“DÇ-dən dərhal sonra Bəhramova Bakının mərkəzində ev verdilər”

9.10.2023 20:30 250
Ölkə futbolu / DÇ 2026 / Manşet
SSRİ futbolunda iz buraxan hakimlərdən biri də Eduard Şklovskidi.

Oktyabrın 31-də 90 yaşını tamamlayacaq, SSRİ çempionatının müxtəlif dəstələrində, kubokda 286 oyunda (183-də baş hakim, 103-də laysman) iş başında olan rusiyalı “Sport-Ekspress”ə verdiyi geniş müsahibədə Azərbaycanla bağlı məqamlara da toxunub.

...Kirovabadda – Azərbaycanda oyun idarə edirəm. Meydan sahibləri uduzur. Hiss edirəm ki, nəsə “qaynayır”. Bəzi pıçıldaşmalar, çəp baxışlar. O dəqiqə bu mənanı tutdum: “Burdan getməyəcək”. Məni mehmanxanaya apardılar, ancaq hər şey ona doğru gedir ki, sabaha sağ çıxmayacam. Kiçik çantam var idi. Gecəyarısına qədər gözləyib, hiss etdirmədən mehmanxanadan çıxdım. Gürcüstana aparan yolla 7 km getdim. Ulduzlu səma, yolun kənarı, ot-alaq. Hansısa maşın məni 3 km aparandan sonra düşürdü ki, qalan yolu özün get. Hakimlərdən birinin evinə özümü çatdırdım. Deyəsən, Bakanidze idi. Ordan da uçdum.

...Moskva Olimpiadasının finalına Latışev Əzimzadəni təyin etdi.
Həmkarımız bu yerdə müdaxilə edərək Əzimzadənin Latışevin sevimlisi olduğunu, Azərbaycandan Nikolya Qavriloviçə həmişə hədiyyə apardığını bildirir, ancaq Şklovski bunu təkzib edir:

"Dediyiniz Tofiq Bəhramov idi. Yenidən məni mövzudan yayındırırsan? Tofiq Bəhramoviç haqda danışım? Eyni briqadanın tərkibində beynəlxalq oyuna yollanırıq. Moskvada toplaşırdıq. Bəhramova mən və gürcü Bakanidze yardım edəcəkdi. “Belqrad” mehmanxanasında görüşürük. Jora Bakanidze artıq iki gündü burdadı. Tofiq də hava limanından gəlməlidi. Restoranda oturmuşuq, adam azdı. Görürəm ki, Jora musiqiçilərə yaxınlaşdı, nəsə pıçıldadı, pul verdi. Tezliklə Bəhramov da göründü. O, ayağını kandardan içəri qoyan kimi orkest futbol marşını çalmağa başladı. Bəhramov təəccübdən qıpqırmızı olub".


- Dünya çempionatının finalındakı qərarı düz idi? Qol var idi?
- II Yelizaveta dedi ki, var idi! Kraliça dedisə, başqa sözə ehtiyac varmı? Ondan dərhal sonra Tofiqə Bakının mərkəzində ev verdilər. Düz elədilər. Hələ stadiona da adını verdilər. Bəhramov yaxşı hakim idi, buna söz ola bilməz.

ORXAN