Qadınlardan ibarət yığma AÇ-2025-in seçmə mərhələsi çərçivəsində keçirilən görüşdə macarlara 0:5 hesabıyla uduzdu.
Bu məğlubiyyətlə Siyasət Əsgərovun yetirmələri pley-off şansını minimuma endirdi. Hazırda hesabında 4 xal olan yığma sonuncu pillədə qərarlaşıb. Sonuncu turda qrup lideri İsveçrə ilə səfərdə qarşılaşacaq komandamızın qələbə şansı hardasa sıfra bərabərdi. Macarıstanla səfər heç-heçəsi bəlkə də son oyun üçün xanımlarda arxayınlıq yaratmışdı. Çünki ilk hissədə də şahid olduq ki, rəqib oyuna daha həvəsli, qələbəyə daha acdı. Elə bu üzdən ilk yarıda buraxılan 2 qol komandamıza böyük ölçüdə təsir etdi.
Buna qədər keçirilən 4 görüşdə rəqib qapılarına cəmi 2 dəfə yol tapa bilən millimiz üçün bir matçda 2 və daha artıq qol vurmaq çətin görünürdü. Təbii ki, macarların istəkli olduğu qədər futbolçularımızın yorğunluğu və oyun ərzində bir-birini başa düşməkdə yaşadıqları çətinliklər, yol verilən kobud səhvlər də var idi. Əsgərovun ilk hissədən sonra millimizi ruhlandırmaq cəhdləri cəmi 8 dəqiqə çəkdi. Artıq 53-cü dəqiqədə vurulan 3-cü qol geridönüşün qeyri-mümkünlüyünə işarə idi. Doğrudu, oyunçularımız çox çalışdı, lakin qapı qarşısında bir-iki real qol vəziyyəti yaratmaqdan başqa əllərindən heç nə gəlmədi.
Baş məşqçi Əsgərov İsveçrə ilə görüşü nəzərə alıb hələ də şanslarının qaldığını söylədisə də, reallıq bunu göstərmir. Bəli, acı da olsa, belədi. Lakin futboldu. İndi diqqətlər iyulun 16-da keçiriləcək İsveçrə ilə oyuna yönəlib. Vaxtından əvvəl pley-offa vəsiqəni təmin edən Skandinaviya ölkəsinin bu oyuna arxayın yanaşacağına inanmıram. Reallıq acı olduğu qədər ümidlər bir o qədər də şirindi… Belə məqamda həqiqəti yox, şirin ümidləri üstün tuturam…
KAMAL SƏFƏR