Dünən Misli premyer-liqasının 24-cü turuna start verildi.
Xatırladaq ki, “Kəpəz” “Qəbələ”ni məğlub etməklə (2:1) xal fərqini səkkizə çatdırdı. “Medal”ın iki üzündən biri “sarı-göylər” üçün ümid, sevinc və rahatlıq bəxş edirsə, digəri “qırmızı-qaralar” üçün fəlakətin xəbərçisidi. Əlbəttə, gözləmək olardı ki, “Qəbələ” çıxılmaz duruma düşdüyünə görə narahat olacaq. Amma vallah, mən nə “Qəbələ”nin futbolçularında, nə baş məşqçidə, nə də rəhbərlikdə hansısa nigaranlıq hiss etdim...
Görəsən, komandanın xəbəri varmı ki, son 6 turda qələbə qazana bilməyiblər? Ya bilirlərmi ki, mövsümü sonuncu pillədə bitirən kollektiv növbəti “futbol ili”nə 1-ci liqada başlayacaq? “Bilirik” deməyin, onda sual veriləcək ki, bəs niyə buna uyğun davranmırsız?!
Bu matçda “Kəpəz”in 2, “Qəbələ”nin 4 futbolçusu “sarı”yla cəzalanıb. Bölgə təmsilçisi təkcə bu hala görə İntizam Komitəsi tərəfindən 700 manat cərimə ediləcək. Yəni oyunçular kluba təkcə mənəvi yox, maddi ziyan da vurmağa davam edir. Ümumiyyətlə, 24 tur ərzində 16 qol vurub 41-ni buraxan, 4 qələbə, 3 heç-heçə, 16 məğlubiyyət yaşayan komanda haqda hərflər yox, rəqəmlər daha ciddi danışır!
Elmar Baxşıyevə gəlincə, “mənə inanan adam var, o nə vaxt desə, onda gedəcəyəm” deməklə istefa verməməsinə haqq qazandırır. Bu cümlə yadıma “Kəpəz”in sabiq baş məşqçisi Azər Məmmədovu saldı. O, rəhbərliyin israrına, hətta idman direktoru vəzifəsini təklif etməsinə rəğmən, bacarmadığını deyib geri çəkilmişdi. Düzdü, “Sabah”ın sabiq baş məşqçisi kimi, o da “Qarabağ”a 1:7 hesabıyla uduzandan sonra bu qərarı vermişdi. Lakin bu məqam istefanın məhz klubun xoş gələcəyi üçün verildiyinə şübhə yaratmır...
Bilindiyi kimi, fevralın 28-də “Qarabağ” “Qəbələ”nin qonağı olacaq. Murad Musayev və Azər Məmmədovun taleyini yaşamaq ehtimalı heç qorxunc gəlmir? Özündən bir pillə yuxarıda olan kollektivlə bacarmayanlar şəriksiz liderlə necə döyüşəcək? Təbii ki, çıxış yolu möcüzə arzulamaqdı...
Ümumiyyətlə, dünən fəlakət “Qəbələ”nin qapısını bir daha döydü. Bu səsi eşitməsəz, pəncərədən də olsa, içəri daxil olacaq...
KƏNAN BAHADIR