadisələrin sayıyla düz mütənasibdi. Bu üzdən nəinki meydanda, tribunalarda da maraqlı mənzərələr izlədik. Başda “İmarət Tayfa” və “Qarabağ Ordu” olmaqla 30 minə yaxın azarkeşin birağızdan “Qarabağ” deməsi, hakimin bəzi qərarlarına və rəqibin sərt oyun tərzinə etiraz etməsi komandaya əlavə güc verirdi. Baxmayaraq ki, “köhlən atlar” bundan istənilən səviyyədə yararlanmadı...
Tahir Gözəlin oyunun başlamasına bir neçə dəqiqə qalmış stadionda dövrə vurması, tərəfdarları salamlaması, jestlərlə “canlandırması” maraqlı idi. Oyunun startından sonra “Ludoqorets” azarkeşlərini də gördük. Az sayda tərəfdar, daha doğrusu, “Green Front” (Yaşıl Cəbhə) fanklubunun üzvləri stadionda idi ki, qonaqlar qələbəni məhz onlarla qeyd etdi.
Bizimkilərə gəlincə, tribunalarda blogerlər, meyxanaçılar, ümumiyyətlə, fərqli sahələrdə çalışan tanınmış simalar görmək mümkün idi. Tarixə qovuşmuş klublarımızdan olan AZAL-ın sabiq yarımmüdafiəçisi Nuqzar Kvirtiya və həyat yoldaşı İnna İvanova da diqqət mərkəzinə düşdü. Onlar bəy-gəlin geyimiylə tribunada əyləşmişdi, “futbol birləşdirir” plakatını açmışdı. Hələ İnna adət-ənənəyə uyğun olaraq, geriyə baxmadan gül də atdı. Baxmayaraq ki, onlar hələ 13 il əvvəl ailə qurub. “Sabah”ın sabiq futbolçusu, həmkarlarıma ötən həftənin sonuna qədər Bakıda olacağını deyən Aleksey Kaşukun tribunada görünməsi də maraqlı idi. Azərbaycan klublarıyla danışıqlar aparmadığını vurğulayan futbolçu matçı övladlarıyla birgə izlədi. Özü adi geyimdə olsa da, oğullarının üzərində “Qarabağ” forması var idi.
Xeyli azarkeşin matç bitəndən sonra tribunaları tərk etməməsi də səbəbsiz deyildi. Çünki “köhlən atlar”ın az oyun şansı qazanan futbolçuları final fitindən dərhal sonra meydanda məşq etməyə başladı. Hər halda, nəinki “Qarabağ”, bir nəfər azarkeş belə komandanın pley-offa mərhələ qazanacağına şübhəylə yanaşmır. Buna tribunalarda, Bakı səkilərində və nəqliyyat vasitələrində aparılan müzakirələr zamanı şahidlik etdik.
Maraqlıdı ki, “köhlən atlar”ın məğlubiyyəti tərəfdarları niyə məyus etmədi? Yəqin “inam qələbənin yarısıdı” sözü boşuna deyilməyib!
KƏNAN BAHADIR