“Zirə”nin “Şerif”lə səfər oyununun nəticəsi hamını sevindirsə də, “qartallar”ın oyununu bəyənməyənlər də tapıldı.
Püşkatmadan bəri “Şerif” i favorit görənlər təmsilçimizin, sadəcə, bəxtinin gətirdiyini düşünür. Amma rəqibin əvvəlki potensiala malik olmadığı da gerçəklikdi. “Qarabağ”ın əvvəllər üç dəfə bu komandanı mübarizədən kənarlaşdırdığını da bilirsiz. Həmin duellərin hər birində iştirak etmiş Maksim Medvedev rəqibin gücünə yaxından bələd olub.
İndiki “Şerif” əvvəlkindən nə dərəcədə fərqlidi? Yaxud “Zirə” ilk oyuna görə mərhələni keçməyə nə dərəcədə yaxındı? Bu suallara cavab almaq üçün vaxtilə Rəşad Sadıqovla çiyin-çiyinə oynamış Maksim Medvedevə müraciət etdik:
“Onlara qarşı əvvəllər biz də oynamışıq. Düzdü, "Şerif" hər il fərqli olur. Amma daim çalışırlar ki, sabil, ən yüksək performansa sahib olsunlar. Oyunu mən də izlədim. Doğrudan da, hesab "Zirə"yə müəyyən üstünlük verir. Amma 1:0 bir qədər sürüşkən hesabdı. Rahatlaşmaq olmaz. İnanıram ki, Rəşad Sadıqovun komandası birinci oyundakı səhvlərini təhlil edib, boşluqları görüb, ikincidə daha yaxşı çıxış edəcək. Başa düşürəm ki, meydanda oynamaq fərqlidi. Amma ekrandan baxanda görünürdü ki, hələ "Zirə" tam gücü ilə yox, ehtiyatlanaraq oynayır. Bu da səfər matçıyla bağlı ola bilər. İnanıram ki, növbəti dəfə "qartallar" 1 nömrə kimi oynayacaq. Komandanın potensialı var, oyunçuları yaxşıdı. Fikirləşirəm ki, evdə də "Şerif"ə qalib gələ biləcəklər”.
RÖYANƏ OĞUZ