“Sumqayıt” yenilənmiş Mehdi Hüseynzadə adına stadionda Macarsıtan təmsilçisi “Fehervar”a qarşı ilk avrokubok matçını keçirdi.
“Kimyaçılar”ın hesabda öndə olduqları zaman azlıqda qalmaları məğlubiyyətlə (1:2) nəticələnsə də, stadionda diqqəti çəkən daha bir neçə məqam oldu. Belə ki, bunların biri stadionun işıqlandırılmasıyla bağlı idi. Oyunu həm stadiondan, həm də televiziyadan izləyən bir sıra tamaşaçılar stadionun işıqlandırılmasından narazı qaldı. Həmçinin tribunalara axışan azarkeşlərin əllərində başqa hər hansı məhsulla sektorlara daxil olmasına icazə verilməməsi, əvəzində 50 qəpiklik suyun stadionda 2 manata satılması da narazılıq doğurdu. Bu məsələlərlə bağlı klubun rəsmi mövqeyini öyrənmək üçün mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxladıq:
“Doğrusu, işıqlandırmanın zəif olduğunu mən də gördüm. Amma məsələ belədi ki, UEFA nümayəndəsi oyundan öncə stadiona baxış keçirmişdi və işıqlandırmayla bağlı da razılıq vermişdi. Yəni işıqlandırmanın səviyyəsi onların meyarlarına uyğun idi. Ancaq həm televiziya yayınında, həm də oyun zamanı müəyyən dərəcədə görüntü zəifliyi var idi. Lakin fakt odu ki, UEFA nümayəndəsi işıqlandırmanın yetərincə olduğunu deyərək oyunun keçirilməsinə icazə vermişdi. Suya gəlincə, bu klubun məsələsi deyil. Müəyyən şirkətlə anlaşmışdıq və su satışını onlar həyata keçirirdi. Bu üzdən də qiymətləri klub yox, həmin şirkət tənzimləyirdi”.
Yeri gəlmişkən, Mehdi Hüseynzadə adına stadionda ilk avrokubok matçının baş tutduğunu nəzərə alsaq, görəsən, “gənclik şəhəri”nin təmsilçisinin ən çox çətinlik çəkdiyi məqam nə oldu? Məsələn, UEFA nümayəndəsi Hayri Çavuşoğlu hansısa məsələylə bağlı irad bildirdimi? Bu suala klub rəsmisinin cavabı belə oldu:
“UEFA nümayəndəsinin xüsusi bir iradı olmadı. Allaha şükür ki, hər şeyi yoluna qoyduq. Müəyyən nöqsanlar var idi ki, əvvəlcədən bildirilmişdi. Həmin nöqsanları aradan qaldırmaq üçün çətinlik çəkdik və ağır rejimdə işlədik. Ancaq hansısa xüsusi problemimiz və çətinliyimiz olmadı. Şükürlər olsun ki, hər şeyi yüksək səviyyədə yerinə yetirdik”.
KAMAL SƏFƏR