Olduqca qeyri-sabit və imkanlarından aşağı səviyyədə mövsüm keçirən “Beşiktaş”da fanatlar arasında yavaş-yavaş yeni rəhbərliyə etiraz dalğası yaranmağa başlayıb. Prezident seçkisindən öncə az qala dünyaları söz verən yeni başqan Hasan Aratın hələ də ciddi fəaliyyəti gözə dəymir. Halbuki bu gün onun başqanlıq dönəmindəki 60-cı günü tamam olur!
Bilindiyi kimi, bir çox mütəxəssislə görüşüldükdən sonra Fernando Santuşa üstünlük verildi. Amma portuqaliyalı məşqçinin gəlişindən bəri komanda yüksəliş əvəzinə eniş yaşayır. Son 3 turda xala həsrət qalan İstanbul nəhəngi 23-cü turu cəmi 33 qolla tamamlayıb. Bu, son 15 ilin ən zəif göstəricisidi! Komanda mühsuldarlıq baxımından sonuncu dəfə bundan daha zəif performansı 2009/10-da sərgiləyib. O vaxt “ağ-qaralar” 23-cü turu 30 qolla tamamlamışdı. Hələ ki söz verilən hay-küylü transferlər ortada yoxdu. Yalnız “Adana Dəmirspor”dan sağ müdafiəçi Yonas Svensson transfer edilib. Elə Santuş özü də tez-tez mətbuat konfranslarında heyətin səviyyə baxımından yetərli olmamasından və yeni transferlərin vacibliyindən danışır. Düzdü, son dönəmlərdə yeni rəhbərliyin əl-qolunu bağlayan bəzi hadisələr baş verib. Viktor Ruiz və Tayler Boydun kluba qarşı qaldırdığı iddialar üzündən bu futbolçulara ümumilikdə 4,2 milyon avro ödənilib. İndi də 2018-22-ci illərdə “Beşiktaş”ın şərəfini qorumuş Domaqoy Vidanın məxsus olduğu menecerlik şirkəti klubdan 2 milyon avro tələb edir! Bu məsələ məhkəmədə həllini tapacaq. Bütün bunlara rəğmən, bəzi oyunçularla danışıqlar davam edir. “Valensiya”dan ayrılan Qabriel Paulista ilə ilkin razılıq əldə olunsa da, təcrübəli futbolçu son anda fikrini dəyişərək “Atletiko”ya keçməyə üstünlük verdi. Devi Klaassen, Malanq Sarr və Villiam Karvalyo ilə danışıqlar davam edir. Portuqaliya yığmasında 80 oyun keçirən “Betis”in dayaq yarımmüdafiəçisi Karvalyonun transferi daha real görünür. 31 yaşlı futbolçu ilə artıq ilkin razılıq əldə olunub. Qalır yalnız “Betis”lə anlaşmaq.
Bu arada “Beşiktaş”da iki zədəli futbolçunun – Vensan Abubakarla Salih Uçanın durumuna aydınlıq gəlib. Kamerun yığması artıq Afrika Millətlər Kubokunda çıxışını başa vurduğundan Abubakar İstanbula dönüb. Bilindiyi kimi, turnir ərəfəsində məşqdə zədələnən təcrübəli forvard yanız 1 matçda 13 dəqiqə oynamaq şansı qazandı. Tibbi müayinədən sonra onun hələ də əzələsində problem olduğu üzə çıxıb Bu üzdən Abubakar 2-3 həftə komandasına kömək edə bilməyəcək. Ötən tur Sivasda zədələnən Salihin də əzələsində sıxıntı var. Onun həftəsonu “Trabzonspor”a qarşı prinsipial matçı buraxacağı gözlənilir.
ƏLİ