Dortmund “Borussiya”sı hələ ki mövsümün əsas nonsensidi. Çünki komandanın çıxışına məntiqi izah tapmaq çətindi.
Edin Terziçin kollektivi bir tərəfdən Çempionlar Liqasında “ölüm qrupu”nu zirvədə başa vurmaqla çoxlarını təəccübləndirdi. Amma digər tərəfdən bundesliqada “arılar”ın son 7 turda yalnız bir qələbəsi var! Bu azmış kimi, komanda ölkə kubokunda da “Ştutqart”a boyun əyərək mübarizəni 1/8 finalda dayandırdı. Avropa nəhənglərinə qarşı uğurlu çıxış edən “Borussiya” daxili turnirlərdə nə üçün ümidləri doğrultmur?
Rəhbərlik iki yerə bölünüb
Sən demə, həm rəhbərlik səviyyəsində, həm də klubun daxilində atmosfer yaxşı deyilmiş. “Skay” nəşrinin hələ ötən həftənin əvvəlində yaydığı məlumata görə, rəhbərlikdə iki qrup formalaşıb. Bir qrupa icraçı direktor Hans-Yoahim Vatske, baş məşqçi Edin Terziç və baş məsləhətçi Mattias Zammer daxildi. Digər qrupda isə idman direktoru Sebastyan Kel və önun köməkçiləri – Slaven Staniçlə Daniel Bayderbek yer alıb. Onların sözü həm bir sıra şəxsi məsələlərə, həm də transfer mövzusuna görə düz gəlmirmiş. Nəticədə Stanişiç “Borussiya”dan qovuldu! O, Terziçi bəyənmirdi və bu fikri futbolçular, eləcə də klubdakı digər şəxslər arasında yaymağa çalışırdı. Vatske isə əksinə, Terziçə və onun iş metoduna güvənir. O, ümumiyyətlə, mövsümün gedişində məşqçi dəyişdirməyin tərəfdarı deyil. “Sport Bild”in iddiasına görə, idman direktoru Sebsatyan Kel də özünü belə desək, şübhəli aparır. Rəhbərlikdə ona qarşı bir çox suallar yaranıb. Məsələn, Kel əvvəlki məşqçi Marko Roze qovulmamış son günə qədər ona dəstək verməsi ilə diqqəti çəkmişdi. Amma bu mövsüm Kel bir dəfə də ictimaiyyət önündə Terziçə dəstək verməyib. Vatske onun bu mövzuda konkret mövqeyini öyrənmək istəyir. Düzdü, Kel qovulmayıb və indiyə qədər də klubdadı. Amma iddialara görə Staniçin ayrılmasından sonra onun nüfuzu bir qədər azalıb. Kel vacib qərarlara əvvəlki qədər təsir etmək gücündə deyil. Hərçənd futbolçu kimi klubda 13 il (2002-15) ərzində 263 rəsmi matçda forma geymiş və “Borussiya”nın əfsanələrindən hesab olunan 43 yaşlı Kel qruplaşma ilə bağlı yaranan iddiaları rədd edib: “Staniçin qovulmasından sonra onunla bağlı məqalələrdən birini oxuyarkən qəribə yazıya rast gəldim. Guya rəhbərlik arasında fikir ayrılığı mövcuddu və qruplaşma var. Bu, tam yalandı. Bizim yalnız bir cəbhəmiz var və o da “Borussiya” adlanır. Burda işləyən hər kəs klubun uğur qazanması üçün əlindən gələni edir”.
Bugünlərdə “Bild” nəşrində çox maraqlı bir iddia ortaya atıldı. Həmin iddiaya görə mövsüm bitəndən sonra Terziç məhz Kelin yerini tutaraq idman direktoru vəzifəsini icra etməyə başlaya bilər! Bu ikilinin münasibətlərinin qaydasında olmadığı deyilir. “Bild”in versiyasına görə hadisələrin bu cür axarı Vatskeyə fanatlar tərəfindən çox sevilən Terziçi klubda saxlamağa imkan verəcək. Eyni zamanda yeni baş məşqçinin gəlişi komandaya yeni impuls verəcək.
Futbolçular da narazıdı
Rəhbərlik səviyyəsində bu fikir ayrılıqları azmış kimi, futbolçular arasında da öz durumundan narazı olanlar var. PSJ-yə qarşı oyunda Mbappenin zərbəsindən sonra topu inanılmaz şəkildə qapı xəttindən çıxarmaqla komandasını məğlubiyyətdən xilas edən Niklas Zyule az oynamasından narazıdı. Dortmunda 2022-nin yayında “Bavariya”dan gələn 28 yaşlı mərkəz müdafiəçisi ilk mövsümdə inamlı təsir bağışlamışdı. Bu mövsüm isə Terziç müdafiənin mərkəzində əsasən Hummels – Şlotterbek duetinə üstünlük verir. Halbuki Zyule transfer olunarkən ona start heyətinin əvəzedilməz futbolçusu olacağı ilə bağlı zəmanət verilmişdi. Futbolçunun meneceri artıq rəhbərliklə görüşməyə də macal tapıb. 195 sm boya və 99 kq çəkiyə malik olan Zyule bu mövsüm bundesliqada yalnız 10 matçda forma geyib və onların da yalnız 4-də start heyətində meydana çıxıb. “Borussiya” isə Zyuledən liderlik keyfiyyətlərini meydanda daha yaxşı sərgiləməsini gözləyir və tələb edir. Onun qışda “Borussiya”nı tərk etməsi mövzusu aktual olaraq qalır. Durumundan narazı olan digər futbolçu Doniell Malendi. “Ayaks” və “Arsenal”ın yetirməsi olan, amma ulduzu PSV-də parlayan 24 yaşlı niderlandlı forvard da Zyule kimi Dortmundda ikinci mövsümünü keçirir. Son turda qol vuran və 5 qolla Füllkruq ilə birlikdə bundesliqada komandasının bu mövsümdəki ən məhsuldar oyunçusu olan Malen daha çox oynamaq və meydanda qalmaq istəyir. Bundesliqada o, 15 matçın 14-də iştirak edib və 10-da ilk “11-lik”də meydana çıxıb. Buna baxmayaraq, Malen narazıdı və “Skay”ın yazdığına görə heç bir komanda yoldaşı ilə dostluq etmir. Matçlardan sonra paltardəyişmə otağından həmişə ən birinci çıxan məhz o olur. Bir müddət öncə belə şayiə yayılmışdı ki, “Mançester Yunayted” Sançonu Dortmunda geri göndərmək və onu Malenlə dəyişdirmək istəyir. Amma bu məsələ hələ ki “şayiə” çərçivəsindən çıxmayıb. Bir məqam dəqiqdi ki, Zyule ilə Malen qışda ayrılmağa qərar versə, onların yerini doldurmaq asan olmayacaq.
ƏLİ RAUFOĞLU hazırladı