Bu mövsüm zirvə gah “Real”ın olur, gah da “Jirona”nın.
"Football-plus.az" xəbər verir ki, hesabat turunun nəticələrindən sonra yenə Kataloniyanın kiçik təmsilçisi liderliyi ələ keçirdi. “Jirona” nağılı – hərçənd bəlkə də artıq bu ifadəni işlətməyə dəyməz! – davam edir.
“Barselona” da “Jirona”nın gücünü öz üzərində hiss etdi. Qonaqlar ukraynalıların – Sıqankovla Dovbikin hesabına erkən qol vursalar da, Levandovski tezliklə “status-kvo”nu bərpa etdi. Ardından meydan sahibləri təzyiqi artırdı, ancaq qonaqlar da müdafiə olunmaqla kifayətlənmir, zaman-zaman təhlükəli əks-hücumlar qururdu. Nəticə isə belə oldu ki, komandalar paltardəyişmə otağına yollanmağa hazırlaşarkən Qutyerres 2-ci dəfə “Jirona”nı irəli çıxardı. Xavinin komandası bütün 2-ci hissə boyunca təzyiqi azaltmasa da, sona 10 dəqiqə qalmış “Barsa”nın qapısına daha bir qol vuruldu. Özü də qolu Miçelin sonradan meydana buraxdığı futbolçular yaratdı – Stuani ötürdü, Fernandes bitirdi. Daha iki real şansı əldən verən “Jirona”nı Gündoğan 2-ci uzatma dəqiqəsində cəzalandırdı. Belə görünürdü ki, meydan sahibləri heç-heçə etməyə qadirdi. Ancaq Qutyerres və Savionun köməyi ilə 4-cü qolu vuran Stuani oyunun taleyini həll etdi. “Jirona” parlaq qələbə sayəsində iddiasını bir daha ortaya qoydu, Xavi isə artıq topa nəzarət və hiyləgər kombinasiyalar qurmaqla yanaşı, yetirmələrinə müdafiə olunmağın incəliklərini də anlatmalıdı. Ötən mövsüm Ter Ştegenin seyvləri problemi ört-basdır edirdisə, indi belə imkan yoxdu.
“Betis” – “Real” oyunun ilk yarısı qol vəziyyətləri baxımından kasad idi. Daha maraqlı oynayan madridlilər vaxtaşırı Ruy Silvanı narahat etsə də, portuqaliyalı kiper etibarlı oynayırdı. 2-ci hissə isə daha cəlbedici və baxımlı alındı. Madridlilər 53-cü dəqiqədə hesabı açdı və bu dəfə də qolu Bellingem vurdu. Cud topu qapıçının ayaqları arasından tora göndərdi. 66-cı dəqiqədə “Betis” bu qolun əvəzini çıxdı. Ruibal 25 metrdən elə güclü və dəqiq zərbə vurdu ki, Luninin topu qaytarmaq imkanı yox idi. Bundan sonra da oyun qarşılıqlı hücumlar şəraitində davam etdi. Meydan sahibləri son dəqiqələri daha üstün keçirdi, final fiti ərəfəsində Lunin komandasını real qoldan xilas etdi. Bu nəticə rəqibləri razı salmasa da, azarkeşlər oyunun kefiyyəti ilə bağlı narazılıq edə bilməz.
“Atletiko” “Almeriya” ilə oyunun ilk yarısında çox keyfiyyətli və inamlı oyun sərgilədi. Bu üzdən Simeonenin komandasının qələbə qazanacağına şübhə yeri qalmadı. Ancaq “hindular” autsayder üzərində asan qələbə qazanacaqlarına çox tez inandılar. “Atletiko” artıq 22-ci dəqiqədə iki top irəlidə idi. Qrizmannın erkən qolu ofsayd üzündən sayılmasa da, 17-ci dəqiqədə Morata, cəmi 5 dəqiqə sonra isə Korrea rəqib qapısına qaydalar çərçivəsində yol tapdı. Fasiləyə qədər Oblakı ciddi şəkildə narahat etməyən qonaqlar, hər halda, hissənin sonunda ardıcıl 6 künc zərbəsi yerinə yetirdi. Meydan sahibləri 2-ci hissəyə süst, əli-qolu boşalmış halda başladı. Onların oyun sistemi pozuldu. Simeonenin dəyişikliklərlə oyunun axarına müdaxilə cəhdi də alınmadı. Qonaqlar fərqi azaltmağı bacardı. 62-ci dəqiqədə Posonun qapıçıdan dönən zərbəsini Baptistao tamamladı. Qalan vaxt ərzində Oblakın işi çox olsa da, qapıçı bir daha qapısında qol görmədi. Qələbəni çətinliklə qoruyan “Atletiko” “Barsa”dan 3 xal geri qalır.
Cari mövsümü hədsiz zəif keçirən “Vilyarreal”ın “Real Sosyedad”la ev oyunu da maraqla gözlənilirdi. Bu oyunda hesabı 38-ci dəqiqədə künc zərbəsindən sonra Merino açdı. Tezliklə daha bir korner qonaqlara uğur gətirdi. Zaxaryanın zərbəsindən sonra topa ayaq qoyan Subimendi fərqi artırdı. İlk yarıya artırılan vaxtda Kubo fərqi darmadağın həddinə çatdırandan sonra oyunu davam etdirməyə dəyməzdi. Faktiki 2-ci hissə formallığa çevrildi. “Sarılar”, heç olmasa, təsəlli qolunu belə vura bilmədi.
Turun qalan oyunlarına gəlincə, “Xetafe” Paulistanın 50-ci dəqiqədə meydandan qovulmasıyla azlıqda qalan “Valensiya”nın qapısına 87-ci dəqiqədə yol tapdı, “Alaves” – “Las-Palmas”, “Malyorka” – “Sevilya” oyunlarının taleyini bir qol həll etdi, “Kadis”lə “Osasuna” məhsuldar heç-heçəyə razılaşdı. Turun dünən axşam keçirilən son iki oyununda da heç-heçə qeydə alındı.
Yeri gəlmişkən...
“Qranada” – “Atletik” oyunu srağagünə nəzərdə tutulsa da, dünən keçirildi. Belə ki, 17-ci dəqiqə gedərkən tribunadakı azarkeşlərdən birinin ürəyi dayanıb. Hadisənin fərqinə varan qonaqların qapıçısı Simon oyunu dayandırmağı xahiş etdi, ardından hər iki komandanın həkimləri həmin azarkeşə yardım göstərməyə tələsdilər. Oyun dayanandan 20 dəqiqə sonra referi Migel Anxel Ortis Aryas komandaları paltardəyişmə otağına apardı. Azarkeş təcili xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmadı.
16-cı tur
Barselona – Jirona 2:4
Levandovski, 19. Gündoğan, 90+2 – Dovbik, 12. Qutyerres, 40. Fernandes, 80. Stuani, 90+5. (42848)
Barselona: Penya, Kanselo, Kristensen (Balde, 65), Arauxo, Kunde, Pedri (F.Lopes, 80), Gündoğan, De Yonq, Feliş (Yamal, 65), Rafinya (Torres, 65), Levandovski.
Jirona: Qassaniqa, Blind, D.Lopes, E.Qarsiya, Qutyerres, A.Qarsiya, Martin (Solis, 87), Kouto (Fernandes, 78), Savio, Sıqankov (Portu, 78), Dovbik (Stuani, 73).
Betis – Real 1:1
Ruibal, 66 – Bellingem, 53. (52756)
Real: Lunin, Mendi, Alaba, Rüdiger, Vaskes (Naço, 83), Bellingem, Kroos (Pas, 83), Modriç (Sebalyos, 70), Valverde, Rodriqo, Dias (Xoselu, 79).
Atletiko – Almeriya 2:1
Morata, 17. Korrea, 22 – Baptistao, 62. (55473)
Atletiko: Oblak, Aspilukueta (Ximenes, 75), Vitsel, Saviç, Koke, De Paul (Saul, 61), Lyorente, Qrizmann, Lino (Rikelme, 75), Korrea (Molina, 75), Morata (Depay, 60).
Vilyarreal – Real Sosyedad 0:3
Merino, 38. Subimendi, 41. Kubo, 45+4. (19334)
Real Sosyedad: Remiro, Tirni, Subeldiya (Paçeko, 59), Elustondo, Traore, Merino, Subimendi, Zaxaryan (Munyos, 78), Mendes (Turryentes, 30), Kubo, Sadik (Fernandes, 78).
Xetafe – Valensiya 1:0
Mayoral, 87. (11515)
Alaves – Las-Palmas 0:1
Rodriges, 31. (15971)
Malyorka – Sevilya 1:0
Larin, 11. (16041)
Kadis – Osasuna 1:1
Marti, 19 – Budimir, 70-p. (18356)
Qranada – Atletik 1:1
De Qalarreta, 55-öz qapısına – İ.Uilyams, 6. (18324)
Rayo Valyekano – Selta 0:0 (11796)
1. Jirona 16 13 2 1 38-20 41
2. Real 16 12 3 1 34-10 39
3. Barselona 16 10 4 2 30-18 34
4. Atletiko 15 11 1 3 32-14 34
5. Real Sosyedad 16 8 5 3 29-18 29
6. Atletik 16 8 5 3 31-19 29
7. Betis 16 6 8 2 19-17 26
8. Las-Palmas 16 7 3 6 14-13 24
9. Xetafe 16 5 7 4 18-20 22
10. Rayo Valyekano 16 4 8 4 16-22 20
11. Valensiya 16 5 4 7 17-21 19
12. Alaves 16 4 4 8 14-20 16
13. Vilyarreal 16 4 4 8 22-29 16
14. Osasuna 16 4 4 8 18-26 16
15. Malyorka 16 2 8 6 14-20 14
16. Sevilya 15 2 7 6 20-21 13
17. Kadis 16 2 7 7 13-23 13
18. Selta 16 1 7 8 15-25 10
19. Qranada 16 1 5 10 20-36 8
20. Almeriya 16 0 4 12 17-39 4
Bombardirlər: Bellingem (Real) - 12, Qrizmann (Atletiko), Mayoral (Xetafe) – 9.
Növbəti turun oyunları dekabrın 15-18-i aralığında keçiriləcək: Osasuna – Rayo Valyekano, Selta – Qranada, Atletik – Atletiko, Sevilya – Xetafe, Valensiya – Barselona, Almeriya – Malyorka, Real Sosyedad – Betis, Las-Palmas – Kadis, Real – Vilyarreal, Jirona – Alaves.
Turun rəqəmi
1 – “Jirona” tarixində ilk dəfə “Barselona”ya qalib gəldi. İndiyə qədər keçirilən 6 oyunun 4-də Kataloniya nəhənginin qələbəsi qeydə alınmış, 2 oyun heç-heçə bitmişdi. Xatırladaq ki, “ağ-qırmızılar” 2016/17 mövsümünə qədər heç vaxt La Liqada çıxış etməyib.
Turun ulduzu
Migel Qutyerres (Jirona) – həm özü qol vuran, həm də komandasının sonuncu məhsuldar kombinasiyasında iştirak edən, bir neçə epizodda da rəqib qapısı önündə təhlükə yaradan cinah müdafiəçisinin qələbədəki qolunu xüsusi qeyd etməliyik. Müdafiə əməliyyatlarıyla bağlı da ona hansısa irad tutmaq çətindi. Böyük həcmdə iş gördü.
Turun sitatı
Kike Karsal, “Jirona”nın idman direktoru: “Bəli, ən gözəl hissi yaşayıram, eyforidayam. Hər kəs uğurlarımızı şərh edir, çempionatı qazanmağımızı istəyir. Layihənin uğurunun etiraf olunması peşəkarın xoşuna gəlir, bir peşəkarın eşidə biləcəyi ən yaxşı tərif budu”.
Faktlar
* “Jirona”nın ilk qolunu ukraynalılar təşkil etdi. Vinger Sıqankovun ötürməsindən sonra forvard Dovbik fərqləndi. Çempionatda keçirdiyi 15 oyunda 8 qol vuran və 4 ötürmə verən Dovbik “qol+ötürmə” statistikasında yalnız Bellingemdən (12+2) geri qalır. Sıqankovun hesabında isə 14 oyuna 3 qol və 3 ötürmə var.
* “Barselona” “Real”la ölkə kuboku çərçivəsində keçirdiyi oyundan (5 aprel – 0:4) bəri ilk dəfə bir oyunda 4 qol buraxdı. Ümumiyyətlə, Kataloniya nəhəngi son 20 ildə La Liqada yalnız 4 dəfə 4 qol buraxıb – 2018-də “Betis”dən (3:4), 2003-də isə “Deportivo” (2:4) ilə “Valensiya”dan (2:4).
Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Oyuna nəzarət etdiyimiz anda qol buraxdıq. “Betis” bu oyundakı fəallığını nəzərə alsaq, məğlubiyyətə layiq deyildi. Lunin yaxşı oynadı, mən ona inanıram, baxaq görək növbəti oyunda hansı qapıçı meydana çıxacaq. Nəticə yaşxıdı, oyundan məmnunam. Bu meydanda oynamaq çətindi, rəqib də yaxşı idi”.
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Jirona”nın etdikləri böyük uğurdu. Liderdilər və tam haqlı şəkildə bizdən 7 xal irəlidədilər. Bərabər səviyyədə keçən oyunun taleyini detallar həll etdi. Bu gün “Barsa”nın qələbəsi də ədalətli olardı. Mənə elə gəlir ki, qapıya 31 zərbə vurduq. Fərqi azaltmaq istəyirdik, ancaq reallıq başqadı. Bir addım geri atmalıyıq ki, sonra iki addım irəliləyək. Şübhələnməyə dəyməz - əvvəllər gördüyümüz işi davam etdirməliyik. Bu, gördüyüm ən yaxşı “Jirona”dı. Cəsarətli və keyfiyyətli oynayırlar”.
Miçel Sançes, “Jirona”nın baş məşqçisi: “Xoşbəxtik. İlk yarıda “Barselona”nın dominantlığından asılıydıq, ancaq fasilədən sonra topla yaxşı davrandıq. Bizim də imkanlarımız oldu, rəqibin də, ancaq biz daha dəqiq oynadıq. La Liqada 100 oyun keçirdiyimə və “Barsa” üzərindəki ilk qələbəyə görə çox şadam. Xüsusən də ilk yarıda böyük çətinliklər gözləyirdik, ancaq komandamın qəlbi var. Çox şeyə qadir olduğumuza inanırıq. İlk hədəf elitada yerimizi qorumaq idi. İndi isə avrokuboklarda oynamaq istəyirik, bunun üçün mümkün olan hər şey edəcəyik”.