Bilindiyi kimi, 35-ci turda ölkə çempionatının oyunları üçün əcnəbi hakimlər dəvət edildi. Bu dəfə VAR otağında Natan Verbumenlə Devid Qersini əyləşdi. Son vaxtlar hakimlərlə bağlı tənqidlərin artması AFFA-nı əcnəbi hakimlərin xidmətindən yararlanmağa məcbur edib.
“Sumqayıt”ın baş məqçisi Samir Abasovun “Sabah”la oyundan sonra “üç oyunun ikisinə əcnəbi, birinə yerli VAR hakimi gəldi. Nə üçün Tovuza əcnəbi VAR hakimi getmədi?” deməsi narazılığın göstərici idi. Həmçinin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “əcnəbi hakimlərin gəlişini xoş qarşılamadım” deməsi birmənalı qarşılanmadı. Bəs avrokuboklar üçün mübarizə aparan “Zirə”nin oyununa niyə əcnəbi referi getmədi? Bunun səbəbini öyrənmək üçün AFFA-nın departament rəhbəri Elnur Məmmədli ilə danışdıq:
“Hakimlər üçün mərkəzləşdirilmiş VAR otağı lazım idi. Ona görə Bakı və Bakıətrafı oyunlara təyinat oldu. Son turun avrokuboklara vəsiqə baxımından önəm kəsb edən oyunlarında da xaricdən çağrılan VAR hakimləri olacaq”.
Əcnəbi referilərin gəlişi nə dərəcədə effektiv oldu? Mövzu ilə bağlı AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovun fikirlərini öyrəndik. O, bu qərarın nəinki yersiz olduğunu, birbaşa yerli hakimləri alçaltdığını bildirdi:
“Əcnəbi hakimlərin gəlişinə ehtiyac vardımı? Əvvəlcə burdan başlamaq lazımdı. 2008-ci ildə çox tez-tez əcnəbi hakimlər dəvət edirdilər. Ramin Musayevin gəlişindən sonra bunlara qadağa qoyuldu. Əcnəbilərin gəlişini çox pis qarşılayıram. Bu, bizim hakimlərimizi alçaltmaq deməkdi. Əliyar Ağayev UEFA-nın təsdiqlənmiş VAR nümayəndəsidi. Hansısa İtaliyadan olan bir hakimə Əliyarı AVAR verirlər. (“Sumqayıt”-“Sabah” oyununu nəzərdə tutur - red.) Bu da onları aşağılamaq mənasına gəlir. Şəffaflığı qorumaq istəyirdilərsə, "Kəpəz" -"Zirə" oyununa da əcnəbi VAR təyin edərdilər. Mərkəzləşdirilmiş yerlərə göndərmək olursa, niyə Tovuzda hər oyunda VAR olurdu?! İlboyu təcrübəli hakimləri təyin etməliydilər. Cavanlara təyinat verirdilər, sonda da problemlər yaranırdı. Ötən tur əcnəbi referilər gəldi, nə dəyişdi?! Mənası yox idi, heç bir problem də olmadı. Müəyyən mübahisəli epizodlar Tovuzda ola bilərdi ki, orda da VAR dəyişmədi. Özünü doğrultmayan bir hərəkətdi. Onların gəlişi ilə nəsə dəyişmədi. Sadəcə, pullar sağa-sola xərclənir. Onların qidalanması, səfəri üçün nə qədər xərc çəkilib. Məsələn, Əliyar Ağayev Yunanıstanda oyun idarə edir və ona yerli hakimləri VAR verirlər. Bizimkilər isə yerliyə inanmır. Gələn əcnəbi hakimlər hansı dildə operatorla danışırlar, o da bilinmir. Deyirlər ki, ölkədə hakim çatışmır. 2008-ci ildə siyahıda 89 hakim, 2017-ci ildə isə 350 hakim vardı. Həmçinin VAR sistemi Azərbaycanda tətbiq olunmurdu. Bəs indi o sayda referi hara gedib?! Frits Ştuxlikdən başlayaraq ölkədə hakimlərin sayı günbəgün azalmağa başladı. 23 FİFA referisi vardısa, bu gün 16-ya qədər azalıb. Həmin vaxt kifayət qədər təcrübə toplamış Rəhim Həsənov, Orxan Məmmədov, Ömər Paşayev, Yaşar Abbasov, Rza Məmmədov, Nahid Əliyev, Vüqar Bayramov və bir neçə hakimi yola saldılar. Hamısı cavandı, amma inspektor gedirlər. Rəhbərlik bununla maraqlanmırmı ki, onlar hardadı? "Qarabağ" -"Turan Tovuz" oyununda yan xətt hakimləri kimi qızları təyin etdilər. Bunlar, sadəcə, göstərmək üçün idi. Bizim vaxtımızda 2 azərbayçanlı FİFA qadın ədalət təmsilçisi, 4 köməkçisi vardı. İndi onlar da yoxdu. Qadınlarımız xaricdə hansısa ölkə referlərinə kömək edirlər. Bizim özümüzdə isə referi yoxdu. Rəhbərlik bu il də əcnəbi seçilsə, nəticə bundan da pis olacaq. Bu illərin təcrübəsində belədi. Bəzi baş məşqçilər açıqlamalarında deyir ki, filankəs bizim oyunlara niyə tez-tez təyinat alır. Yerli rəhbərlik, yerli sədr olsa, belə etməz. Problemlər başdan aşır. Deyirlər ki, əcnəbilər dəvət olunursa, günah yerli hakimlərdəıdi. Onlar deyil, əsl günahkarlar başlarında duranlardı. Bu hərəkətləri ilə etiraf edirlər ki, son illərdə bu istiqamət üzrə heç bir iş aparılmayıb. Komitəyə əcnəbi rəhbər gəlsə, inanın ki, bundan da pis olacaq. Ştuxliklə başlayan məhvetmə Şimşəklə davam etdirildi. Qurban Qurbanov da qeyd edir ki, bunu xoş qarşılamadım. Onunla tam razıyam. Bizim hakimlərə hörmətsizlikdi. VAR-da əyləşmək elə böyük işdimi ki, əcnəbi dəvət edirlər? Futbolçu və məşqçi gətirmək olar. Oyunçu özünə cavabdehdi, səhvini komanda yoldaşı düzəldə bilər. Amma hakimin səhvini kim düzəldəcək?! Bu sahə çox incəlik tələb edir. Qətiyyən yolverilməzdi. 2008-ci ildə əcnəbilərin gəlişinə qadağa qoyuldu, daha sonra inkişaf getdi. Bu sahədə işləmək lazımdı. Yan təsirlərini mövsümboyu izlədik”.
RÖYANƏ OĞUZ