Amil Həmzəyev: “İstəyirik ki, Avropa çempionatında iştirak haqqı qazanaq”

6.06.2024 13:54 153
Yığma / Manşet
İyunun 8-9-da Priştinada (Kosovo) 3x3 basketbol üzrə Avropa kuboku üzrə təsnifat turniri keçiriləcək.

Kişilərdən ibarət yığmamız (Cordan Devis, Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Endər Poladxanlı) Ermənistan, Kosovo, Cənubi Kipr və Albaniya komandaları ilə B qrupunda mübarizə aparacaq. Digər qrupda Lüksemburq, Malta, Andorra və İrlandiya komandaları çıxış edəcək. Qadınlardan ibarət yığma (Dina Ulyanova, Tatyana Deniskina, Aleksandra Mollenhauer, Mercedes Uoker) Malta və Lüksemburq komandaları ilə A qrupunda mübarizə aparacaq. Digər qrupda İrlandiya, Andorra, Kosovo və Cənubi Kipr komandaları çıxış edəcək.

Təsnifat turnirinin qalibləri oyunları avqustun 22-25-də Vyanada keçiriləcək Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanacaq. Bununla bağlı fikirlərini öyrənmək üçün kişilərdən ibarət yığmanın üzvü Amil Həmzəyevlə əlaqə saxladıq:
"Müntəzəm mövsüm bitəndən dərahı sonra təlim-məşq toplanışı üçün Serbiyaya yollandıq. Hazırlıq davam edir. Bu gün son günümüzdü. Sabah artıq Kosovada olacağıq. Düzdü, hazırlıq üçün vaxtımız qısa oldu. Ancaq əlimizdə olan maksimum müddət bu idi. Rəqiblər, demək olar ki, iki ildi oynadığımız ölkələrdi. 2022-də seçməni keçsək də, 2023-də məğlub olmuşduq. İndi istəyirik ki, qalib gələk və Avropa çempionatında iştirak haqqı qazanaq. Artıq Cordan Davis də düşərgəmizə qoşulub. Düşünürəm ki, uğurlu çıxış edəcəyik".


GÜNAY SÜLEYMANOVA