Bilel Auaşeriya “Qəbələ”nin tarixinə bir oyunda üç qol vuran 6-cı futbolçu kimi düşüb.
"Football-plus.az" xəbər verir ki, 29 yaşlı fransalı yarımmüdafiəçi Misli premyer-liqasının 14-cü turunda fərqlənib. Bilel “Turan Tovuz”la ev oyununda het-trikə imza atıb. O, birinci hissədə bir, fasilədən sonra iki dəfə rəqib qapısına yol taparaq “Qəbələ”nin 4:0 hesablı qələbəsində pay sahibi olub.
Ona qədər “Qəbələ”nin 5 futbolçusu bir matçda 3 qol vurub. Sonuncu het-trikə 6 il əvvəl kubok oyununda Filip Ozobiç imza atıb. Ümumiyyətlə, 6 het-trikdən biri Avropa Liqası, üçü premyer-liqa, ikisi Azərbaycan kubokuna təsadüf edib. Teo Uiks avrokuboklarda, Vüsal Qarayevlə Filip Ozobiç kubokda fərqlənibsə, çempionatda Bilelə qədər yalnız Fərzad Hatəmi və Baqali Dabo het-trik müəllifi olub. Het-triklərdən 4-ü ev, 2-si səfər matçında qeydə alınıb.
Qeyd edək ki, “Qəbələ”nin futbolçularının aktivində bir penta-trik və bir poker də var. Rövşən Əhmədov birinci dəstədə 5, Vitali Balamestnı premyer-liqada 4 qol vurmağı bacarıb.