“Əsas məqsədimiz final oynamaqdı” - yığma Sarayevoya bu hədəflə yollandı

31.05.2024 19:25 162
Yığma / Manşet
Xəbər verdiyimiz kimi, ölkəmizin minifutbol yığması iyunun 1-8-i aralığında Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatının F qrupunda Fransa, İtaliya və Belçika ilə qarşılaşacaq.

Artıq səfərə çıxan heyət də bəllidi: qapıçılar - Vəli Qafarov (Birbaşa Bakı), Davud Kərimi (Zirə); müdafiəçilər - Müseyib Vəliyev, Cəfər Cəfərov (hər ikisi “Birbaşa Bakı”), Tural Məmmədrzayev (Odlar Yurdu), Taleh Babayev (Zirə); yarımmüdafiəçilər - Elvin Əlizadə, Mirmehdi Rzayev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Kamran Qürbətov (Aznur), Ramiz Çovdarov, Mikayıl Əliyev (hər ikisi “Zirə”); hücumçular - Eşqin Tağıyev (Birbaşa Bakı), Bəxtiyar Soltanov (Odlar Yurdu), Seymur Məmmədov, Rəvan Kərimov, Samir Həmzəyev (hamısı “Zirə”).

Görəsən, yığmanın baş məşqçisi istədiyi heyəti yığa bilibmi? Kimi özlərinə rəqib görürlər? Bu sualla Elşad Quliyevə müraciət etdik:
"Şükürlər olsun ki, zədəlilərimiz yoxdu. Hər şey qaydasındadı. Tam heyətlə yola çıxırıq. Əsas məqsədimiz final oynamaqdı. Güclü rəqiblər çoxdu. Amma biz də zəif deyilik. Mundialda hansı komanda ilə qarşılaşacağımızın bizim üçün fərqi yoxdu. Çünki bizdə güclü komandayıq. Əsas məsələ odu ki, oyunumuz istədiyimiz kimi, yaxşı tərəfdən alınsın. Bu bizim üçün yetərli olacaq".


Yığmanın oyunlarının təqvimi də açıqlanıb. Bizimkilər ilk oyunu iyunun 2-si, saat 13.00-da Belçika millisinə qarşı keçirəcək. Komandamızın növbəti görüşü iyunun 3-ü saat 19.00-da İtaliyaya qarşı olacaq. Sonda Elşad Quliyevin yetirmələri iyunun 4-ü Fransa ilə qarşılaşacaq. Matçın start fiti saat 19.00-da səslənəcək.

GÜNAY SÜLEYMANOVA