Deyəsən futbolda VAR dönəmi çox da uzun çəkməyəcək.
“Football-plus.az” xəbər verir ki, artıq bir ölkə - İsveç tamamilə VAR-dan imtina edib. Norveç də bu cür etməyə hazırlaşır. Başqa ölkələr də bu mövzu üzərində çox ciddi şəkildə düşünməyə başlayıb. Bu ölkələrin başında İngiltərə gəlir. Bu günlərdə premyer-liqa təmsilçisi ''Vulverhempton'' VAR-ın fanatlarla futbol arasındakı münasibətlərə ziyan vurduğunu, eləcə də futbolun ruhuna ziddiyət təşkil etdiyini əsas gətirərək onun ləğv edilməsini tələb edib. İyunun 6-da premyer-liqanın 20 klubunun təmsilçiləri arasında illik toplantı keçiriləcək.''The Athletic''in məlumatına görə VAR-ın ləğvi məsələsi həmin toplantıda səsverməyə çıxarılacaq.
''Vulverhempton''un fikrincə, VAR öz hədəfinə çatmadı və onun istifadəsi getdikcə fanatlarla futbolun münasibətinə ziyan vurur. Klub VAR-ın ləğv olunması tələbini bu səbəblərlə əsaslandırıb.
* VAR incələməsi üzündən qol sevincləri təbii alınmır və futbola özəllik qatan anlar məhv olur.
* VAR incələməsinin uzun çəkməsi üzündən tribunadakı fanatlar arasında narazılıqlar başlayır və onlar səbirsizlik nümayiş etdirirlər.
* VAR-ın ilkin hədəfi aşkar səhvlərin qarşışını almaq idi. Amma gəlinən nöqtədə görürük ki, VAR bu hədəfdən yayınıb. VAR üzündən epizodlar fərdi cür qiymətləndirilir və üstəlik oyunun davamlılığına zərbə dəyir.
* Meydandakı hakimlər VAR-a hədsiz güvəndiyindən onların nüfuzuna zərbə dəyir.
* VAR qərarları oyununu özünü kölgədə qoyur və bu da premyer-liqanın imicinə ziyan vurur.
* VAR hakimlərlə bağlı müxtəlif şayiələrin yayılmasına səbəb olur.
ƏLİ