Kadi Borgesin “Qarabağ”dan Rusiya “Krasnodar”ına transferinin 1 ili tamam oldu.
Bəs, görəsən, braziliyalı futbolçu niyə Azərbaycandakı oyununun yarısını orda göstərə bilmədi? Bu səhv transfer idimi? Səhvdirsə oyunçu karyerasını hansı ölkədə davam etdirməlidi?
Bütün bu suallara cavab tapmaq üçün təcrübəli menecer Tural Əsgərovla əlaqə saxladıq. Onun “Football-plus.az”a dedikləri:
“Əvvəlcə onu qeyd edim ki, mən Kadinin orda xoşbəxt olmadığına inanmıram. Siz onun hər dəfə əsas heyətə düşə bilməməsinə görə bu qənaətə gəlirsizsə, məncə, yanılırsız. Ölkədən gedəndən sonra bir-iki dəfə təmasda olmuşam Kadiylə. Hər şeyin qaydasında olduğunu deyir. Ancaq son aylarda bir neçə oyunda əsas heyətə düşmədi. Buna görə də futbolçunun orada xoşbəxt olmadığını demək, məncə, tələsik addımdı. İndi fasilədi. Bəlkə, doğrudan da, formasını itirib, heç bizim xəbərimiz yoxdu. Rusiyaya keçidinə də səhv demək doğru deyil. Bu mövzuya da hansı prizmadan yanaşılması önəmlidi. Rusiya klublarının avrokuboklarda oynamaq şansının olmaması bu transferin səhv olduğunu deməyə əsas vermir. Çünki Kadi ora gedəndə bunu bilirdi. Komandası yaxşıdı, çempionluğa oynayır, maaşını vaxtında alır. Gedəndə ehtiyatlanırdı ki, müharibə qızışar, şəhərdə təhlükə baş verər. Amma bu da baş verməyib. Kadi ora gedəndə ona demişdim ki, böyük ehtimalla məşqçini dəyişəcəklər. Doğrusunu desək, yeni məşqçi də Kadiyə güvənir. Çünki ötən mövsüm o, zədələnənə kimi əsas heyət oyunçusuydu. Elə bu mövsüm də zədədən qayıdandan sonra yaxşı başlamışdı. Eşitməmişəm ki, ya “Krasnodar”, ya məşqçi, ya da rəhbərlik adından ciddi bir narazılıq olsun. Bütün bunları nəzərə alaraq bu transferə səhv deyilməsinin düzgün olmadığını deyə bilərəm. Çünki futbolçu transferə razılaşanda ilk növbədə maaşını düşünür. Onsuz da Kadi “Krasnodar”a gedəndə ordan da “Real”a və ya “Mançester Siti”yə keçmək kimi bir arzusu yox idi. Kadi burada olanda da ona dedim ki, səndə potensial var, Rusiyaya, Türkiyəyə getməkdənsə, top-5 ölkələrin birinə keçə bilərsən. Doğrusu, “Krasnodar”ın onu icarəyə verəcəyinə inanmıram. Hazırki performansı da elədi ki, kiminsə ona böyük pullar ödəyib alacağını da düşünmürəm. Çünki bir klubdan ayrılmaq üçün ya formanın zirvəsində olmalısan, ya da dibdə. Kadi isə nə zirvədədi, nə də dibdə. Məncə, onun üçün ən yaxşısı “Krasnodar”da davam edib zirvəyə yaxınlaşmağa çalışmaqdı. Ola bilər ki, onun geri - “Qarabağ”a qayıtması daha yaxşıdı. Amma şərtlərə baxsaq, bu transferin baş vermək ehtimalı aşağıdı”.
MİRKAMAL KAZIMZADƏ