Vaxtilə Azərbaycan futbolunun səmasında “Ağasəlim harda, çempionluq orda” şüarı asılmışdı.
Dəfələrlə çempionluq yaşayan, amma praktik işdən çoxdan uzaqlaşan, AFFA Məşqçilər Komitəsinin üzvü kimi çalışan Ağasəlim Mircavadov bu gün 76 yaşını tamamlayır. Onunla əlaqə saxlayıb, iki suala cavab istədik. İlk növbədə maraqlandıq ki, Məşqçilər Komitəsinin üzvü kimi ölkə futboluna ürəyiniz istəyən kimi xidmət edə bilirsizmi? Ağasəlim bəyin dedikləri:
“Hər insanın öz iş yeri olur. Mənim də iş yerim meydançadı. Ora öyrəşmişəm. İndi açıq danışaq da, kreslo mənim üçün ağırdı. Ancaq bu da lazımdı. Bir çox layihə vermişik. Məsələn, əvəzedicilər, 1-ci və 2-ci liqaları yaratmışıq. Hər layihə də həyata keçməyib. Bu da maliyyə və rəhbərlik baxımından alınmayıb. Adətən, adamlar bizim işimizi görmür. Hətta bir dəfə demişdim ki, "bizə reklam lazım deyil, onsuz da biz reklam olunub qurtarmışıq" (gülür).
Maraqlıdı, Mircavadov Azərbaycan futbolunun dünyasını dəyişən nümayəndələrindən ən çox kimi xatırlayır?
“Biz öz dövrümüzün uşaqları ilə həmişə yaxın olmuşuq, bir-birimizə hörmət etmişik, dayaq olmuşuq. Bilirsiz ki, biz həm sovet dönəmini, həm də müstəqillik illərini görmüşük. Birinciyə partiya rəhbərlik edirdi. İkincini isə cənab Prezidentimiz İlham Əliyev gözəl şəkildə idarə edir. Allah onun canını sağ eləsin. Mən müharibə dönəmində 5 il Ağdamda işləmişəm. Vallah, uşaqlar havaya qalxan raketin də adını əzbərləmişdilər. O futbolçuları unutmuram. Ağır xatirələr idi. İndi o uşaqlarla görüşdüyümüz zaman ötən günləri yada salırıq. Mənim bir arzum da var ki, inşallah, azad olunmuş torpaqlarda komandalar yaradılsın və premyer-liqada mübarizə aparsınlar. Çünki Qarabağ bölgəsi idmanı sevir. Dünyasını dəyişənlərdən Əhməd Ələsgərov, Valentin Xlıstov və dahi Anatoli Banişevskinin adlarını çəkə bilərəm. Banişevski həmişə deyərdi ki, "mən məşqçi deyiləm, rəisəm". Həqiqətən də elə idi, bütün məsələləri bir günə həll edirdi. Hətta bir dəfə uşaqların ev problemi yaranmışdı, o, katibin yanına gedərək evin kağızını alıb uşaqlara vermişdi. Çox işlər görüb. Adil Babayev, Yaşar Babayevin mehriban danışıqlarını unuda bilmirəm. Allah onlara rəhmət eləsin”.
CAVİD ƏLİYEV