Region Liqasında mövsümə hədsiz zəif başlayan komandalardan biri də “Ərgünəş”di.
Mərkəz zonasında mübarizə aparan Füzuli təmsilçisi 4 turdan sonra 4 məlubiyyətlə turnir cədvəlinin dibindəndi. Hətta "Ərgünəş"in rəhbəri və baş məşqçisi Atəm Ağayev qəzetimizin saytına açıqlamasında heyətdə qapıçı olmadığını və məcburiyyətdən müdafiəçini qapıçı kimi oynatdıqlarını demişdi. Atəm bəy həmçinin Füzuli rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, laqeyd münasibətlə üzləşdiyini vurğulayıb. Belə bir sual doğur: belə rüsvayçı çıxış gözlənilirdisə, "Füzuli" ilə "Ərgünəş"in vahid və daha güclü komanda halında 2-ci liqada mübarizə aparması daha məntiqli olmazdımı? Bu sualı aydınlaşdırmaq üçün “Füzuli”nin prezidenti Rauf Quliyevə müraciət etdik:
"İlk növbədə onu deyim ki, "Ərgünəş"in indiki çıxışı yaralı yerimizdi. Bir füzulili kimi Region Liqasındakı nəticələr ürəyimizi ağrıdır. Biz son iki oyundan sonra məsələdən tam agah olduq ki, komandada ciddi problemlər var, heyətində heç qapıçı da yoxdu. Klubda əsasən Beyləqan və Füzulidən olan gənclər yer alıb. Hazırda bacardığımız qədər onlara kömək edirik. Hətta son oyunlarında da əlimizdən gələni etdik. Amma vəziyyət pis də deyil, acınacaqlıdı. Çünki heyətdə təcrübəli, dirijorluq edən, gəncləri arxasınla apara biləcək bir oyunçu da yoxdu. Hələ başqa məsələlərdən danışmıram. İnanın ki, hazırda komandanı yeni futbolçularla doldursaq belə, qısa zamanda işlər düzələsi deyil. Həmçinin problem yalnız oyunçu yoxluğuyla bitmir. Baza, struktur, vəsait problemi də var. Səmimi deyim ki, ötən illə müqayisədə Region Liqasında da inkişaf var, iddialıların sayı artıb. Odu ki, bir çox futbolçu iştahı böyük olan klublarda, qalanı isə 2-ci liqa təmsilçilərində top qovur. "Ərgünəş"də də futbolçu qıtlığıdı. Buna rəğmən, əlimizdən gələn köməyimizi əsirgəməyəcəyik. "Ərgünəş"lə "Füzuli"nin birləşməsinə gəlincə, bu elə də asan iş deyil. Amma belə istəyimiz var idi. Sadəcə, müəyyən problemlər oldu. Əsas da möhür məsələsində. Onsuz da biz vaxtilə mövcud olmuş "Ərgünəş"in əsasında bərpa olunduq. Adı çəkilən klubun əsas fiqurlarından olan Xəqani müəllim də bizimlədi, hazırda komandamızda idman direktorudu. Onu da vurğulayım ki, son illərdə Füzulinin təmsil etmək istəyən klublar "Ərgünəş" adını götürüb. Sumqayıtda yaşayan füzulililər də belə komanda yaratmışdı. Hazırda Region Liqasında çıxış edən klubun möhürünə də baxsaz, görərsiz ki, orda "Ərgünəş - Füzuli" yazılıb. Yəni hazırkı "Ərgünəş" heç də sovet dönəmindəki "Ərgünəş" deyil. Sadəcə, rayonumuzdan çıxan klublar özünə tarixi komandanın adını götürür. Gələcəkdə adımızın "Ərgünəş" olub-olmayacağını deyə bilmərəm. Lakin bir nüansı dəqiq deyim ki, adımızdan asılı olmayaraq, ürəyimiz daim Füzuli üçün söyünəcək".
Atəm bəyin daha bir narazılığı stadionla bağlıdı. Onun dediyinə görə, doğma rayonda stadion olmadığından komanda məcburiyyətdən ev oyunlarını Ağcabədidə keçirir. Həmin stadionun şəraiti isə ürəkaçan deyil. "Ərgünəş"in nümayəndəsi həmçinin vurğulayır ki, İkinci Mahmıdlu kəndində yarasız vəziyyətdə olan stadionda yenidənqurma işləri aparılsa, ev oyunlarını orda keçirmək olar. Bəs həmin kənddə stadionu bərpa etmək nə dərəcədə realdı? Bu sualla bağlı AFFA-nın sözçüsü Elnur Məmmədlidən detallı bilgi aldıq:
"Füzulidə zəruri tələblərə cavab verən stadion olmadığından Ərgünəş" ev oyunlarını Ağacəbi Olimpiya Kompleksinin stadionunda keçirir. O kompleks də son illərdə istifadəyə verilib, normal vəziyyətdədi. Region Liqasının oyunlarını keçirmək üçün standartlara tam cavab verir. Bəli, süni örtüklüdü. Amma nəzərə almaq lazımdır ki, Olimpiya Komplekslərinin, demək olar ki, hamısı süni örtüklüdü. Bir komanda öz ev oyunlarını yalnız həmin zonadakı başqa rayonda keçirə bilər. Tutaq ki, Şimal-Qərb Regionunda mübarizə aparan komanda ev oyunlarını paytaxtda və ya Cənub zonasında keçirə bilməz. İkinci Mahmudlu kəndinin stadionuna gəlincə, ora oyunları qəbul etmək üçün standartlara cavab vermir. Yəni stadion hazırda normal vəziyyətdə deyil. Hələlik həmin stadionda təmir, yenidənqurma işləri aparılması da gözlənilmir".
ABDULLA İSMAYILOĞLU