Hədsiz yüksək məhsuldarlıq, gözlənilməz nəticələr, darmadağınlar, çempionluq mübarizəsinin get-gedə qızışması...
"Football-plus.az" xəbər verir ki, premyer-liqanı bütün dünyaya sevdirən əlamətlərdən bir qismi budu. Hesabat turu da bu mənada istisna olmadı. “Arsenal”ın turun mərkəzi oyunundakı qələbəsi müəyyən mənada “Mançester Siti”nin də işinə yaradı. Elə Mançesterin digər təmsilçisi də tədricən özünə gəlir. London nəhənglərindən “Çelsi” növbəti dəfə fiasko yaşadısa, “Tottenhem” qələbəni son anda əldən verdi.
“Arsenal” yanvarın 7-də ölkə kubokunda uduzduğu (0:2) “Liverpul”u məğlub etməklə həm qisas aldı, həm də rəqibin 4 oyunluq qələbə seriyasını qırdı. “Topçular” oyunboyu üstün təsir bağışladı, hadisələrin axarına nəzarət etdi və “qırmızılar”ın pressinqinin öhdəsindən gəldi. “Liverpul”un hücumlarında açıq-aşkar yaradıcılıq çatışmırdı. Salahsız, yenicə sağalan Nunyesin ümidinə qalan “qırmızılar” çox solğun təsir bağışladı, təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkdi. Onlar artıq 14-cü dəqiqədə qapısında qol görsə də, fasilə ərəfəsində kuryoz avtoqolla hesabı bərabərləşdirdi. Yeri gəlmişkən, 2-ci hissənin ortalarında özləri də “axmaq” qol buraxdılar. Son dəqiqələrdə azlıqda qalan "Liverpul" 3-cü qoldan sonra məğlubiyyətlə barışdı. Halbuki Kloppun komandası sentyabrdan bəri, yəni son 15 oyunda çempionatda heç kimə uduzmamışdı.
“Everton”la səfər oyununa favorit statusunda başlayan “Tottenhem” Rişarlisonun erkən qolu ilə önə çıxdı. “Mahmızlar” bununla kifayətlənmədi, yenidən irəli atıldı. Ancaq fərqi artırmaq mümkün olmayınca “Everton” tədricən təşəbbüsü ələ keçirdi. Hər ötən dəqiqə meydan sahiblərinin pressinqinin intensivliyini artırdı, topa nəzarət faizi də artmağa başladı. Nəhayət, 30-cu dəqiqədəki künc zərbəsi işə yaradı. Kalvert-Lüin Harrisonun hesabı bərabərləşdirməsinə imkan yaratdı. “Göylər” bundan sonra da meydanda dominantlığı davam etdirdi. Ancaq onlar bir qədər təzyiqi azaldan kimi “Tottenhem” yenidən fərqləndi. Rişarlison “9-luğ”a gözəl zərbə vurdu. 2-ci hissə birincinin tam əksi oldu. Artıq “Everton”un pressinqi işləmirdi, meydan sahibləri, demək olar ki, hücum etmirdi. 3-cü qolu vurmaq baxımından bir neçə gözəl imkanı qaçıran “mahmızlar” sonda öz qapısına sıxıldı. Və davam gətirmək mümkün olmadı. “Everton” ilk yarıda olduğu kimi, yenə standart vəziyyətdən yararlandı. Cərimə zərbəsindən ötürmənin qarşısını almaq istəyən Romeronun qaytardığı top Brentueydə düşdü, o da bərabərlik qolunu vurdu. “Everton” bu heç-heçə sayəsində təhlükəli zonadan uzaqlaşa bilmədi, “Tottenhem” isə “Aston Villa”ya ilk “4-lüy”ə qayıtmaq imkanı verdi.
Həftəiçi evdə “Nyukasl”a uduzan birmingemlilər bu dəfə aşkar autsayder "Şeffild Yunayted"in daşını daş üstə qoymadı. Unay Emerinin komandası ilk yarım saatda 4 qol vurandan sonra bir qədər sakitləşdi. Moreno 47-ci dəqiqədə meydan sahiblərini 5-ci dəfə məyus edəndən sonra oyunu dayandırmaq olardı.
MY – “Vest Hem” oyununda da darmadağın qeydə alındı. Bu komandalar turnir cədvəlində qonşudu. “Çəkicdöyənlər” qələbə halında mankunianlardan uzaqlaşacaqdı. MY isə udacağı halda, bu komandanı arxada qoyacaqdı. Bu üzdən favoritin kimliyini müəyyənləşdirmək çətin idi. Oyunun axarına əsasən mühakimə yürütsək, məhz “Vest Hem” “1 nömrə” kimi oynadı. Qonaqların belə oyun üslubu təəccüb doğurmaqla yanaşı, MY-nin işinə yaradı.
Mankunianlar rəqibin səhvlərinə bel bağlayırdı. İlk yarıda yeganə məhsuldar hücumda Heylunn qol vurdu. 2-ci hissənin əvvəlində Qarnaço komandasının üstünlüyünü möhkəmlətdi. Və “Vest Hem” nəyə görəsə sakitləşdi. Yaxşı, Devid Moyes nə gözləyirdi? MY hesabda irəli çıxandan sonra oynamağı dayandıracaqdı? Təbii ki, yox. Mankunianlar çox güc sərf etmədən bilərəkdən “vaxt öldürməyə” başladı. Final fiti ərəfəsində Qarnaço 3-cü qolu londonluların qapısından keçirdi. Həqiqətən də, ilk yarıdakı oyuna görə “Vest Hem”in belə uduzacağını düşünmək olmazdı. Fasilədən sonra qonaqların oyununda nəsə qırıldı ki, bu da fiasko ilə nəticələndi. MY “Vest Hem”i turnir cədvəlində arxada qoysa da, “Tottenhem”dən hələ 6 xal geri qalır.
Londonun digər təmsilçisi “Çelsi” də növbəti fiasko ilə üzləşdi. Maurisio Poçettino bu gedişlə mövsümün sonuna qədər işləyə bilməyəcək. Oyunun əvvəlində həm “Çelsi”, həm də “Vulverhempton” təhlükəli vəziyyətlər yaratdı, qol isə hissənin ortalarında vuruldu. Palmerin vurduğu qola görə meydan sahiblərinin sevinci uzun sürmədi, cəmi 3 dəqiqə sonra Kunya hesabı bərabərləşdirdi. Fasilə ərəfəsində “canavarlar” irəli çıxdı. Ayt-Nurinin zərbəsindən sonra Disasidən səkən top qapıçı Petroviçi çaşdıraraq tora daxil oldu. Poçettino sona yarım saat qalmış Kaysedonu Ceksonla əvəzləməklə hücumu gücləndirmək istədi. Bundan dərhal sonra onun komandası 3-cü qolu buraxdı. Yenə Kunya fərqləndi. 82-ci dəqiqədə Kunya özünə qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirməklə qalibin kimliyinə zərrəcə şübhə yeri qoymadı. “Zadəganlar” yalnız darmadağından qaça bildi. Silva Mudrikin künc zərbəsindən sonra fərqi ikiyə endirdi. İndi məhz “Vulverhempton” 10-cu pillədə qərarlaşıb, “Çelsi” isə bir pillə gerilədi.
Turun qalan oyunlarına gəlincə, “Bernli” – “Fulhem”, “Bornmut” – “Nottingem Forest” oyunlarında heç-heçə qeydə alındı, “Brayton” “Kristal Pelas”ı darmadağın etdi. Turun ən məhsuldar oyununda “Nyukasl”la “Luton” birlikdə 8 qol vurdu. Elitanın debütantı avrokuboklara vəsiqəyə iddialı rəqiblə oyunda 1 xal qazandı. Turun dünən axşam keçirilən son oyununda “Mançester Siti” “Brentford”u məğlub etməklə zirvəyə yaxınlaşdı.
23-cü tur
Arsenal – Liverpul 3:1
Saka, 14. Martinelli, 67. Trossar, 90+2 – Qabriel, 43-öz qapısına. (60374)
Arsenal: Rayya, Zinçenko (Kivyor, 46), Qabriel, Saliba, Uayt, Edeqor, Rays, Jorjinyo, Martinelli (Trossar, 74), Haverts, Saka (Nelson, 79).
Liverpul: Alisson, Qomes, Van Diyk, Konate, Aleksander-Arnold (Robertson, 58), Qravenberx (Elliott, 58), Makallister, Cons, Dias, Qakpo (Nunyes, 58), Jota (Alkantara, 85).
Everton – Tottenhem 2:2
Harrison, 30. Brentueyt, 90+4 – Rişarlison, 4; 41. (39321)
Tottenhem: Vikario, Udoci, Van de Ven, Romero, Porro, Heybyerq (Drequşin, 89), Bentankur (Sarr, 64), Verner (Skipp, 86), Meddison (Xil, 86), Conson (Kulusevski, 64), Rişarlison.
Mançester Yunayted – Vest Hem 3:0
Heylunn, 23. Qarnaço, 49; 84. (73612)
MY: Onana, Şou (Lindelöf, 88), Martines (Varan, 71), Maquayr, Dalot, Maynu (Maktominey, 64), Kazemiro, Reşford, Fernandeş, Qarnaço, Heylunn (Antonii, 88).
Çelsi – Vulverhempton 2:4
Palmer, 19. Silva, 86 – Kunya, 22; 63; 82-p. Disasi, 43-öz qapısına. (39628)
Çelsi: Petroviç, Çiluell (Badyaşil, 81), Disasi, Silva, Hüsto (Gilkrist, 81), Kaysedo (Cekson, 63), Fernandes, Sterlinq (Mudrik, 72), Qallaher, Nkunku (Çukvuemeka, 72), Palmer.
Bernli – Fulhem 2:2
Fofana, 71; 90+1 – Palyinya, 17. Muniz, 21. (20203)
Brayton – Kristal Pelas 4:1
Dank, 3. Hinşelvud, 33. Buonanotte, 34. Pedro, 85 – Mateta, 71. (31345)
Nyukasl – Luton 4:4
Lonqstaff, 7; 23. Trippyer, 67. Barns, 73 – Oşo, 21. Barkli, 40. Morris, 59-p. Adebayo, 62. (52211)
Şeffild Yunayted – Aston Villa 0:5
Makqinn, 12. Uotkins, 16. Beyli, 20. Tilemans, 30. Moreno, 47. (28978)
Bornmut – Nottingem Forest 1:1
Klyuvert, 5 – Hadson-Odoi, 45. (11226)
Brentford – Mançester Siti 1:3
Mope, 21 – Foden, 45+3; 53; 70.
1. Liverpul 23 15 6 2 52-22 51
2. Mançester S. 22 15 4 3 54-25 49
3. Arsenal 23 15 4 4 47-22 49
4. Aston Villa 23 14 4 5 49-30 46
5. Tottenhem 23 13 5 5 49-35 44
6. Mançester Y. 23 12 2 9 31-32 38
7. Vest Hem 23 10 6 7 36-36 36
8. Brayton 23 9 8 6 42-38 35
9. Nyukasl 23 10 3 10 48-37 33
10. Vulverhempton 23 9 5 9 37-37 32
11. Çelsi 23 9 4 10 38-39 31
12. Bornmut 22 7 6 9 30-41 27
13. Fulhem 23 7 5 11 30-38 26
14. Kristal Pelas 23 6 6 11 26-40 24
15. Brentford 22 6 4 12 32-39 22
16. Nottingem F. 23 5 6 12 28-41 21
17. Luton 22 5 5 12 32-42 20
18. Everton (-10) 23 8 5 10 26-30 19
19. Bernli 23 3 4 16 24-47 13
20. Şeffild Y. 23 2 4 17 19-59 10
Bombardirlər: Holann (MS), Salah (Liverpul) – 14, Solanke (Bornmut) - 13, Son Hın Min (Tottenhem) - 12, Bouen (Vest Hem), Uotkins (Aston Villa) – 11.
Növbəti turun oyunları fevralın 10-12-si aralığında keçiriləcək: Mançester Siti – Everton, Vulverhempton – Brentford, Liverpul – Bernli, Luton – Şeffild Yunayted, Tottenhem – Brayton, Fulhem – Bornmut, Nottingem Forest – Nyukasl, Vest Hem – Arsenal, Aston Villa – Mançester Yunayted, Kristal Pelas – Çelsi.
Turun rəqəmi
45 – “Vulverhempton” son 45 ildə ilk dəfə “Stemford Bric”də “Çelsi”yə qalib gəldi. “Canavarlar” bu stadionda sonuncu dəfə 1979-cu ildə sevinmişdi.
Turun ulduzu
Alexandro Qarnaço (MY) – 2-ci hissə argentinalı yarımmüdafiəçinin benefisinə çevrildi. Məhz onun qolu “Vest Hem”in müqavimətini qırdı. Hesab arasında fərqi darmadağın həddinə çatdıran da Qarnaço oldu.
Turun sitatı
Ange Postekoğlu, “Tottenhem”in baş məşqçisi: “Burda oynamaq həmişə çətindi. İkinci hissədə yaxşı imkanlarımız oldu, intriqanı öldürmək üçün 3-cü qolu vurmalıydıq. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Belə görünür ki, hakimlər hər şeyi öz axarına buraxır və VAR-a aldanırlar. Lap sonda qol buraxdığımıza görə məyusuq. Belə təəssürat yaranır ki, bizim iştirakımızla olan oyunlarda hakimlər bəzi vəziyyətlərə müdaxilə etməyə hazır olmurlar. Sonda qollar buraxmaqla özümüzü qələbə uğrunda mübarizə aparmaq imkanından məhrum edirik. Bu reallığı qəbul etməliyik”.
Reaksiyalar
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Ümumilikdə etiraf etmək lazımdı ki, “Arsenal” 3 xala layiq idi. Ancaq şərtlər qəribə idi. Bu gün çox şey əleyhimizə işlədi. Bu hakim “Mançester Siti” ilə oyunumuzda Bernardo Silvanın Salaha qarşı güləş fəndindən sonra mənə qırmızı vərəqə göstərmişdi. Bu gün Jotaya qarşı eyni hərəkət oldu, ancaq “qırmızı” göstərilmədi. Haverts Konatedən yapışır, sonra özü yıxılır, hakim isə Konateni “sarı” ilə cəzalandırır. Qabriel Nunyesə münasibətdə eyni hərəkəti edir və cəzalanmır”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Bu, qeyri-adi oyun idi. Hesab edirəm ki, azarkeşlərimiz üçün oynadıq. Stadionda əla atmosfer yaratdıq. Bir başqa səviyyəyə yüksəlməliydik. Oyunçular qələbə yolunda bütün gücünü qoydu. Bu gün qələbə qazanmağın necə çətin olduğunu, onların nə qədər çalışdığını bilirəm. Bütün etdiklərinə görə futbolçulara yalnız təşəkkür etmək olar”.
Erik ten Haq, MY-nin baş məşqçisi: “Cümə axşamı oyunu yoluna qoymasaydıq, bu gün qələbə qazanmazdıq. Komandanı tərifləməliyəm. Hücum xəttimiz güclənib. Sürət, temp, intuisiya, kreativlik gördüz”.
Unay Emeri, “Aston Villa”nın baş məşqçisi: “Şadam, ona görə ki, oyundan əvvəl “Nyukasl”dan aldığımız məğlubiyyətə necə reaksiya verəcəyimizə köklənmişdik. Səfərdə qalib gəlmək çətindi. Çox razıyam, hədsiz aqressiv oynadıq”.
Faktlar
* Rasmus Heylunn MY-nin tarixinə ardıcl 4 çempionat oyununda qol vuran ən gənc futbolçu kimi düşdü. O, “Vest Hem”ə qədər “Aston Villa” (3:2), “Tottenhem” (2:2) və “Vulverhemton” (4:3) ilə oyunlarda da fərqlənmişdi.
* “Çelsi” 23 turdan sonra 31 xalla 11-ci pillədə qərarlaşıb. Komanda premyer-liqada 2015/16 mövsümündən bəri ən pis nəticəsini göstərməkdədi. Həmin vaxt 23 turdan sonra 28 xal toplamışdılar ki, sonda da mövsümü 10-cu yerdə bitirdilər.