Azərbaycanda yaşayan “Qalatasaray” azarkeşləri bu fikri hər nə qədər bəyənməsələr də, Çempionlar Liqasında çərşənbə axşamının ən böyük sensasiyası “Cim-Bom”un “Mançester Yunayted” üzərindəki səfər qələbəsi oldu.
"Football-plus.az" xəbər verir ki, Türkiyə klubu Avropanın ən nüfuzlu turnirində 2018-dən bəri ilk qələbəsini qazandı. Bu həm də son 10 ildəki ilk səfər qələbəsi idi.
MY isə cari mövsümün 10-cu oyununda 6-cı məğlubiyyətlə barışdı. “Qırmızı şeytanlar” premyer-liqanın arxada qalan 7 turunun dördündə uduzubsa, Çempionlar Liqasında da ardıcıl 2-ci dəfə uğursuzluqla üzləşdi. Final fitindən sonra “Yunayted”in baş məşqçisi Erik ten Haqın üzü qapqara idi, mətbuat konfrasında isə komandasının yol verdiyi səhvlərdən gileyləndi:
“Oyunun axarına tam nəzarət etsək də, sonradan iki qol buraxmaqla özümüz öz ayağımıza sıxdıq. Belə məqamlarda yaxşı müdafiə olunmalıyıq, meydanın müəyyən hissələrində daha yaxşı oynamalıyıq”.
Baş məşqçinin dediklərini dartışmaq çətindi. Həqiqətən də meydan sahibləri daha yaxşı təsir bağışladı – türklər bəzi məqamlarda xaotik şəkildə topu irəli vurmaqla kifayətlənir, əks-hücumlar haqda düşünmürdülər. Zahanın qolu hansı şəraitdə vurduğunu göz önünə gətirin. Meydanın dərinliyindən top cərimə meydançasına tərəf ötürüldü, Zaha isə belə təkbətək mübarizə üçün yararlı olmayan Dalotu az qala tapdalayaraq keçdi və hesabı bərabərləşdirdi. Heylunnun 63-cü dəqiqədə “Yunayted”i ikinci dəfə irəli çıxarması da oyunun axarına uyğun idi.
Ancaq “qırmızı şeytanlar” rəqibin müqavimətini qəti şəkildə qırmaq əvəzinə qəfil pərən-pərən düşdü. Kərim Aktürkoğlu ilə İkardinin qolları meydan sahiblərinin müdafiə xətti üçün uşaq matı idi. Üstəlik Onananın Kazemironun meydandan qovulması və penalti ilə nəticələnən hoqqası da oldu. Düzdü, İkardi həmin penaltini çox uğursuz şəkildə yerinə yetirdi.
Oyunun necə cərəyan etdiyini nəzərə alsaq, bu hesab həqiqətən də öz ayağına güllə sıxmağa bənzəyir. Ancaq Ten Haqa ünvanlası sualların da sayı çoxdu, xüsusən də oyunun idarə olunması baxımından. Niderlandlı məşqçi bu mənada türkiyəli həmkarı Okan Buruka açıq-aşkar uduzdu. Belə ki, Buruk MY-nin meydanda birmənalı şəkildə dominantlıq etdiyi zaman kəsiyində - 61-ci dəqiqədə iki dəyşikliyə əl atmaqla oyunun axarına müdaxilə etdi. Okan dağıdıcı Torreyranı meydandan almaqla mərkəzə daha yaradıcı Serjio Oliveyranı buraxdı, hücumun sağında isə daha sürətli Barış Alpər Yılmaz oynamağa başladı.
MY-nin müdafiəsinin solunda nominal dayaq yarımmüdafiəçisi Amrabat yer almışdı. Top komandasında olarkən mərakeşki mərkəzə meyillənirdi. Əslində bu məcburiyyətdən atılan addım idi – sol cinah müdafiəçiləri Şou ilə Malasia zədəlidi. “Qalatasaray” son 25 dəqiqədə Oliveyra, Yılmaz və İkardinin yardımı ilə məqsədyönlü şəkildə həmin zonanı “yarmağa” başladı. Məhz ordan iki qol gəldi, daha bir təhlükəli vəziyyət boşa verildi. Aydındı ki, Amrabat solda məcburiyyətdən oynayır. Ancaq Ten Haq niyə rəqibin bu gedişinə qarşı heç nə edə bilmədi? Baş məşqçi bu suala belə cavab verdi:
“Burda heç bir bəraət yoxdu. Ola bilsin, sol cinahda yaxşı balans tapa bilməmişdik. Bununla belə, istənilən halda bizim yol verdiyimiz səhvləri buraxmaq olmaz. Sadəcə, daha yaxşı oynamalıyıq”.
Niderlandlıya fərdi suallarla yanaşı, ümumi suallar da var. Məsələn, ötənilki obrazının kölgəsini xatırladan və baş məşqçinin son iki oyunda (Kristal Pelas, Qalatasaray) əvəzlədiyi Reşfordla bağlı nə baş verir? Ceydon Sanço ilə bağlı məlum qalmaqal (“Futbol+”in səhifələrində dəfələrlə bu haqda yazmışıq) nə vaxt və hansı şəkildə tənzimlənəcək? Onananın (50 milyon avroya alınan qapıçının!) müntəzəm səhvlərindən necə qurtulmaq mümkün olacaq? Sarı vərəqəsi ola-ola, mənasız və ümidsiz “sürüşmə” fəndinə əl atan, bununla da “qırmızı” alan və komandasının penalti ilə cəzalanmasına səbəbkar olan Kazemironun beynində hansı küləklər əsir (yeri gəlmişkən, braziliyalı MY-də keçirdiyi bir ildə artıq 3-cü dəfə qovuldu)? Nəhayət, “Yunayted” qapısı önündəki standart vəziyyətlər zamanı niyə bu qədər faciəvi təsir bağışlayır (bu mövsüm “Nottingem Forest”, “Arsenal” və “Kristal Pelas”dan belə qollar buraxıblar, üstəlik “Bavariya” ilə oyundakı penalti də var)?
Aydın məsələdi ki, yuxarıdakı suallardan bəziləri ritorik xarakter daşıyır, ancaq sonuncunun – standart vəziyyətlərlə bağlı olanın birbaşa Ten Haqa və onun məşqçi korpusuna dəxli var. Niderlandlı mütəxəssis oyundan sonra bir daha vahid komanda kimi qalmağın vacibliyindən danışdı: “Birlikdə çalışacaq, birlikdə döyüşəcək və bir-birimizi dəstəkləyəcəyik. Mən, direktorlar şurası, komanda – hamımız tam halındayıq, mübarizə aparmalıyıq. Daha yaxşı oynamalı olduğumuzu bilirik, birlikdə bu vəziyyətdən çıxış yolu tapmalıyıq”.
Əlbəttə, Ten Haq doğru sözlər deyir, xüsusən də özünün məsuliyyəti haqda. Ancaq bu sözlər onun gələcəyi ilə bağlı sualların və şübhələrin aradan qalxması anlamına gəlmir. MY-də belə nəticələr göstərən istənilən mütəxəssisin taleyi ilə bağlı narahat olması təbii haldı.
Digər tərəfdən, MY niderlandlını bu posta gətirənə qədər ciddi axtarış aparıb, onlarla mütəxəssisin namizədliyini nəzərdən keçirib. Lisandro Martines, Malasia, Kazemiro, Antoni, Maunt, Onana, Heylunn onun sisteminə və tələblərinə uyğun alınıb. “Transfermarkt” bildirir ki, “Yunayted” iki yay ərzində yeni futbolçuların transferinə 450 milyon avro xərcləyib.
Düzdü, məntiqilik və ardıcıllıq, rəhbərlikdə kimin olmasından asılı olmayaraq, son 10 ildə MY bosslarının əsas sifət cizgisi deyil. Lui van Qalı onun fəlsəfəsinə tam zidd olan Joze Mourinyo ilə əvəzləmək və ya hazır heyətin başına qəfil Ralf Ranqniki gətirmək (hansı ki bu heyət alman mütəxəssisin ideyaları ilə uzlaşmırdı) – biz bütün bunları yaxın keçmişdə görmüşük. Və Ten Haqın mümkün istefası da bu ruhda olacaq. Bir sözlə, Avropanın qalan nəhəngləri irəli getmək yönündə planlar cızarkən “Yunayted” yenə də öz oxu ətrafında fırlanacaq.
İngiltərə klubları 5-ci dəfə iki məğlubiyyətlə başlayıb
“Mançester Yunayted” Çempionlar Liqasının yeni mövsümünün ilk iki turunda “Bavariya” ilə “Qalatasaray”a uduzub. İngiltərə klubları 18-ci dəfə ilk iki oyunun heç birində qalib gələ bilməyib. 3-cü tura 0 xalla qədəm qoyan komandaların sayı isə 4-dü. Daha bir maraqlı nəticə: belə pis start götürənlərdən yalnız “Blekbern” 1995/96 mövsümündə qrupdan çıxa bilməyib, 2018/19 mövsümünün “Tottenhem”i isə arzuolunmaz startdan sonra finala qədər irəliləyib.
mövsüm klub məşqçi oyunlar top fərqi xal
1998/99 MY Aleks Ferqyuson Barselona (e) – 3:3, Bavariya (s) – 2:2 5–5 2
2001/02 Liverpul Jerar Ulye Boavişta (e) – 1:1, Borussiya D (s) – 0:0 1–1 2
2011/12 MY Aleks Ferqyuson Benfika (s) – 1:1, Bazel (e) – 3:3 4–4 2
2017/18 Liverpul Yürgen Klopp Sevilya (e) – 2:2, Spartak (s) – 1:1 3–3 2
1999/00 Çelsi Canluka Vialli Milan (e) – 0:0, Herta (s) – 1:2 1–2 1
2002/03 Liverpul Jerar Ulye Valensuya (s) – 0:2, Bazel (e) – 1:1 1–3 1
2003/04 Arsenal Arsen Venger İnter (e) – 0:3, Lokomotiv (s) – 0:0 0–3 1
2007/08 Liverpul Rafael Benites Portu (s) – 1:1, Marsel (e) – 0:1 1–2 1
2011/12 MS Roberto Mançini Napoli (e) – 1:1, Bavariya (s) – 0:2 1–3 1
2012/13 MS Roberto Mançini Real (s) – 2:3, Borussiya D (e) – 1:1 3–4 1
2014/15 MS Manuel Pelleqrini Bavariya (s) – 0:1, Roma (e) – 1:1 1–2 1
2019/20 Tottenhem Maurisio Poçettino Olimpiakos P (s) – 2:2, Bavariya (e) – 2:7 4–9 1
2022/23 Çelsi Tomas Tuxel, Qrem Potter Dinamo Z (s) – 0:1, Zaltsburq (e) – 1:1 1–2 1
1995/96 Blekbern Rey Harford Spartak (e) – 0:1, Rusenborq (s) – 1:2 1–3 0
2002/03 Nyukasl Bobbi Robson Dinamo K (s) – 0:2, Feyenoord (e) – 0:1 0–3 0
2015/16 Arsenal Arsen Venger Dinamo Z (s) – 1:2, Olimpiakos P (e) – 2:3 3–5 0
2018/19 Tottenhem Maurisio Poçettino İnter (s) – 1:2, Barselona (e) – 2:4 3–6 0
2023/24 MY Erik ten Haq Bavariya (s) – 3:4, Qalatasaray (e) – 2:3 5–7 0