Rusiyanın ''RB Sport'' nəşri ''Qarabağ''ın sabiq futbolçusu Kadi Borgesə görə ''Krasnodar''a rəsmi təklif irəli sürdüyünü yazıb.
Mənbənin iddiasına görə Ağdam təmsilçisi rəsmi təklifi qarşı tərəfə bu həftənin əvvəlində göndərib. Danışıqlar davam edir. Bu faktı Kadinin meneceri Helsio Alisk də təsdiqləyib. Kadi özü də ''Krasnodar''ı tərk etməyə və ''Qarabağ''a qayıtmağa can atır.
28 yaşlı yarımmüdafiəçi geridə qoyduğumuz mövsüm krasnodarlıların heyətində 33 rəsmi oyun keçirərək 4 qol, 3 məhsuldar ötürməlik performans sərgilədi. Onun indiki klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. ''Transfermarkt'' portalındakı məlumata əsasən hazırda braziliyalının dəyəri 2,5 milyon avrodu.