Şahmatçımız Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar turnirində bu gün növbəti görüşünə çıxacaq.
28 yaşlı qrossmeyster 9-cu turda ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gələcək. Abasov hazırda 2,5 xalla sonuncu – 8-ci yerdə qərarlaşıb. 4,5 xala malik Karuana isə 5-ci sıradadı. Görəsən, Nicat turnirdə, heç olmasa, bir qələbə qazana biləcəkmi? Ümumiyyətlə, kimi məğlub edə bilər? Bu sualları təcrübəli qrossmeysterlərə ünvanladıq.
Rauf Məmmədov:
"Əlbəttə, qələbə qazana biləcəyini düşünürəm. Məncə, oyunu getsə, bir yox, hətta iki oyunda qalib ola bilər. Qalan 6 şahmatçının hamısına qalib gələ bilər. Ən azı Əlireza Firuzca üzərində qələbə qazanacağını düşünürəm. İdmanda, eləcə də şahmatda əsas inanmaqdı. Uda biləcəyini düşünürsənsə, onda qalib gələcəksən".
Cahangir Ağarəhimov:
"Nicat iki qələbə də qazana bilər. Hər oyun fərqli keçir. Bu idmandı, hər şey mümkündü. Əsas odu ki, əhvalı yaxşı olsun".
GÜNAY SÜLEYMANOVA