Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü, hazırda Ukraynanın “Polesye” klubunun formasını geyən Emil Mustafayev bu ölkənin milli komandasında oynamaq istəyir.
"Football-plus.az" xəbər verir ki, bu barədə 22 yaşlı yarımmüdafiəçi Ukrayna mətbuatına açıqlamasında deyib.
Gənc oyunçu bildirib ki, əsas yığmadan dəvət gəlsə, bundan imtina etməyəcək:
“Mən Azərbaycan millisində oynamaq arzusundaydım, çünki atam bunu çox istəyirdi. Ruslan Rotan məni Ukraynanın gənclərdən ibarət komandasına dəvət edəndə artıq seçimimi etmişdim. Həmin vaxt bir komandadan digərinə keçmək düzgün olmazdı. Amma Ukraynanın əsas yığmasından dəvət alsam, cavabım müsbət olar. Çünki bu cür dəvət min ildə bir dəfə ola bilər. Mən burda böyümüşəm və şəxsiyyət kimi formalaşmışam”.
Xatırladaq ki, 2021-ci ilin noyabrında Azərbaycanın U-21 yığmasına cəlb olunan Emil Mustafayev 3 oyuna meydana çıxıb. Amma son iki ildə bizim media, elə konkret “Futbol+” bu istedadlı futbolçunu yığmamıza cəlb etməyin vacibliyi ilə bağlı dəfələrlə yazsa da, sabiq baş məşqçi Canni de Byazi heç bir fikrə əhəmiyyət verməyib. Emilin son açıqlamasından belə görünür ki, artıq belə laqeyd münasibətdən bezib və ilk imkandaca Ukraynanın xeyrinə seçim edəcək. Yəqin bizim Emil səviyyəsində olan, legioner həyatı yaşayan futbolçumuz o qədər çoxdu ki, bu məsələyə əhəmiyyət vermirik. Çox güman, sonradan peşman olacağıq. Amma sonrakı peşmanlılıq da heç vaxt fayda verməyib!
HUŞƏNG