Yanvarın 19-da Rahil Məmmədovun Polşanın LKS klubuna keçidi rəsmiləşdi. Bəlli oldu ki, 2018-ci ilin yayından “Qarabağ”da çıxış edən müdafiəçi 2025-ci il iyunun sonuna qədər adı çəkilən komandanın şərəfini qoruyacaq.
Əlbəttə, Rahilin “Qarabağ”dan ayrılması gözlənilməz oldu. Futbolçuyla əlaqə saxlayıb “köhlən atlar”dan ayrılıq səbəbi, hədəfləri, yeni komandası haqda söhbətləşdik. Rahil bir neçə sualımıza cavab verdisə, bəzi mövzulara toxunmaq istəmədi.
– Rahil, ilk növbədə yeni klubunda sənə uğurlar arzulayıram. Komanda ilə bağlı düşüncələrin necədi? Gözləntilərin özünü doğrultdumu?
– Hələ ki Polşanın mühiti haqda danışa bilmərəm. Çünki yanvarın 19-u gedib müqavilə bağladım. Bir gün sonra Türkiyəyə gəldik. Əlbəttə, ümumi təəssürat yaxşıdı. Bəli, qardaş ölkədə iki yoxlama oyununda iştirak etdim. Yavaş-yavaş yeni komandama uyğunlaşıram. Əlbəttə, bir həftə ərzində yaşadıqlarıma əsasən dəqiq nəsə deyə bilmərəm. Lakin zaman keçdikcə hər şeyin qaydasına düşəcəyinə inanıram. Yaxşı olacaq.
– Hər halda, yoxlama oyunlarında futbolçuları izlədin. Baş məşqçinin tələbləriylə tanışsan. Uğurlu nəticələr qazanacağınıza inanırsan?
– Əsas odu ki, komandanın taktikası, müəyyən oyun üslubu və motivasiyası var. Hər kəs vacib məqamların nədən ibarət olduğunu bilir. Baş məşqçi ilə oyunçular arasında anlaşmazlıq yoxdu. Tələblər bəllidi. Hamı tapşırıqların öhdəsindən gəlməyə çalışır. Futbolçular öz üzərində işləyir. Yenə deyirəm, ilkin təəssüratım müsbətdi. Amma çempionat başlayandan sonra məsələlər daha aydın olacaq.
– LKS-in konkret məqsədi və oyunçulardan tələbləri varmı? Polşa çempionatı ilə bağlı prinsipial məqamlar hansılardı?
– Məqsəd aşağı liqaya yuvarlanmamaqdı. Polşada mövsümün axırında sonuncu üç pillədə, yəni 16, 17 və 18-ci sıralarda qərarlaşan komandalar çempionatı tərk edir. Hamı çalışır ki, belə xoşagəlməz vəziyyətdən xilas olaq və növbəti mövsümə daha iddialı, daha uğurlu başlayaq.
– Bəs bu klubu hansı təkliflər arasından seçdin? Daha dəqiqi, transfer prosesi necə baş tutdu?
– Başqa təklifim yox idi. Klubdan birbaşa özümlə əlaqə saxlayıb məni transfer etmək istədiklərini dedilər. Bu barədə "Qarabağ"a məlumat verdim, Avropada legioner həyatı yaşamaq istədiyimi bildirdim. Sağ olsunlar, heç bir problem olmadan keçidimə şərait yaratdılar.
– Yəqin vidalaşmaq asan olmayıb...
– 5 il idi "Qarabağ"da çıxış edirdim. Əlbəttə, öyrəşdiyin insanlardan uzaqlaşmaq, onlarla sağollaşmaq asan olmur. Amma həm komanda yoldaşlarımla, həm də məşqçilər heyəti ilə vidalaşmalı oldum. Belə hadisələr işimizin bir hissəsidi. Hardasa ayrılmaq, yoluna başqa komandayla davam etmək lazım olur. Ümumiyyətlə, "Qarabağ"dan ayrılmaq öz qərarım idi. Hamının başına gələ bilər.
– Sabiq komandan Avropa Liqasının pley-offunda “Braqa” ilə qarşılaşacaq. Hazırlıq prosesinin müəyyən hissəsində sən də iştirak etmisən. Portuqaliya təmsilçisi çətin rəqib deyil ki?
– Həmişəki kimi, yüksək səviyyədə hazırlaşırdıq. Məşqlərin daha ciddi şəkildə davam etdiyini bilirəm. İnanıram ki, "Qarabağ" "Braqa"nın da öhdəsindən gələcək. Komanda daxilindəki vəziyyət də möhtəşəmdi. Futbolçuların premyer-liqadakı uğurları da göstərir ki, hansısa problem yoxdu. Hər şey qaydasındadı.
– Karyeranın davamını necə görürsən? Planların varmı? Azərbaycan premyer-liqasının liderini Polşanın autsayderinə dəyişmək geriyə addım sayıla bilər?
– Hələ ki konkret nəsə deyə bilmərəm. İşlər LKS-in liqada qazanacağı nəticələrdən asılıdı. İnşallah, uğurlu olarsa, karyerama yeni klubumda davam etmək haqda düşünə bilərəm. Hadisələrin axarından asılıdı. İndi özümü tam formaya salıb var gücümlə komandama dəstək olmaq haqda düşünürəm.
– “Qarabağ”ı tərk etməyinin başqa səbəblərinin olduğunu iddia etmək olar? Bəziləri az şans qazandığın üçün komandanı dəyişdiyini bildirir. Klubla aranda hansısa problem var idi?
– Dediyim kimi, öz istəyimlə ayrıldım. Çünki legioner həyatı yaşamaq istəyirdim. Məncə, hər bir azərbaycanlı futbolçu ölkə xaricində çıxış etmək istəyir. Polşa çempionatı pis deyil. Yetərincə rəqabət var. 28 yaşım var. Düşündüm ki, indi cəhd etməsəm, növbəti illərdə mənim üçün çox çətin olacaq. Heç bir problemdən söhbət gedə bilməz.
– Yenidən “Qarabağ”a qayıtmaq ehtimalı nə dərəcədə realdı? Ümumiyyətlə, belə istəyin var?
– Bunu zaman göstərəcək.
– Sonda “Qarabağ”la yaşadığın ən kədərli və sevincli iki hadisəni bizimlə bölüşə bilərsən?
– “Qarabağ” haqda təəssüratım həmişə yaxşı olub. Düzü, sabiq komandamla o qədər uğur qazanmışam ki, kədərli anlar yadımda deyil (gülür). Klubla müqavilə bağladığım ilk gün həyatımın ən xoşbəxt anlarını yaşadım. Uğurların başlanğıcı idi.
Qeyd edək ki, Rahil Məmmədov əsas millimizin uğursuz çıxışı, futbolçuların sabit oyun göstərə bilməməsinin səbəbləri, ümumiyyətlə, komandanın inkişafına mane olan amillər haqda sualları cavablamaq istəmədi.
KƏNAN BAHADIR