Mahir Şükürov Əfranın təklifindən İstanbula və …pula görə imtina edib

6.12.2023 14:33 2 453
Ölkə futbolu / Manşet
Yığmamızın və "Qarabağ"ın sabiq oyunçusu Əfran İsmayılovun minifutbol komandası yaratdığını və adının da "Xankənki" olacağını vurğulamışdıq. Amma sonradan komandanın dekabrın 5-də start götürəcək ölkə çempionatında "İnter" adı ilə çıxış edəcəyi dəqiqləşdi.

Əfran bəy ölkəmizin əsas millisinin sabiq futbolçularından Ruslan Abışov, Mahir Şükürov və Vaqif Cavadovun müxtəlif səbəbləri əsas gətirərək “İnter”də yer almaq istəmədiyini də demişdi. Ruslan hazırda məşqçilik kursuyla bağlı təlimlərdədi və uyğun vaxtda komandaya qoşulacaq. Amma Mahirlə Vaqif şəxsi işləri üzündən "İnter"də oynamaq istəməyiblər. Mahir Şükürov imtinasıyla bağlı bizə bunları dedi:

"Mən tez-tez İstanbula gedib-gəlirəm. Orda ev-eşiyimiz, bəzi işlərimiz var. Ona görə "İnter"də yer almamağımın səbəblərindən biri bu idi. Digər məsələ isə yaxşı məvacibin olmamasıyla bağlıdı. Nə qədər olmasa da, işin maliyyə tərəfini də düşünmək lazımdı. Məhz bu səbəblərə görə Əfranın komandanasına qoşulmadım və atmosferi pozmaq istəmədim. Orda çıxış edəcək sabiq milli uşaqlarımızın hamısına uğurlar arzulayıram".

ABDULLA İSMAYILOĞLU