Millimizin portuqaliyalı baş məşqçisi Fernando Santuş təxminən 10 gün əvvəl Bakıdakı futbol meydanlarına baş çəkməyə başlamışdı.
Mən də həmin vaxt yazmışdım ki, hər kəsin gözü aydın olsun, Santuş Azərbaycanda isinməyə başlayıb. Göründüyü kimi, isinmə hərəkətləri davam edir. Bu müddət ərzində AFFA-nın boz binasının divarları arasından mətbuata sızan informasiyalarda qeyd olunurdu ki, Santuş heç də gördüklərindən razı qalmayıb. Bakıdakı futbol meydançaları, AFFA-nın bəzək-düzək verdiyi stadionlar portuqaliyalı mütəxəssisin ürəyini açmayıb. Sağ olsunlar, futbolumuzun ideoloqları bu böhrandan da çıxış yolu tapıblar, Santuşun növbəti dayanacağı Qəbələ olub.
Bu yerdə adamın yadına məşhur Qurbanəli bəyin hekayəsi düşür. Əminəm ki, çoxunuz Cəlil Məmmədquluzadənin bu möhtəşəm sənət əsəri ilə tanışsız. Pristavın arvadının ad qoyulan günündə içib sərxoş olan Qurbanəli bəy “naçalnik”in qonaqlarını plov yeməyə dəvət edir. Sonrasını da bilirsiz. Qonaqlar Qurbanəli bəyin tərifli plovundan yeməyə gəlirlər, bəy özü isə at tövləsində gizlənir. Qonaqlar da özlərini yola vurub gəldiklərindən məyus olsalar da, tövlədəki atlara baxmaqla təsəlli tapmağa çalışırlar. Tövləyə girəndə görürlər ki, bəyin tərif etdiyi at elə dünən gördükləri at imiş, bəyin özü də atın axurunda gizlənib. Yəni ki Qurbanəli bəy özünü “naçalnik”in qonaqlarının, pristavın yanında biabır edir. Çünki onlara göstərməyə nə tərifli at tapılır, nə də dadı damaqlarından getməyəcək yağlı plov.
İndi bizim uzaqgörən AFFA da özünü Qurbanəli bəy kimi aparır. Kim bilir, Fernando Santuşu Azərbaycana dəvət edərkən ona nə vədlər veriblər, nələrdən danışıbmışlar. AFFA-nın bir vaxtlar açıqlamağı sevdiyi məşhur statistikanı portuqaliyalı mütəxəssisə də deyiblər, o da inanıb ki, Azərbaycanda 200 minə yaxın futbolçu var. Yer gəlmişkən, çoxdandı ki, AFFA özünün sevimli statistikasını açıqlamır. Elxan Məmmədov baş katib olanda gözlərimizi belə xəbərlər “mazol etmişdi”. Hər ayın əvvəlində və sonunda bəzəkli rəqəmlər açıqlanırdı. Deyirdilər ki, 100 neçə mininci futbolçu hansısa orta məktəbin şagirdidi və həmin şagird bu gün AFFA-dın qeydiyyat sisteminə daxil edilib. O hesabla indi Azərbaycanda futbolla məşğul olanların sayı bir milyona çatmalıydı. Elxan Məmmədov gedəndən sonra hesab-kitab da yaddan çıxıb. İnterneti ələk-vələk etdim, sonuncu dəvə statistikanın nə vaxt açıqlandığını tapa bilmədim. 2016-cı ildə 100000-ci futbolçunun qeydə alınması barədə məlumat açıqlanıb, amma bu sayın 200 minə çatdığı barədə məlumata rast gələ bilmədim. Kimdəsə bu haqda informasiya olsa, mənə də xəbər edər. Növbəti yazılarımda məsələyə qayıdacağıma söz verirəm.
İndilik isə qayıdaq AFFA rəsmilərinin Santuşu Qəbələyə aparmasına. Deyirəm, nə yaxşı ki, Qəbələ var, onun bazası var. Yoxsa AFFA əcnəbi məşqçilərə nəyi göstərib, qürrələnəcəkdi? 2019-cu ilin aprelində millimizin o vaxtkı xorvat baş məşqçisi Nikola Yurçeviç də Qəbələyə səfər etmişdi. Özü də Nikola bəy bu səfərdə tək olmamışdı, onu həyat yoldaşı və qızları Laura ilə Lana da müşayət etmişdi. Bakıdakı “Formula-1” yarışlarını izləyəndən sonra Qəbələyə yollanan Yurçeviç və ailəsi dağ havasından udmuş, dadlı təamlardan dadmış, əyalətdəki qonaqpərvərlikdən razı qalmışdılar. Heç şübhə etmirəm ki, Fernando Santuşa da eyni qonaqpərvərlik göstərilib, ona da buz bulaqların suyundan içib, quzu ətinin kababını yemək qismət olub. Qəbələnin təbiətinin gözəllikləri də öz yerində. Belə yerdə adamın yadına heç futbol düşər?!
Ümid edirəm ki, Santuşa Qəbələdəki infrastruktrun yaradılmasında AFFA-nın heç bir rolunun olmamasını, bu il aşağı liqaya yuvarlanan “qırmızı-qaralar”ın maliyyə vəziyyətinin çətinliyi barədə də deyiblər. Onu da çatdırıblar ki, əcnəbi çalışdırıcılara milyonlar xərcləyən, illərdi bu xərclərin heç bir faydasını görməyən AFFA “Qəbələ”yə yardım kimi cəmi 700 min manat ayırıb. Bu 700 min manata qazonu sulamaq da lazımdı, akademiyadakı məşqçilərə maaş da vermək, ordakı uşaqları qidalandırmaq da. Çatıb-çatmayacağını heç kim bilmir. Əsas odu ki, bizim milli komandanı Avropa çempionu Fernando Santuş çalışdırır.
AMAL