Səfər oyunundan 2:0 hesablı qələbə ilə dönən ağdamlılar, təbii ki, sensasiyaya imkan vermək fikrində deyil. Bəs azərbaycanlı azarkeşlər cavab görüşünə necə hazırlaşır? Düzdü, hələ srağagün klub sosial şəbəkə hesabında artıq 16300 biletin satıldığını elan edib. Ancaq bəzən elan olunan rəqəmlə stadiona toplaşan azarkeşin sayı üst-üstə düşmür. Üstəlik ortada “Zirə” təcrübəsi də var. “Qartallar”ın “DAK 1904”ü darmadağın etdiyi oyunu cəmi 2150 azarkeş izlədi. Bəs “Qarabağ”sevərlər stadionda anşlaq yarada biləcəkmi? Bu barədə “İmarət Tayfa”nın qurucularından biri Elnur Quliyevin fikirlərini öyrəndik:
“Yayın bu çağında adamlar məzuniyyət götürüb rayonlara yollanır. Yəni əhali ölkədaxili və ölkəxarici səfərlərdədi. Həmçinin rəqibin gücü və səviyyəsi amili də var. İndiki məqamda məlumdu ki, qeyri-adi nəsə baş verməsə "Qarabağ" artıq növbəti mərhələdədi. Adətən, belə vaxtlarda azarkeş marağı istənilən səviyyədə olmur. Yəni böyük kütlə, anşlaq olmur. İstənilən halda, stadiona 22-23 min azarkeş gələcək. Bayaq sadaladığım amillərə görə dəstək yüksək səviyyədə olmaya bilər. Burdan sıravi azarkeşlərə səslənirəm, gəlib "Qarabağ"a dəstək olsunlar. Növbəti tarixi uğur üçün komandanın yanında olaq. Ümid edirəm ki, stadion tamaşaçı ilə dolar”.
RÖYANƏ OĞUZ




