Araz Abdullayevin Kosovodakı karyerası başa çatıb.
Belə ki, futbolçunun şərəfini qoruduğu "Lapi" ilə müqavilə müddəti bitib. Həmyerlimiz Kosovo təmsilçisində 5 oyunda 81 dəqiqə şans qazanmaqla 1 məhsuldar ötürmə verib. Təcrübəli oyunçunun karyerasını harda davam etdirəcəyi ilə bağlı müxtəlif fikirlər var. Onun gələcək taleyi ilə bağlı menecer fikrinə ehtiyac duyduq. Tural Əsgərov "Football-plus.az" saytına bunları dedi:
"Araz Abdullayevin hazırda elə yaşıdı ki, özü də oynamaq istəyirsə, gücü qalıbsa, hardan təklif varsa, dəyərləndirməlidi. Unutmayaq ki, millimizin sabiq üzvünün yaşı 30-dan artıqdı və əvvəlki formasında da deyil. Onun xidmətində maraqlı olan klub varsa, tərəddüd etmədən müsbət cavablamalıdı".
Təcrübəli mütəxəssis "Neftçi"nin sabiq üzvünün hazırda elitanın autsayderlərindən olan "Qəbələ"də, "Kəpəz"də və 1-ci liqanın iddialı klublarında oynamaq ehtimalına da toxundu:
"Elə nüanslar var ki, hər şey nə menecerlər, nə jurnalistlər, nə də başqalarının yox, sırf futbolçunun seçimindən asılıdı. Araz bu yaşda harda oynayıb-oynamayacağı haqda qərarı yalnız özü verə bilər. Amma düşünürəm ki, onun istədiyi çempionatlardan təklif olmasa və oynamaq eşqi də varsa, nəinki elitanın autsayderindən, hətta 1-ci liqanın zirzəmisində olan komandalardan da təklif gəlsə, dəyərləndirməlidi".
ABDULLA İSMAYILOĞLU