Artıq start götürən Avropa çempionatından bir neçə gün sonra – iyunun 20-də Amerikada da yığma komandalar arasında turnirin həyəcanı yaşanmağa başlayacaq.
“Football-plus.az” xəbər verir ki, 48-ci Amerika Kuboku (AK) qitənin ikinci ən böyük ölkəsində keçiriləcək. AK-nin təqvimi ilə bağlı əsas nüanslara 2023-cü ilin dekabrında Mayamidə atılan püşk nəticəsində aydınlıq gəlib. Ortaya təbii sual çıxır: təşkilatçılıq hüququ nə üçün ABŞ-yə verilib?
Şimal ilə cənub birgə yarışacaq
Bəli, AK-2024 Ekvadorda keçirilməliydi. Ancaq bu ölkənin hakimiyyəti bir il əvvəl təşkilatçılıq hüququndan imtina etmişdi. Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) rəhbərliyi problemi yoluna qoymaq üçün çox da narahatlıq keçirmədi: ABŞ dərhal turnirə evsahibliyi etmək istəyini bəyan etdi və bu variant Amerika qitəsində hamını razı saldı.
Belə vəziyyət KONMEBOL və Şimali Amerika Futbol Konfederasiyasını (KONKAKAF) əməkdaşlığa qol çəkməyə vadar etdi: hər iki təşkilat bu ilin yanvarında strateji xarakterli müqavilə imzaladı. AK-2024-ü şərikli keçirməkdən başqa Şimali və Cənubi Amerikanın iki əsas klub turnirinin qalibləri arasında “dördlər finalı” formatında yeni yarışın təşkilinə qərar verildi. Üstəlik Cənubi Amerika komandaları (ən yaxşı klublar və qadınlardan ibarət yığmalar) Şimali Amerikanın bir neçə turnirinə dəvət aldılar.
Amma əsas şərikli yarış AK-2024-dü. Bu yarışda Cənubi Amerikanın 10, Şimali Amerikanın 6 yığması iştirak edəcək. KONKAKAF-a daxil olan komandalar artıq regionun Millətlər Liqası çərçivəsində AK üçün də nəzərdə tutulan seçmə turnirdə iştirak ediblər. Maraqlıdı ki, təşkilatçı ABŞ-nin komandasına final mərhələsinə birbaşa vəsiqə verilməyib və amerikalılar da seçmə oyunlarda gücünü sınayıblar.
Ümumiyyətlə, AK-nın təşkilatçıları tez-tez müxtəlif eksperimentlərə əl atırlar. Hətta turnirin keçirilmə vaxtında da daimilik gözlənilmir: bu yarış 1975-87-ci illərdə dörd ildən bir, 2001-ci ilə qədər iki ildən bir, 2007-ci ilə qədər üç ildən bir, 2019-cu ilədək yenidən dörd ildə bir dəfə təşkil edilib (belə dalğalanmalar 2016-cı ilə əlavə olaraq yubiley turnirinin salınmasına da mane olmayıb). Regionun futbol başbilənləri, nəhayət, 2019-cu ildə baş tutan yarışdan sonra AK-nın Avropa çempionatı ilə sinxronlaşdırılmasına qərar veriblər. Bu səbəbdən növbəti turnir artıq 2020-ci ilə təyin olunmuşdu. Lakin, bilindiyi kimi, koronavirus pandemiyası səbəbindən hər iki qitə çempionatı 2021-ci ilə təxirə salınmaqla baş tutmuşdu.
Bundan sonra regionu, ya da dünyanı bürüyəcək hər hansı ciddi problem ortaya çıxmasa, AK Avropa çempionatı kimi sonu cüt rəqəmlə bitən illərdə təşkil ediləcək.
Adətən AK 12 komandanın (10 yerli, 2 dəvətli) iştirakıyla keçirilir. Qarşıdakı yarışda 16 iştirakçı olacaq ki, bununla da təşkilatçıların çoxdankı arzusu reallaşacaq. Ortaya bu sual çıxa bilər: 16 komandalı yarış hər dəfə keçiriləcək? Hələ ki, təşkilatçıların bu formatda planı 2024-cü ilə qədər nəzərdə tutulub. Necə deyərlər, builki turnir ABŞ, Meksika və Kanadanın şərikli təşkilatçılığı ilə 2026-cı ildə keçiriləcək dünya çempionatından əvvəl yaxşıca isinmə rolunu oynayacaq.
Açılış Atlantada, final Mayamidə
AK-2024 iyunun 20-dən iyulun 14-nə qədər (Almaniyanin evsahibliyi edəcəyi AÇ-2024 14 iyun – 14 iyul aralığında keçiriləcək) təşkil ediləcək. Açılış matçı iyunun 20-də Atlanta şəhərində keçiriləcək. Final oyunu isə iyulun 14-də Mayamidəki “Hard Rok Stedium”a təyin olunub.
Yeri gəlmişkən, AK-nın sonuncu qalibi 2021-ci ildə Braziliyada keçirilən yarışın finalında ev sahibi olan komandanı minimal hesabla məğlub edən Argentina yığmasıdı. Həmin yarışda Cənubi Amerikanın 10 komandası iştirak etmişdi. Qarşıdakı turnirdə isə əvvəlcə 14 yığmanın iştirakı dəqiqləşmişdi. Son iki iştirakçı bu ilin martına təyin olunan pley-off oyunlarından sonra müəyyənləşib. Azarkeşlərini sonda sevindirən komandalar Kanada və Kosta Rika olub.
Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala çıxacaqlar. Maraq üçün qeyd edək ki, potensial yarımfinal cütlərini müxtəlif konfederasiyaların təmsilçiləri təşkil edə bilərlər. Məsələn, finala vəsiqələrin Argentina – Meksika və ya ABŞ – Braziliya matçlarında sahibini tapması ehtimal edilir.
Açılış oyununda son çempion Argentina Kanada ilə qarşılaşacaq. Turnirin ilk matçına səhnə olacaq “Mersedes-Bents Stedium” 71000 yerlikdi. Dünyanın ən müasir arenaları sırasında göstərilən idman qurğusu ABŞ çempionatının yüksək liqası olan MLS-də orta tamaşaçı göstərcisi üzrə daimi liderdi. AK-nın oyunları həmçinin Nyu Cersi (82 min yerlik), Arlinqton (80 min), Kanzas Siti (76 min), Şarlott (75 min), Hyuston (72 min), Los Anceles (70 minlik iki stadion), Mayami (65 min), Qlendeyl (63 min), Paradayz (61 min), Orlando (25 min), Ostin (təxminən 21 min) və Kanzas ştatında yerləşən Kanzas Sitidəki (18 min) arenalarda da təşkil ediləcək. Finalı qəbul edəcək Mayamidəki “Hard Rok Stedium” NFL-də çıxış edən “Mayami Dolfins” komandasının ev oyunlarını keçirdiyi arenadı. Deməli, “İnter Mayami”nin hücumçusu Lionel Messi nəzəri cəhətdən artıq ona, demək olar ki, doğma sayılan şəhərdə titulu daha rahat şəkildə qoruya bilər.
Qalib komanda AÇ-2024-ün çempionu ilə Finalissima adı verilən matçda qarşılaşacaq. Xatırladaq ki, Cənubi Amerika və Avropa arasındakı əməkdaşlıq memorandumu çərçivəsində reallaşan ilk belə oyunda Argentina yığması AÇ-2020-nin çempionu İtaliyaya 3:0 hesabı ilə qalib gəlib.
ABŞ AK-nı bir dəfə qəbul edib
Yuxarıda təşkilatçıların 2016-cı ildə AK-nı növbədənkənar şəkildə keçirdiklərini qeyd etdik. Həmin turnir KONMEBOL-un və Cənubi Amerikanın ilk çempionatının yubileyi ilə əlaqədar Yüzilliyin Amerika Kuboku adlandırılmışdı. Xüsusilə qeyd edək ki, yubiley yarışı ilk dəfə regiondan kənarda – ABŞ-də baş tutmuşdu.
AK-2016-da da 16 komanda (10 Cənubi, 6 Şimali Amerika) iştirak etmişdi. Finalda Çili Argentinanı oyundan sonrakı penalti seriyasında üstələyərək çempion olmuşdu. Seriyada qol vura bilməyən Messinin matçdan sonra milli komandadakı çıxışına son qoyduğunu bəyan etməsini də xatırladaq. Amma onun sonradan fikrini dəyişdiyi, “albiselesta” ilə həm AK-da, həm də DÇ-2022-də çempionluq sevincini yaşadığı çoxlarına bəllidi.
ABŞ-də ilk dəfə baş tutan turnir KONKAKAF təmsilçilərinin böyük uğursuzluğu ilə də yadda qalmışdı. Meksika 1/4 finalda Çiliyə 0:7, ABŞ yarımfinalda Argentinaya 0:4 hesablı məğlubiyyətlə mübarizəni dayandırmışdı. ABŞ yığmasının 3-cü yer uğrunda oyunda Kolumbiyaya məğlubiyyəti (0:1) şimali amerikalıların mükafatçılar sırasına düşə bilməməsini rəsmiləşdirmişdi. Deməli, onlar tezliklə cənublulardan qisasını almağa çalışacaqlar.
Yeri gəlmişkən, AK indiyədək Argentinada 9, Çili və Uruqvayda 7, Braziliya və Peruda isə 6 dəfə keçirilib. Ümumiyyətlə, ən çox çempion olan yığmalar Argentina və Uruqvaydı – hərəyə 15 dəfə. Braziliya 9, Paraqvay, Çili və Peru hərəyə 2, Kolumbiya və Boliviya isə bir dəfə qızıl mükafatçı olub.
A qrupu
Argentina
Peru
Çili
Kanada
B qrupu
Meksika
Ekvador
Venesuela
Yamayka
C qrupu
ABŞ
Uruqvay
Panama
Boliviya
D qrupu
Braziliya
Kolumbiya
Paraqvay
Kosta Rika
Turnirin təqvimi
Qrup mərhələsi
1-ci tur
20 iyun 04.00 Argentina - Kanada
21 iyun 04.00 Peru - Çili
22 iyun 02.00 Ekvador - Venesuela
22 iyun 05.00 Meksika - Yamayka
23 iyun 02.00 ABŞ – Boliviya
23 iyun 05.00 Uruqvay – Panama
24 iyun 02.00 Kolumbiya – Paraqvay
24 iyun 05.00 Braziliya – Kosta Rika
2-ci tur
25 iyun 02.00 Peru - Kanada
25 iyun 05.00 Çili - Argentina
26 iyun 02.00 Ekvador – Yamayka
26 iyun 05.00 Venesuela - Meksika
27 iyun 02.00 Panama – ABŞ
27 iyun 05.00 Uruqvay - Boliviya
28 iyun 02.00 Kolumbiya – Kosta Rika
28 iyun 05.00 Paraqvay - Braziliya
3-cü tur
29 iyun 04.00 Argentina – Peru
29 iyun 04.00 Kanada – Çili
30 iyun 04.00 Meksika – Ekvador
30 iyun 04.00 Yamayka - Venesuela
1 iyul 05.00 ABŞ – Uruqvay
1 iyul 05.00 Boliviya - Panama
2 iyul 05.00 Braziliya - Kolumbiya
2 iyul 05.00 Kosta Rika - Paraqvay
1/4 final
4 iyul 05.00 1. 1A - 2B
5 iyul 05.00 2. 1B - 2A
6 iyul 02.00 3. 1D - 2C
6 iyul 05.00 4. 1C - 2D
yarımfinal
9 iyul 04.00 1. 1-ci cütün qalibi – 2-ci cütün qalibi
10 iyul 04.00 2. 4-cü cütün qalibi – 3-cü cütün qalibi
3-cü yer uğrunda oyun
13 iyul 04.00 1-ci cütün məğlubu – 2-ci cütün məğlubu
final
14 iyul 04.00 1-ci cütün qalibi – 2-ci cütün qalibi
Qeyd: yeni günə keçən gecə keçirilən oyunların başlama tarixi ötən günə nəzərən göstərilib.