“Valensyenn” və “Renn” növbəti mərhələdə

4.03.2024 18:10 228
Dünya futbolu
Çərşənbə axşamı “Strasbur”u məğlub etməklə Fransa kubokunda yarımfinala adlayan “Lion”a növbəti iki gündə “Valensyenn” və “Renn” də qoşulub.

"Football-plus.az" xəbər verir ki, “Ruan” – “Valensyenn” oyunu maraqlı mübarizə şəraitində keçib. Qonaqların hücumçusu Oyevusi 26-cı dəqiqədə hesabı açıb. Meydan sahibləri yalnız son anlarda bərabərlik qolunu vura bilib. 1-ci uzatma dəqiqəsində Loppi penaltini ilk cəhddə qola çevirə bilməyib, ancaq qapıçıdan dönən topa özünü çatdırıb. Belədə qalib penalti seriyasında müəyyənləşib. 2-ci liqa komandası zərbələri rəqiblə müqayisədə daha dəqiq yerinə yetirib.

Digər 1/4 final oyununda elita təmsilçisi “Renn” 4-cü divizionda yarışan “Le-Pyui”ni məğlub edib. Həvəskar komandanın ev oyunlarını keçirdiyi stadion turnirin bu mərhələsinin tələblərinə cavab vermədiyindən oyun Sent-Etyendəki “Joffrua Qişar” stadionunda keçirilib. Bretoniyalıların müdafiəçisi Teate artıq 9-cu dəqiqədə hesabı açıb. Ona assistentlik edən Burijo fasilədən dərhal sonra penaltinin dəqiq yerinə yetirib, sona yaxın isə dublunu rəsmiləşdirib. “Le-Pyui”nin yeganə qolunu 61-ci dəqiqədə Komor adaları yığmasının hücumçusu Adinani vurub.

1/4 final
Ruan (D-3) – Valensyenn (D-2) 1:1, p. – 2:4
Loppi, 90+1 – Oyevusi, 26.
Le-Pyui (D-4) – Renn 1:3
Adinani, 61 – Teate, 9. Burijo, 49-p.; 82.

PSJ – “Nitsa” oyunu martın 13-də keçiriləcək. Bu mərhələnin ilk oyunu fevralın 27-də keçirilib: Lion – Strasbur 0:0, p. – 4:3.