Region Liqasının Qərb zonasında keçirilən "Göyəzən" - "Goranboy Qala" oyunun nəticəsi diqqəti çəkdi.
Belə ki, debütant gözlənilmədən səfərdə adlı-sanlı rəqibi 3:1 hesabıyla məğlub etdi. Fürsətdən istifadə edərək Goranboy klubunun prezidenti Elsevər Aslanovla söhbətləşdik.
- Elsevər bəy, bu klub necə yarandı?
- Çoxdan arzulayırdıq ki, rayonumuzun da klubu olsun. Bunun üçün çox çalışdıq. Şükür bu günümüzə, istəyimizə nail olduq. Goranboy 1-ci Qarabağ müharibəsi zamanı döyüşən, şəhidlər verən bölgədi. Rayonumuz 90-cı illərdən alınmaz qala kimi tanınır. Biz də düşündük ki, komandaya "Goranboy Qala" adını verək. Məqsəd həm bölgəmizdə futbolu populyarlaşdırmaq, həm də komanda kimi inkişaf etməkdi.
- Komanda goranboylu oyunçulardan qurulub, yoxsa gəlmələr də var?
- Heyətdə əsasən yerli oyunçulardı. Müəyyən bir qrup isə ətraf rayonlardan olanlardı. Buna rəğmən, onlar belə daha çox Goranboyda işləyənlər və yaşayanlardı.
- Klubun saxlanması, maliyə məsələləri necə tənzimlənir? Sponsorunuz varmı?
- AFFA-nın ayırdığı maliyyə yardımı olur. Bundan başqa, bacardıqca özüm komandanı ayaqda saxlamağa çalışıram. Təbii ki, gələcəkdə daha da peşəkarlaşmalıyıq, sponsor da axtaracağıq.
- Goranboy İcra Hakimiyyəti kömək edirmi?
- Maddi məsələlərdə yox, amma mənəvi dəstək verirlər. Sağ olsunlar, rayonun idman kompleksi var. Oranın stadionunda oynamağımıza şərait yaradıblar. Rayonumuzda yaxşı idman kompleksi tikilib, biz də oranın stadionunu icarəyə götürərək ev oyunlarımızı keçiririk.
- Bu mövsüm qarşınıza hansı hədəf qoyulub?
- Bütün komandalar həmişə qələbələr qazanmaq, irəliləmək istəyir. Yeni yaranan komandayıq, ilk dəfəturnirə qoşuluruq. Odu ki, hazırda əsas məqsəd çempionata uyğunlaşmaq, komandanın oyununu inkişaf etdirməkdi. Qismət olsa, gələn ildən qarşımıza 2-ci liqaya çıxmaq hədəfi qoyacağıq. Ondan sonra bir qədər də inkişaf edib 1-ci liqaya yüksəlməliyik.
- “Göyəzən”lə oyun haqda nə deyərdiz?
- Gərgin oyun alındı. Qazaxın təmsilçisi ölkənin tarixi klublarındandı, hələ sovetlər dönəmindən uğurları var. Bundan başqa, rəqib uzun illərdi Region Liqasında sabit çıxış edir. Amma bura yaxşı nəticə üçün gəlmişdik. Futbolçularımız meydanda əzmlə döyüşdülər və qələbə qazandılar. Komandamı təbrik edirəm.
ABDULLA İSMAYILOĞLU