Məlum olduğu kimi, “İnter Mayami” Amerika çempionatında pley-offa adlaya bilmədi.
“Football-plus.az” xəbər verir ki, belədə haqlı bir sual yaranır: dünya futbolunun əsas ulduzlarından biri Lionel Messi dördaylıq fasilə dövründə nə ilə məşğul olacaq?
Yaxınlarda “İnter Mayami”nin baş məşqçisi Xerardo Martino dərin təəccüb hissi ilə demişdi ki, zədəli Lionel Messinin oynamamasının səbəbini hətta rəqib komandanın azarkeşlərinə də izah etməli olur. 60 yaşlı mütəxəssis elə özü bu unikal durumun sirrini açmışdı: axı, söhbət dünyanın ən yaxşı futbolçusundan gedir, özü də biz Amerikadayıq!
Bu üzdən məhz indi argentinalı ulduzun yaxın gələcəyinin intensiv şəkildə müzakirəyə çıxarılmasına təəccüblənməyə dəyməz. Düzdü, Leonun lap yaxınlarda Amerikaya köçdüyünü və müqaviləsinin qüvvədə olduğunu nəzərə alsaq, belə durum bir qədər qəribə görünür. Ancaq məsələnin müzakirəsinə ehtiyac var. Pley-off şansını itirən “İnter Mayami”nin kapitanının sərəncamında yetərincə uzun zaman kəsiyi var. Hətta Messinin qarşıdakı 4 ay üçün rəsmi oyunlarının siyahısını da çıxarmaq olar. Düzdü, hər şey argentinalı ulduzun sağlıq durumundan asılı olacaq. Beləliklə, Argentina yığması oktyabrın 13-ü və 18-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Paraqvay və Peru ilə qarşılaşacaq. Oktyabrın 22-də isə MLS-in müntəzəm çempionatı “İnter Mayami” üçün bitəcək – heç bir turnir əhəmiyyəti olamayan “Şarlott”a qarşı oyunla. Və nəhayət, noyabrda da milli komandanın iki oyunu nəzərdə tutulub – 17-də Uruqvay, 22-də Braziliya ilə.
Bundan sonra Amerika kuboku-2024-ə görə həmişəkindən tez start götürən DÇ-2026-nın seçmə mərhələsində düz növbəti payıza qədər fasilə yaranacaq. MLS-də yeni mövsüm isə adətən, fevralın son günlərində başlayır. Daha bir turnir var – KONKAKAF-ın Çempionlar Liqasının pley-offu. “İnter Mayami” Liqalar kubokunun qalibi kimi həmin turnirdə mübarizəyə 1/8 final mərhələsindən, yəni martın ortalarında başlayacaq. Belə çıxır ki, Messı qış boyunca dincəlməli olacaq. Digər tərəfdən, bu, istər Cənubi, istərsə Şimali Amerika üçün ənənəvi yarış ritmidi. Ancaq Messinin uzun illər ərzində Avropada müəyyən yarış ritminə öyrəşdiyini, “köhnə qitə”də isə mövsümün həlledici dönəminin məhz bu 4 ayda yaşandığını nəzərə alsaq, argentinalının fasilədə nə ilə məşğul olacağı yönündə müzakirənin açılması təbiidi.
Roke daha vacibdi?
Ən çox müzakirə olunan və daha “ağır” gələn variant “Barselona” ilə bağlıdı. Bir halda ki, hələ komandasının pley-off şansının davam etdiyi vaxt “İnter Mayami”nin əsas sahibi Xorxe Mas dilə gətirib: “Barselona”dan bu şəkildə ayrılmaq Messinin ürəyincə olmayıb. Leo onu uşaqkən sıralarına qəbul edən klubla vidalaşa bilməyib. Düşünürəm ki, vidalaşma şəraiti Messinin istədiyi kimi olmadı”.
Düzdü, Xorxe Mas sonradan fikrini bu şəkildə inkişaf etdirdi ki, argentinalının “Barselona” azarkeşləri ilə parlaq şəkildə vidalaşması üçün ona vida oyunu keçirəcəyinə dair söz verib. Ancaq bu sözləri çoxları kataloniyalıların sabiq ulduzuna maraq göstərməsi kimi qəbul etdi. Yəni ki “Barselona” vəziyyətdən xəbərdardı, hansısa yeni variant ola bilər.
Bugünlərdə əvvəlcə Floridadakı qaynaqlar, ardından Kataloniyanın “Sport” nəşri mövzunu inkişaf etdirib. Bütün bu qaynaqların ortaq fikri belədi ki, Amerika klubu Messinin “Barselona”ya icarəyə verilməsi ilə bağlı mümkün danışıqlara hörmətlə yanaşardı. Özü də “İnter Mayami”nin sahiblərindən biri Devid Bekhem özü də vaxtilə “Los-Anceles Qelaksi” ilə “Milan” arasında var-gəl etməklə bu variantdan yararlanıb. Ancaq bunlar iki fərqli tarixçədi.
Birincisi, ingiltərəli ilə bağlı vəziyyətdə olduğu kimi, söhbət Avropada futbol mövsümünün sonuna qədər icarəyə verilməkdən gedir. Bu isə o deməkdi ki, Messi Amerikaya iyunda qayıdacaq. Belədə 2023 mövsümünün ssenarisinin təkrarlanma ehtimalı yüksəkdi. Axı heyətə sonradan qoşulan Leo nə qədər çalışsa da, komandanı zirzəmidən çıxara bilmədi. “İnter Mayami” argentinalıya olan bütün hörmətinə rəğmən, çətin ki, bu varianta razılıq verə. Elə “Qızıl top”un yeddiqat qalibinin Amerikaya gəlişi üçün can qoyan MLS-in rəhbərliyi də bu variantın qəti əleyhdarıdı. Messi indi bu liqanın sifətidi, biznes isə amerikalılar üçün hər şeydən yüksəkdə dayanır.
İkinicisi, “Barselona”dakı durum da önəmlidi. Komandanın liderlərinin zədəsini və Dembelenin PSJ-yə gözlənilməz gedişini nəzərə alsaq, kataloniyalılara futbolçular lazımdı. Ancaq yenilərin gəlişi La Liqada əməkhaqqı tavanı və “maliyyə feyr-pleyi” qaydası ilə birbaşa bağlıdı. Kataloniya klubu daha bir yeni futbolçunu qeydiyyatdan keçirmək üçün qışa qədər kimlərisə satmaq yolu ilə əməkhaqqı cədvəlini yüngülləşdirməlidi. “Mundo Deportivo”nun iddiasına görə, həmin yeganə yeni futbolçu Messi yox, braziliyalı istedad Vitor Roke olacaq. Kataloniya klubu hələ yayda onunla müqavilə bağlasa da, məhz maliyyə məhdudiyyətləri üzündən qeydiyyatdan keçirə bilməyib. Hələ ki Roke “Atletiko Paranaense” formasında çıxışını davam etdirir. Ancaq indiki kadr problemləri fonunda “Barsa” bu məsələni mövsümlərarası dövrü gözləmədən məhz yanvarda həll etmək istəyir.
49 gün ərzində 12 oyun
Ancaq Səudiyyə Ərəbistanı variantı da var. Xatırladaq ki, Messi PSJ-dən gedəndən sonra məhz bu ölkəyə yollanacağını iddia edənlər çox idi. Bu arzu, həmçinin qısa müddətə də olsa, Kriştiano Ronaldo ilə əbədi rəqabəti canlandırmaq planları yoxa çıxmayıb. Üstəlik Leo krallığa kommersiya müqavilələri ilə bağlıdı və Səudiyyə Ərəbistanının turizm sahəsində səfiri rolunu oynayır.
Nəhayət, Yaxın Şərq ölkəsində “İnter Mayami”nin maraqlarını nəzərə almağa, qısamüddətli – 4 aylıq icarə müqaviləsi bağlamağa da hazırdılar. “Sky Sports”un informasiyasına inansaq, hələ ki Səudiyyə Ərəbəsitanının Futbol Federasiyasını bu məsələni nəzərdən keçirməklə məşğuldu. Və belə bir qərara gəlsələr ki, bu layihəyə yatırım etməyə dəyər, onda pula qızırqalanmayacaqlar.
Ancaq bu məqamda praktik məna daşıyan bir sual yaranır: Messi bu ölkənin liqasına qısa müddət ərzində maraq yaradacaqsa, ancaq şərti “Əl-Hilal”a nə mövsümün həlledici mərhələsində, nə də Asiya Çempionlar Liqasının pley-offunda yardım edə bilməyəcəksə, onda belə müqavilənin mənası nədi? İdman baxımından yanaşanda ritorik sual doğur. Xüsusən də əcnəbilərlə bağlı limitin olduğunu, həmin limitin isə argentinalı üçün sifariş ərizəsində yer boşaltmağı tələb etdiyini nəzərə alanda.
Nəhayət, bu məsələdə son bir ildə ora-bura çox qaçan Messinin sağlamlığı da önə çıxarılmalıdı. O, əvvəlcə gərgin Avropa mövsümünü arxada qoydu, Qətərdə keçirilən DÇ-2022-də bir qədər də yükləndi. Leo yığmanın heyətində sonuncu oyunu iyunun 15-də Avstraliyaya qarşı keçirdi. Artıq iyulun 22-də - İspaniyada toplanışlar yenicə başlayanda isə ABŞ-da debüt etdi. İki cəbhədə - hər 3-4 gündən bir oynamaq lazım gəldi. Sentyabrda yığma da əlavə olundu və aydınlaşdı ki, hər halda, Messi adi adamdı, maşın deyil. 49 gün ərzində keçirilən 12 oyundan, Leo Ekvadorun qapısına qələbə topunu vurandan sonra onu müayinəyə göndərdilər. O, milli komanda ilə Boliviyaya turist kimi yollandı, iki həftə sonra yaşıl meydana qayıtmaq istəyəndə isə “İnter Mayami”nin oyununun elə ilk yarısında əvəzləndi. Faktiki Messi ilyarım ərzində tam məzuniyyət keçirmədən oynayıb. Odu ki, bir müddət əvvəl MLS-i seçəndə olduğu kimi, indi də Səudiyyə Ərəbistanının milyonlarına aldanmasa, yaxşıdı. “Barsa” ilə vidalaşmanı da təxirə salmaq, sadəcə, enerji yığmaq lazımdı. İndiki məqamda böyük məzuniyyət ideal variant kimi görünür. Gələn il isə Leonun işi çox olacaq. Yaydakı Amerika Kuboku onun üçün yığma ilə layiqincə vidalaşmaq şansı ola bilər.