PFL-dən “Qarabağ”ın oyununun Xankəndində keçirilmə ehtimalı ilə bağlı AÇIQLAMA

15.11.2023 19:30 889
Premyer-liqa / Manşet
Noyabrın 8-də Xankəndində möhtəşəm parad keçirildi.

Prezident İlham Əliyev Ordumuzun möhtəşəm zəfərini bütün dünyaya elan etdi. İndi bu şəhərdə təmir-bərpa işləri aparılır. Ölkənin idman mediasında da gündəm “Qarabağ”ın burda oyun keçirməsi ilə bağlıdı. Yazılanlara inansaq, dekabrın 24-də Xankəndi şəhər stadionunda premyer-liqanın 18-ci turunun “Qarabağ” – “Zirə” oyunu keçiriləcək. Əslində həmin gün “Zirə” – “Qarabağ” matçı baş tutmalıdı. Lakin PFL məlumat yayaraq oyunun keçirilmə yerinin dəyişdirildiyini bildirəcək. Bu, mediada yayılan xəbərdi. Məsələ ilə bağlı həm “Qarabağ”ın, həm də “Zirə”nin baş məşqçisi açıqlama verib. Qurban Qurbanov premyer-liqanın 13-cü turunda “Səbail” ilə oyundan sonra bu barədə məlumatının olmadığını bildirdi. Rəşad Sadıqov da oxşar açıqlama ilə diqqəti çəkdi. Deməli, baş məşqçilərin bu məsələdən xəbəri yoxdu. Belədə ölkədaxili yarışların təşkilatçısı PFL ilə əlaqə saxladıq. Qurumun media və marketinq direktoru Sənan Abdullayev qəzetimizə bunları söylədi:

“Qarabağ” və “Zirə”nin baş məşqçiləri bu barədə heç nə bilmirlərsə, rəsmi nə açıqlama verə bilərik?! Hələ ki bu barədə nəsə deyə bilmərik. Mətbuatın bu haqda yazmasında qeyri-adi heç nə yoxdu. Sağdan-soldan eşidirlər. Çox vaxt da dəqiq olmayan şeyləri yazırlar. Bu barədə rəsmi heç bir məlumat yoxdu”.


Qurumun nümayəndəsi konkret nəsə söyləmədi. Lakin sosial şəbəkədə Xankəndi stadionu ilə bağlı video paylaşılıb. Görüntüdə arenanın tribunalarının oturacaqlarının söküldüyü görünür. Bu da təbii haldı. Çünki həmin oturacaqlar qondarma qurumun əski parçasının rənglərinə uyğunlaşdırılmışdı. Gənclər və İdman Nazirliyinin borcu idi ki, bu biabırçılığı aradan qaldırsın. Lakin tezliklə burda futbol matçının keçirilməsi bütün futbol ictimaiyyətini sevindirə bilər. Çempionat matçının və ya kubokun finalının Xankəndində keçirilməsinin heç bir fərqi yoxdu. Əsas odu ki, futbol da Xankəndinə qayıtsın...

İLKİN SULTANLI