“Liverpul”un Məhəmməd Salahla vidalaşa biləcəyi ilə bağlı şayiələr yenə baş qaldırıb.
Konkret klub adı çəkilməsə də, Səudiyyə Ərəbistanı təmsilçiləri növbəti dəfə misirli ulduza ciddi maraq göstərməyə başlayıb. Əvvəlki dönəmlərdən fərqli “Liverpul”un bu yay Salahı sata biləcəyini düşünməyə vadar edən bəzi amillər var. Birincisi, bu mövsüm açıq-aydın görünür ki, “qırmızılar”da artıq nəsildəyişmə prosesi gedir. Yürgen Kloppun şans verdiyi bəzi gənclər özlərini heç də pis tərəfdən göstərmir. Üstəlik komanda artıq Salahsız da oynaya bildiyini bəzi matçlarda göstərib.
İkinci səbəb isə 31 yaşlı ulduzun müqaviləsinin müddətinin gələn yay başa çatmasıdı. Yəni “Liverpul” onu bu yay sata bilməsə, böyük ehtimalla 2025-də təcrübəli futbolçu ilə havayi vidalaşmalı olacaq. Təsadüfi deyil ki, İngiltərə mətbuatında “Liverpul” rəhbərliyinin Salahı heyətdə saxlamaq üçün israr etməyəcəyi barədə xəbərlər peyda olub. “Qırmızılar”ın gözləntisi isə bu satışdan ən azı 100 milyon funt sterlinq (təxminən 116 milyon avro) gəlir əldə etməkdi! Zatən Mane və Firminonun ayrılmasından sonra aydın məsələ idi ki, gec-tez Salahın da vidalaşmaq zamanı çatacaq. Ünlü futbolçu 100 milyon funt sterlinqə satılsa, klub tarixinin ən bahalı ikinci satışına çevriləcək. “Liverpul” daha öncə Filipe Koutinyonu 135 milyon avroya “Barselona”ya satmışdı. Salahın 2017-ci ildən bəri “Lverpul”un şərəfini qoruduğunu, bu müddətdə 8 titul qazandığını və 333 rəsmi oyunda 205 qol, 89 məhsuldar ötürməlik mükəmməl performans ortaya qoyduğunu bildirək. Bu yerdə xatırladaq ki, ötən yay “Əl-İttifaq” Salaha görə 150 milyon funt sterlinq ödəməyə razı olsa da, ingilislər futbolçunu buraxmamışdı.
Ümumiyyətlə, yaydan etibarən Səduiyyə Ərəbistanı klublarının yenidən transferdə fəallaşacağı güman olunur. Çünki yerli federasiya legioner limitini dəyişməyə qərar verib. Düzdü, artıq mövsümlük iştirak ərizəsinə əvvəlki kimi 30 yox, 25 futbolçunun adı salınacaq. Amma buna qədər klublara yalnız 8 legionerlə müqavilə imzalamağa icazə verilirdisə, yaydan etibarən bu rəqəm 10-a çatdırılacaq. Hərçənd legionerlərdən ikisi uzağı 2003-cü il təvəllüd olmalıdı. Bu üzdən ərəblər dünya ulduzları ilə yanaşı, artıq gənc oyunçulara da maraq göstərəcəklər. İndidən yayılan şayiələrdə Salahdan əlavə De Bruyne, Van Diyk, Bernardo Silva, Alisson, Kazemiro, Varan, Bruno Fernandeş, Modriç, Ter Ştegen kimi ulduzların da yayda Səudiyyə Ərəbistanına yollana biləcəyi qeyd olunur.