Ardıcıl ikinci dəfə Avropa çempionatının finalında uduzan İngiltərə yığması ətrafında söz-söhbət səngimək bilmir.
Komandanı qitə turnirində ardıcıl iki finala yüksəltməsinə baxmayaraq, baş məşqçi Qaret Sautqeytin gələcək taleyi hələ də qeyri-müəyyəndi. Alan Şirer və Qari Lineker kimi əfsanələr Sautqeytin ayrılmasının tərəfdarıdı. Bu arada sabiq niderlandlı futbolçu Rafael van der Vaart İngiltərənin aparıcı yarımmüdafiəçiləri Deklan Raysla Cud Bellingemi tənqid atəşinə tutub. “Ayaks”, “Hamburq”, “Real”, “Tottenhem” kimi klublarda top qovmuş, DÇ-2010-da gümüş medalları qazanan Niderland yığmasının heyətində yer almış Van der Vaart bunları deyib:
“Raysın dəyəri 100 milyon avrodu? Axı o, meydanda bu pula dəyəcək nə edir? Rəqibdən topu alan kimi onu geriyə - Con Stounza ötürməkdən başqa heç nə etmir. Komandasına heç bir fayda vermir. Həqiqətən də 100 milyon avroya dəyən futbolçu topu irəli daşımağı, onu irəlidəki oyunçulara çatdırmağı bacarmalıdı. Bellingemə gəlincə, onda oyun qurucularına xas olan incə top qəbulunu görmürəm. Təbii ki, Bellingem çox güclü futbolçudu. Meydanda 90 dəqiqə ərzində sabit şəkildə yüksək həcmdə iş görür. Amma mən sırf onun nömrəsindən danışıram. Mənim aləmimdə Bellingem “10 nömrə” deyil”.
Yeri gəlmişkən, ingiltərəli futbolsevərlərlə ispaniyalı futbolsevərlər arasında kütləvi dava-dalaş yaşanıb. Hadisə Avropa çempionatının final oyunundan bir müddət sonra İspaniyanın Benidorm şəhərində baş verib. İspaniyada işıq üzü görən “Todo Alicante” nəşrinin məlumatına görə, qalmaqal ingiltərəli fanatlar üzündən baş verib. Onlar məğlubiyyətlə barışmaq istəməyərək ispaniyalı fanatlara hücum edib. Sosial şəbəkələrdə hadisə yerindən çəkilmiş görüntülər də yayılıb. İngilislər yalnız İspaniya polisinin müdaxiləsindən sonra sakitləşərək ərazidən uzaqlaşıblar. Həbs olunanlar barədə məlumat verilmir. Amma xəsarət alan iki ispaniyalı azarkeşin xəstəxanaya çatdırıldığı deyilir.