“Bakılıların 2-ci qolundan sonra qeyri-adi səs-küydə diktorun səsini eşitməmişəm”

23.02.2023 12:57 901
Manşet
Erməni futbol araşdırmaçısı Aksel Vartanyan Rusiyanın “Sport-Ekspress” qəzetində SSRİ çempionatının tarixi ilə bağlı silsilə yazılarla çıxış edir.

Football-plus.az xəbər verir ki, onun 1983 mövsümünə həsr olunan yazısında “Spartak”ın Bakıdakı oyunu ilə bağlı maraqlı məqamlar yer alıb.

Sən demə, Moskva klubunun qapıçısı Rinat Dasayev məğlubiyyətdən necə qəzəblənibsə, oyunun ən yaxşısı üçün mükafatı almaqdan imtina edib. Vartanyanın yazısındakı cəlbedici məqamın tərcüməsinə keçməmiş onu da xatırladaq ki, daim çempionluq uğrunda mübarizə aparan “Spartak” həmin illərdə ardıcıl dörd mövsüm (1980 – 0:0, 1981 – 1:1, 1982 – 4:3, 1983 – 2:1) Bakıda qələbəyə həsrət qalıb. İndi isə Vardanyanın “Su fincanında fırtına” adını verdiyi yarımsərlövhə ilə tanış olaq: “Spartak” Bakıda sillə aldı - 1:2. Bu matçla bağlı daha ətraflı danışaq. Biz ölkənin futbol həyatını futbol meydançasının sərhədləri ilə məhdudlaşdırmadıq. Və bu gün sizə meydandan kənardakı bəzi məqamları göstərəcəm, səhnə arxasına boylanacağıq. Bəs Bakıda nə oldu, hansısa qeyri-adi hadisə baş verdi? Heç də yox.

“Sovetski Sport”un Azərbaycan müxbiri Yuri Daşevskidən siqnal daxil olub. Ənənəyə uyğun olaraq, çempionatın oyunlarından sonra hər iki komandanın ən yaxşı oyunçusuna respublika komsomolunun Mərkəzi Komitəsinin mükafatları təqdim olunurdu. Qonaqlardan qapıçı Dasayev, meydan sahiblərindən Cavadov seçilmişdi. 1982-ci ilin payızında öz istəyinə zidd olaraq Moskva "Dinamo"suna keçirilən həmin oyunçu. Guya Daxili Qoşunlarda xidmət keçməyə çağrılmışdı. Yeni mövsümdə “Dinamo”nun heyətində 4 oyun keçirdi və “Neftçi”yə qayıtmaqda israr etdi. Onu buraxdılar, hərçənd nəzərdə tutulan iki il əvəzinə yarım il xidmət etdi. Ancaq söhbət ondan yox, “Spartak”ın qapıçısı Dasayevdən gedir. Rinat mükafatı almaqdan imtina etdi. Qəzəblənmiş müxbir mərkəzi qəzetdə qapıçını “döyəclədi”: “Təkcə “Spartak”ın oyunçusunun davranışı yox, onu intizama dəvət etməyən komanda rəhbərliyinin mövqeyi də təəccüb doğurur” (“Sovetski sport”, 15 may). Bir halda ki yumurtaya dəyməyən tarixçə üzə çıxmışdı, ona reaksiya vermək lazım idi. Fincanda fırtına qopdu. Komandanın komsomol iclası çağırıldı və komsomol təşkilatının katibi ...Dasayevin davranışı müzakirə olundu. Qapıçı mükafatlandırma mərasiminə çıxmamasının səbəbini belə izah etdi:

“Sona 10 dəqiqə qalmış stadionun radiosunda élan olundu ki, münsiflər heyəti “Spartak”dan ən yaxşı futbolçu kimi Rodionovu tanıyır (hesabı 18-ci dəqiqədə Şıxlarov açıb, 32-ci dəqiqədə Qavrilov bərabərlik qolunu vurub, sona 10 dəqiqə qalmış isə Ponomaryov penaltini dəqiq yerinə yetirib – “F+”), bakılıların 2-ci qolundan sonra dəyişiklik edilib, qeyri-adi səs-küydə diktorun səsini eşitməmişəm”. Komanda yoldaşları komsomolun rəhbərini danladılar, “ay-ay-ay, bir daha belə eləmə” dedilər. Qapıçı tövbə etdi və söz verdi. Ancaq islas keçirilibsə, cəzalandırmaq da lazım idi. Komandanın aparıcı oyunçularından Oleq Romantsevin protokola düşən təklifini yekdilliklə dəstəklədilər: “Spartak”da və yığmada qüsursuz davranışını, həmçinin günahını dərk etdiyini nəzərə alaraq, Rinat Dasayevə 3 oyunluq şərti cəza verilsin”.


SSRİ Futbol Federasiysının İdman-Texniki Komissiyası komandanın qərarını təsdiqlədi. “Spartak” kollektivinin iclasından, oyunçuların və məşqçilərin çıxışlarının məzmunundan SSRİ Futbol Federasiyasının Rəyasət Heyətinin bu məsələnin müzakirə olunduğu iclasının stenoqramını oxumaqla xəbər tutdum”.

ORXAN